“Azərbaycan-Rusiya arasında dərin köklərə malik ikitərəfli diplomatik əlaqələr mövcuddur. Amma buna baxmayaraq müxtəlif dövrlərdə müxtəlif irili-xırdalı krizislər də az olmayıb. Buna onlarla misal göstərmək olar. Bunlar arasında ən yadda qalanı isə son aylar baş verən təyyarə krizi, “Rus Evi”-nin qeyri-dost rəfdarı və bəzi Rusiya siyasətçilərinin diplomatiyadan uzaq, ikili münasibətlərə zərər gətirən boğazdan yuxarı müəyyən fikirlərini söyləmək olar”. Bu sözləri SİA-ya açıqlamasında Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu deyib.
Ağasif Şakiroğlu sözlərinə belə davam edib: “Əminliklə qeyd etmək istərdim ki, Azərbaycana qarşı Rusiya siyasi elitasında ayrı-ayrı şəxslərin düşmən mövqeyi tam açıq və çılpaqlığı ilə görünməkdədir. Amma onunda altını xüsusi olaraq cızmaq lazımdır ki, bu Rusiyanın dövlət mövqeyi deyildir. Çünki Azərbaycan və Rusiya siyasi rəhbərləri, prezidentləri arasında olduqca səmimi və dost münasibət mövcuddur.Konkret olaraq hörmətli millət vəkilimizin, lap dəqiq söyləsək Azər Badamovun üzləşdiyi hal isə əlbətdə heç də xoş olmayan bir mənzərədir. Hər halda Azərbaycan millət vəkilinə qarşı atılan bu addımı Rusiya diplomatiyasının böyük yalnışlığı və qeyri-dost addım kimi dəyərləndirmək mütləqdir. Hesab edirəm ki, Rusiya xarici siyasət idarəsi və ya Rusiya Xarici İşlər Nazirliyi məsələyə aydınlıq gətirməlidir. Bu tip hallar yol verilməzdir və iki dost dövlət münasibətlərinə Rusiya tərəfindən yaraşmayan qaba bir üslubdur”.
Ayşən Vəli