Ağcabədidə YAP Ağcabədi rayon təşkilatı, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Ağcabədi rayonu üzrə gənclər və idman sektorunun, Azərbaycan Respublikası Təhsil işçiləri Azad Həmkarlar ittifaqının Ağcabədi rayon komitəsinin, Ağcabədi rayon Uşaq – Gənclər İdman Şahmat məktəbinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə 6-16 yaşlı oğlan və qızlar arasında şahmat turnirinə start verilib.
Ağcabədi uşaq şahmat məktəbində keçirilən turnirin açılışında Azərbaycanın Dövlət Himni səsləndirilib.
Yeni Azərbaycan Partiyasının banisi, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində Ağcabədi Uşaq – Gənclər İdman Şahmat məktəbinin direktoru Rauf Musayev, YAP Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyatov, Qarabağ Regional Cənclər və İdman İdarəsinin Ağcabədi rayonu üzrə gənclər və idman sektorunun aparıcı məsləhətçisi Cavid Bünyadov, Azərbaycan Respublikası Azad Təhsil işçiləri Həmkarlar İttifaqının Ağcabədi rayon komitəsinin sədri Arzu Niftalıyeva çıxış edərək, turnirin Azərbaycan xalqının böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçirildiyini qeyd etmiş, yarış istirakçilarına uğurlar arzulamış, turnirin keçirilmə qaydaları haqqında məlumat vermişlər.
8 gün davam edəcək turnirin qaliblərinin mükafatlandırılması yarış başa catandan sonra həyata keçiriləcək.