PDF Oxu

Siyasət

  • 346

Azərbaycan-İran münasibətləri yeni mərhələdə - ŞƏRH

image

Azərbaycanın xarici siyasətində qonşu dövlətlərlə münasibətlər prioritet istiqamətlərdən biridir. Bu günlərdə İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri bir daha bu məqamlara işıq saldı. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında səfəri belə dəyərləndirdi: “Cənab Prezident, Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Əminəm ki, Sizin səfəriniz Azərbaycan-İran dostluq, qardaşlıq münasibətlərinin inkişafına öz dəyərli töhfəsini verəcək. Xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıb. Bu gün dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində inkişaf edir. İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür”.

Azərbaycan-İran münasibətlərinin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu siyasət Prezident İlham Əliyev tərəfindən yeni reallıqlar fonunda uğurla davam etdirilir. Cənab İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, hörmətli Prezidentin böyük heyətlə Azərbaycana gəlməsi və bir çox önəmli sənədlərin imzalanması, o cümlədən prezidentlər səviyyəsində imzalanmış sənəd bir daha bizim xoş niyyətimizi göstərir. Biz beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi ənənəvi olaraq dəstəkləyirik. İstər BMT, istər İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində daim bizim nümayəndələrimiz bir-birinin yanındadır. Biz bu gün geniş gündəlik əsasında fəaliyyət göstəririk. Burada həm regional təhlükəsizlik məsələləri önəmli rol oynayır, eyni zamanda, çoxtərəfli əməkdaşlıq üçün gözəl şərait var. Təbii olaraq bizim ticarət əlaqələrimizin inkişafı ilə bağlı konkret göstərişlər verildi. Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüş də çox məhsuldar olmuşdur. Yəni, məramımız, məqsədimiz birdir - Azərbaycan-İran dövlətlərarası əlaqələrini yüksək səviyyəyə qaldırmaqdır.

Azərbaycanın tranzit imkanları və regional layihələrdəki rolu da İranla əməkdaşlığın inkişafında əhəmiyyətlidir. Şimal-Cənub nəqliyyat dəhlizi bu baxımdan strateji əhəmiyyət daşıyır. Bu layihə iştirakçı olan bütün ölkələrə çox böyük səmərə gətirəcək, böyük fayda verəcək. Ölkə Prezidenti İlham Əliyev qeyd etdi ki, Azərbaycan öz ərazisində bu nəqliyyat dəhlizinin fəaliyyəti üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirib. Hazırda artacaq yükləri nəzərə alaraq öz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk. İstər dəniz limanı olsun, dəmir yolu olsun, avtomobil nəqliyyatı olsun - bütün bu istiqamətlər üzrə gözlənilən böyük yük həcmlərini qəbul etmək və ötürmək üçün biz böyük sərmayə qoyuluşu layihələrinə başlamışıq.

Energetika sahəsində də əməkdaşlıq genişlənir. Azərbaycanın enerji potensialı və bərpaolunan enerji imkanlarının artması İrana və digər qonşu ölkələrə enerji ixracını aktuallaşdırıb.

Azərbaycan-İran münasibətləri artıq yeni mərhələyə qədəm qoyur. Tarixi, mədəni və dini bağlarla bir-birinə bağlı olan bu iki qonşu ölkə qarşılıqlı hörmət, mehriban qonşuluq və dinc yanaşı yaşamaq prinsipləri əsasında əməkdaşlığını daha da dərinləşdirilməsinə səy göstərirlər. İran Prezidenti vurğuladı ki, bütün sahələrdə əməkdaşlıq edə bilərik. Elə bir bölgə yarada, ölkələr arasında elə bir əlaqə qura bilərik ki, Avropa ölkələri arasında olan əlaqələrdən daha üstün olsun. Bunun üçün yolları birləşdirək, maliyyə, ticarət əlaqələrimizi düzəldək, Şimal-Cənub, Şərq-Qərb dəhlizlərini yaradaq. Bütün bunları qarşılıqlı dəstək sayəsində həyata keçirək. İş adamlarımız birgə istehsal proseslərini həyata keçirsinlər, birgə sərmayələr yatırsınlar, işlər qursunlar. Biz istehsal, elm, mədəniyyət, iqtisadiyyat, siyasət sahələrində birgə hərəkət etməli, digərlərinə bunları pozmağa imkan verməməliyik. Onlar aramızda ixtilaf yaratmaq istəsələr, buna yol verməyəcəyik. Bizim aramızda bizi birləşdirən çoxlu ortaq amillər, hətta ailə, qohumluq əlaqələrimiz var. Bu, elə bir məsələdir ki, heç kəs bunları poza bilməz.

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri

Digər xəbərlər