Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Vyetnamın Ho Şi MİN şəhərində "20-ci BMT Vesak Günü" münasibətilə keçirilən tədbirin açılış mərasimində iştirak edib.
SİA xəbər verir ki, tədbirdə Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşin videomüraciəti təqdim olunub.Dövlət Komitəsinin sədri dinin ictimai həyatdakı və beynəlxalq münasibətlərdəki rolunun düzgün müəyyənləşdirilməsi, dinin siyasi məqsədlər üçün istifadəsinin qarşısının alınması və sivilizasiyalararası əməkdaşlığın gücləndirilməsinin vacibliyi barədə danışıb.O bildirib ki, müasir dünyada mürəkkəb sosial və siyasi proseslər baş verir:"Etnik və dini zəmində qarşıdurmalar, irqçilik, dini radikalizm və ksenofobiya kimi hallar artmaqdadır. Belə təhlükələrə qarşı dinlərin sülh və həmrəylik çağırışları, sivilizasiyalararası dialoqa xidmət edən təşəbbüslər mühüm əhəmiyyət daşıyır".Azərbaycanın multikulturlizm modelinə diqqət çəkən Ramin Məmmədov ölkəmizin dini müxtəliflik və qarşılıqlı hörmət əsasında formalaşan unikal yanaşma nümayiş etdirdiyini deyib.Sədr qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda tolerantlıq və multikulturalizm dini sahədə dövlət siyasətinin prioritetləri kimi qəbul edilir:"Tarix boyu vicdan azadlığını uca tutan Azərbaycan xalqı müxtəlif dini inanclara sahib insanlarla birgəyaşayış ənənələrini zənginləşdirərək, bütün dünyaya nümunə ola biləcək tolerantlıq modeli yaradıb. Müasir dövrdə bu modelin beynəlxalq miqyasda təşviqi Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib".R.Məmmədov vurğulayıb ki, Bakıda keçirilən ənənəvi Dünya Mədəniyyətlərarası Dialoq Forumu, Beynəlxalq Humanitar Forum və Dünya Dini Liderlərinin Zirvə Toplantısı kimi nüfuzlu tədbirlər mədəniyyətlərarası münasibətlərin inkişafında mühüm rol oynayır.Komitə sədri Azərbaycanın qlobal sülh, insan hüquqları və davamlı inkişaf sahəsində beynəlxalq səylərə sadiq tərəfdaş olduğunu vurğulayıb.