PDF Oxu

Siyasət

  • 1 084

İran-Azərbaycan münasibətlərində yeni səhifə - ŞƏRH

image

Azərbaycan hüquqi dövlət olaraq müstəqillik əldə etdikdən sonra ilk növbədə qonşuları ilə münasibətdə mehriban qonşuluq, qarşılıqlı anlaşma və dostluq mühitində yaşamaq prinsiplərini elan etdi. Bu prinsiplərə söykənərək Azərbaycan dövləti bütün qonşuları ilə sülh və dostluq şəraitində yaşamaq yolunu tutub. Azərbaycanın qonşu dövlətlərlə ikitərəfli əlaqələrin və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verməsi, müasir tələblərə uyğun yeni istiqamətlərin təşviq edilməsi bugünkü reallıqlarda özünü aydın şəkildə göstərir.

İran prezidentinin Azərbaycana səfəri bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. Bu səfər iki ölkə arasında münasibətlərin daha yüksək səviyyəyə, strateji tərəfdaşlıq müstəvisinə keçməsi üçün tarixi fürsət kimi dəyərləndirilə bilər.

İran-Azərbaycan münasibətlərinin təməlinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulması və Prezident İlham Əliyev tərəfindən yeni geosiyasi və iqtisadi reallıqlar nəzərə alınaraq uğurla davam etdirilməsi bu gün yaranan yaxın əməkdaşlıq şəraitinin əsaslarını təşkiledir. Qonşuluq, ortaq tarix və mədəniyyət, dəyərlər, hətta qohumluq və qardaşlıq amili bu münasibətləri daha da dərinləşdirir.

Aprelin 28-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana ilk rəsmi səfəri ölkəmizin regionda etibarlı tərəfdaş və liderlik prinsiplərini bir daha sərgiləmiş oldu. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian iləməhdud tərkibdə görüşü olub. Görüşdə hökumətlərarası komissiyanın fəaliyyətinə toxunulub, energetika, xüsusilə elektrik enerjisi sahəsində əməkdaşlıq müzakirə olunub. Araz çayı üzərində su elektrik stansiyalarının tikintisi və Ağbənd-Kəlalə avtomobil körpüsü layihəsinin yekunlaşdırılmasının önəmi qeyd edilib. Söhbət zamanı ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparılıb. Bir daha diqqətə çatdırılıb ki, Azərbaycan və İran regional məsələlərin bölgə ölkələrinin özləri tərəfindən həll edilməsinin tərəfdarıdır. Bu xüsusda 3+3 regional əməkdaşlıq formatının əhəmiyyəti vurğulanıb.

Görüş zamanı Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında imzalanmış sənədlər əməkdaşlığın inkişafında yeni prespektivlər vəd edir. Ölkə başçısı cənab İlham Əliyev qeyd edib: "Bu gün apardığımız danışıqlar və fikir mübadiləsi əsnasında bir çox önəmli məsələlər haqqında söhbət etdik, fikirlərimizi bildirdik, Azərbaycan-İran strateji münasibətlərini bir daha təsdiqlədik. Biz bütün məsələlərə səmimi şərait əsnasında öz fikirlərimizi bildirmişik. Əsas məsələ ondan ibarətdir ki, hər iki tərəf Azərbaycan-İran əlaqələrinin inkişafına çalışmalıdır və çalışır. Hörmətli Prezidentin böyük heyətlə Azərbaycana gəlməsi və bu gün bir çox önəmli sənədlərin imzalanması, o cümlədən prezidentlər səviyyəsində imzalanmış sənəd bir daha bizim xoş niyyətimizi göstərir, onu göstərir ki, biz bütün istiqamətlər üzrə bir-birimizə daha yaxın olmağa çalışırıq."

İmzalanmış sənədlərin mübadiləsi mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian prezidentlərin Birgə Bəyanatını imzalayıblar. “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İran İslam Respublikasının Xarici İşlər Nazirliyi arasında 2025-2027-ci illər üçün Siyasi Məsləhətləşmələr Proqramı”, “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə İran İslam Respublikasının Yol və Şəhərsalma Nazirliyi arasında 2025-2026-cı illər üçün nəqliyyat sahəsində hərtərəfli əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiya”nın (əlavələrlə) I/10-cu qaydasına əsasən sertifikatların qarşılıqlı tanınmasına dair Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi arasında 2025-2028-ci illər üzrə Mədəni Mübadilə Proqramı” kimi mühüm sənədlər mübadilə edilib.

Bütün bunların fonunda deyə bilərik ki, İran prezidentinin Azərbaycana səfəri təkcə diplomatik hadisə deyil, iki ölkənin strateji maraqlarını uyğunlaşdıran, qarşılıqlı etimadı gücləndirən, bölgədə sülh, inkişaf və əməkdaşlığa xidmət edən əhəmiyyətli mərhələdir. Bu səfər İran-Azərbaycan münasibətlərində yeni bir səhifənin açıldığını nümayiş etdirir.

Gündüz Bayramov

YAP Samux rayon təşkilatının sədri

Digər xəbərlər