Yeni Azərbaycan Partiyası (YAP) Şirvan şəhər təşkilatının və ƏƏSMN yanında Şirvan Reabilitasiya Mərkəzi ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə çıxış edən Şirvan Reabilitasiya Mərkəzinin direktoru Mehriban Siracova, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, ərazi partiya təşkilatının sədri Rəna Fərzəliyeva və həkim fizioterapevt Günay Əhmədova akademik Zərifə Əliyevanın mənalı ömür yolundan, tibb elminin, xüsusilə də onun az inkişaf etmiş oftalmologiya sahəsinin inkişafındakı xidmətlərindən danışıblar. Bildirilib ki, Zərifə Əliyeva yorulmaz fəaliyyəti ilə insanlara daim nur bəxş edib, gözlərə işıq verib.
Çıxışlarda Zərifə xanım Əliyevanın mənəvi keyfiyyətlərinin və fədakarlığının gələcək nəsillər üçün əbədi bir nümunə olduğu qeyd edilib.Sonda görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın həyatından bəhs edən videoçarx nümayiş olunub.