Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə partiya veteranları ilə gənclərin görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev, partiya veteranları Elduiza Əhmədova, Əlimərdan Əliyev, Fəxrəddin Caniyev bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin genişmiqyaslı fəaliyyəti dövlətçilik məktəbidir. Qeyd olunub ki, gənclər siyasətinin başlıca məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etməkdir. Millətinin və dövlətinin ali mənafeyini öz fəaliyyətində daim təməl prinsip kimi qəbul edən Ümummilli Lider bugünkü müstəqil Azərbaycanın banisidir. Ulu Öndərin həyatı daim mübarizələrdə keçib və o, hər zaman qalib gəlib. Ona görə də Ulu Öndərimizin həyat və fəaliyyəti gənclərimiz üçün nümunədir.
Tədbirin sonunda bir qrup gəncə fəxri fərman, partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri, partiya veteranlarına hədiyyə, şəhid ailələrinə xatirə hədiyyələri təqdim edilib .