“İran İslam Respublikasının prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri iki qonşu ölkə arasında münasibətlərin inkişafında tarixi əhəmiyyət kəsb edir. Bu səfər Bakı-Tehran əlaqələrinin yeni mərhələyə yüksəlməsində olduqca təsirli rola malikdir. Azərbaycan Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında keçirilən yüksək səviyyəli görüşlər, aparılan müzakirələr, imzalanan sənədlər də bunu təsdiq edir.” Bu sözləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, İran Prezidentinin ölkəmizə səfərinin əhəmiyyəti Bakı-Tehran münasibətlərində yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir: “İran Prezidentinin səfəri Azərbaycanla münasibətlərlə, paralel regional əməkdaşlıq üçün mühüm imkanlar açmış olur. Azərbaycan Prezidenti İlham Əliyev və İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian da mətbuata vermiş olduğu birgə bəyanatlarda olduqca vacib məqamlara toxunub, mühüm mesajlar səsləndiriblər. Prezident İlham Əliyevin də vurğuladığı kimi İran Prezidentinin ölkəmizə səfəri Azərbaycan-İran dostluq, qardaşlıq münasibətlərinin inkişafına öz dəyərli töhfəsini verəcək. Xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıb. Bu gün dövlətlərarası münasibətlər də məhz bu möhkəm təməl üzərində inkişaf edir”.
Təftiş Komissiyasının sədri hesab edir ki, İran Prezidentinin Azərbaycana rəsmi səfəri iki ölkə arasında əlaqələrin xarakterinin təzahürüdür: “Bu mənada Azərbaycan-İran strateji münasibətlərinin əhəmiyyəti olduqca böyükdür. Dövlətimizin başçısının da vurğuladığı kimi hər iki tərəf Azərbaycan-İran əlaqələrinin inkişafına çalışmalıdır. Sözsüz ki, İran Prezidentinin ölkəmizə böyük heyətlə gəlməsi və bir çox önəmli sənədlərin imzalanması rəsmi Tehranın Bakı ilə əlaqələri daha da inkişaf etdirmək niyyətini nümayişi idi. Eyni zamanda prezidentlər səviyyəsində imzalanmış sənəd bir daha münasibətlərin perspektivini göstərir. Bu bir reallıqdır ki, Azərbaycan və İran beynəlxalq təşkilatlar çərçivəsində hər zaman bir-birini ənənəvi olaraq dəstək verir. BMT, İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində Azərbaycan və İran bir-birinin yanındadır”.
Sevinc Hüseynova Azərbaycan-İran əlaqələrində regional təhlükəsizlik məsələlərinin önəmli roluna diqqət çəkib: “Həmçinin çoxtərəfli əməkdaşlıq üçün də ölkələr arasında yaxşı şərait var. Təbii olaraq ticarət əlaqələrinin inkişafı ilə bağlı ölkə başçıları tərəfindən konkret göstərişlər verilib. Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüş də çox məhsuldar olub. Bütün bunlarda məqsəd Azərbaycan-İran dövlətlərarası əlaqələrini yüksək səviyyəyə qaldırmaqdır. Eyni zamanda əməkdaşlıq layihələri də genişlənməkdədir. Onların arasında təbii olaraq Şimal-Cənub nəqliyyat dəhlizi xüsusi yer tutur. Bu layihədə yer alan bütün ölkələr çox böyük səmərə əldə edəcəkdir. Məhz bu kontekstdə Azərbaycan da öz növbəsində ərazisində bu nəqliyyat dəhlizinin fəaliyyəti üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirib. Həmçinin Azərbaycanla İran arasında humanitar, mədəniyyət sahəsində ənənəvi dostluq əlaqələrinin davam etdirilməsi üçün qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi münasibətlərin inkişafına öz töhfəsini verəcək”.