PDF Oxu

Siyasət

  • 367

Heydər Əliyev və müasir Azərbaycan gəncliyi FOTOLAR

image

06 may 2025-ci il tarixdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayon Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı ilə Masallı Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının qurucusu və memarı Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illiyi münasibəti ilə “Biz Heydər Əliyev irsini öyrənirik” məktəbinin “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda növbəti seminarı keçirilmişdir.

Ulu öndər Heydər Əliyevin və Şəhidlərin əziz xatirələri 1 dəqiqəlik sükutla yad edildikdən sonra Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək ölkəmizin siyasi və ictimai həyatında, dövlət quruculuğunda misilsiz xidmətləri olan dahi Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qaldığını və bundan sonra da qalacağını vurğulayıb. “Ümummilli lider Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Ulu Öndərimizin bu sahədə həyata keçirdiyi siyasət gənc nəslin mənəvi-əxlaqi tərbiyyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına və zəngin elmi potensialın yaradılmasına xidmət edib. Heç də təsadüfü deyildir ki, Heydər Əliyev hər zaman gənclərə qayğı ilə yanaşıb, onların problemlərini həll etməyə çalışıb”.

Seyfəddin Əliyev gənc nəslin düzgün formalaşmasının ölkə siyasətində önəmli yer tutduğunu qeyd edərək, bildirmişdir ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncliyi bütün sahələrdə özlərini doğruldurlar. “Xüsusilə qeyd etmək lazımdır ki, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğalçı erməni təxribatının qarşısının alınması zamanı 2020-ci ilin 27 sentyabrından başlayan 44 günlük Vətən müharibəsində Azərbaycan gəncliyinin göstərdiyi əfsanəvi qəhrəmanlıqlar nəticəsində Müzəffər Ordumuz düşmən üzərində şanlı Zəfərə imza ataraq ölkəmizin ərazi bütövlüyünü bərpa etmişdir.

Lənkəran-Astara Regional Gənclər və İdman idarəsinin Masallı rayon Gənclər və İdman Sektorunun müdiri Sabiq Cahangirov məruzə ilə çıxış edərək bildirdi ki, Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli-mənəvi dəyərlər əsasında, eləcə də müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda gənc nəslin yetişdirilməsindən ibarət olub. Ümummilli lider Heydər Əliyev həmişə gənclərimizə böyük ümidlər bəsləyir və dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Dövlətin gənclər siyasəti bu gün Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən yeni inkişaf mərhələsinə qaldırılıb. Gənclərin hərtərəfli inkişafı, mükəmməl təhsil alması müxtəlif sahələr üzrə potensiallarının aşkar edilməsi, bacarıqlarının stimullaşdırılması üçün münbit şərait yaradılıb.

Seminarda Elçin Ağayev, Humay Əliyeva və başqaları çıxış edərək Azərbaycanda gənclər hərəkatının tarixindən, müxtəlif tarixi mərhələlərdə gənclərin rolundan, ölkəmizdə gənclərin sağlam inkişafını təmin edən dövlət siyasətindən danışmışlar. Çıxışlarda müstəqil Azərbaycan dövlətinin yaradılmasında, müstəqilliyimizin qorunmasında, iqtisadiyyatın inkişafında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun gücləndirilməsində, Azərbaycan gənclərinin hərtərəfli inkişafına nail olmaq məqsədilə həyata keçirilmiş islahatlarda Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərini xüsusilə vurğulayıblar.

Digər xəbərlər