PDF Oxu

Siyasət

  • 1 090

ATƏT PA-nın İpək Yolu Qrupu Budva Bəyannaməsini qəbul etdi

image

Budva, Monteneqro – 5-7 may 2025

Xəbər verdiyimiz kimi, 5 may 2025-ci il tarixində Monteneqronun Budva şəhərində ATƏT Parlament Assambleyasının (ATƏT PA) İpək Yolu Qrupu və Monteneqro Parlamenti tərəfindən birgə təşkil olunan 5-ci Beynəlxalq Konfrans işə başlayıb. SİA xəbər verir ki, “Qitələr Arasında Körpü Qurmaq: Davamlı Turizm, Təmiz Enerji və Ekoloji Tarazlıqla Dayanıqlı Gələcək” mövzusunda keçirilən konfransda Monteneqro Parlamentinin Prezidenti Andrija Mandić, Məkan Planlaşdırılması, Urbanizasiya və Dövlət Əmlakı naziri Slaven Radunović, Turizm naziri Simonida Kordić, Dənizçilik naziri Filip Radulović, ATƏT PA-nın Baş katibi Roberto Montella, ATƏT-in İqtisadi və Ətraf Mühit Fəaliyyətləri üzrə Koordinatoru Bakıt Jusupov, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının Baş katibi Asəf Hacıyev, Avropa İttifaqının Enerji Birliyi Katibliyinin Avropa Yaşıl Razılaşması Bölməsinin rəhbəri Adam Sveç, Aralıq dənizi Parlament Assambleyasının Qadın Parlament Forumunun vitse-prezidenti Müşərrəf Pərvin Tuba Durgut, ATƏT PA-nın üzvləri, beynəlxalq təşkilatların və özəl sektorun nümayəndələri iştirak ediblər.Açılış mərasimində çıxış edən Monteneqro Parlamentinin Prezidenti Andrija Mandić İpək Yolu Qrupunun fəaliyyətini yüksək qiymətləndirərək bu platformanın qədim İpək Yolu ənənələrini yaşatmaqla qitələrarası əməkdaşlığı gücləndirdiyini və ölkəsinin bu əhəmiyyətli tədbirə ev sahibliyi etməsindən məmnun olduğunu bildirib.ATƏT PA-nın İqtisadi Məsələlər, Elm, Texnologiya və Ətraf Mühit üzrə Ümumi Komitəsinin və İpək Yolu Qrupunun sədri Azay Quliyev çıxışında bildirib ki, 2017-ci ildə təsis olunan Qrup bu gün 27 ölkəni özündə birləşdirir və Assambleyanın ən dinamik və əhatəli platformalarından birinə çevrilib. O, Qrupun “Şərq və Qərb, ənənə və yenilik, tarix və gələcək arasında körpü” rolunu ön plana çəkib.ATƏT PA-nın vitse-prezidentləri Kriakos Haciyani və Pere Pons, Baş katib Roberto Montella, ATƏT-in Koordinatoru Bakıt Jusupov, QDİƏT PA-nın Baş katibi Asəf Hacıyev və digər çıxış edənlər İpək Yolu Qrupunun və Budvada keçirilən konfransın ATƏT regionu üçün əhəmiyyətini vurğulayıb, bu təşəbbüslərin çağdaş problemlərin həllinə ciddi töhfə verdiyini qeyd ediblər.Mayın 5-də “Dayanıqlı Turizm: İnkişaf və Ekologiya Arasında Tarazlıq”, “Təmiz Enerji Dəhlizləri: Davamlı Gələcəyin Enerji Mənbəyi” və “İpək Yolu Regionunda Əlaqəlilik: Çağırışlar və İmkanlar” mövzusunda Panel müzakirələr keçirilib.
Günün sonunda ATƏT PA-nın İpək Yolu Qrupu tərəfindən Budva Bəyannaməsi qəbul edilib. Bəyannamədə dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət prinsipi təsdiqlənib.
ATƏT PA-nın İpək Yolu Qrupu tərəfindən COP29-un Sədrliyini həyata keçirən Azərbaycanın təşəbbüsü ilə qlobal iqlim gündəliyinə daxil edilən dayanıqlı turizm, təmiz enerji dəhlizləri və ekoloji zonalar arasında əlaqənin gücləndirilməsi təşəbbüslərinə dəstək ifadə olunub.Bəyannamədə bərabərlik, həmrəylik və qarşılıqlı hörmət ruhunda qarşılıqlı anlayışın möhkəmləndirilməsi, ortaq maraqlar və praktik əməkdaşlığın inkişafı məqsədilə parlament diplomatiyasına sadiqlik vurğulanır. Eyni zamanda, iqlim dəyişiklikləri, iqtisadi qeyri-sabitlik və geosiyasi gərginliklərin doğurduğu çağırışlar fonunda parlamentlərin koordinasiyalı və prinsipial reaksiyasının vacibliyi qeyd olunub.
Bəyannamə, həmçinin İpək Yolu regionunun qitələrarası körpü rolunu vurğulayaraq, bu baxışın parlament dialoqu və ümumi iqtisadi inkişaf məqsədlərinə uyğun layihələrlə dəstəklənməsinin vacibliyini qeyd edir. İştirakçılar ATƏT PA-nın İpək Yolu Qrupunun inklüziv və gələcəyə yönəlmiş müzakirə platforması kimi rolunun gücləndirilməsinə sadiqliyini bir daha ifadə ediblər.
6 may tarixində konfrans çərçivəsində Biznes və Süni İntellekt Forumu keçiriləcək, ardınca isə nümayəndələrin iştirakı ilə “Hər Ölkəyə Bir Ağac Əkək” adlı ekoloji layihə çərçivəsində ağacəkmə aksiyası baş tutacaq. Aksiya zamanı Azərbaycanın və digər üzv ölkələrin adına ağac əkiləcək.
7 may tarixində isə konfrans iştirakçıları Monteneqronun turizm potensialı ilə yaxından tanış olacaqlar.

Digər xəbərlər