Yeni Azərbaycan Partiyası (YAP) Şuşa rayon təşkilatı tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Şuşa şəhər 1 saylı tam orta məktəbdə 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev yolu müasir Azərbaycan tarixinin uğur salnaməsidir” mövzusunda konfrans keçirilib.Əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olunub.Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Konfransda Şuşa rayonunda Azərbaycan Respublikasının xüsusi nümayəndəsi Aydın Kərimov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mübariz Qurbanlı, YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin deputatı Elman Məmmədov, YAP Mərkəzi Aparatının məsul əməkdaşı, Qarabağ və Şərqi Zəngəzur İqtisadi zonalarının kuratoru Elmar Məmmədov, Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Şuşa rayon prokuroru Nəriman Əsədov, Şuşa Rayon Polis şöbəsinin rəisi, polis polkovniki Səməd Məhərrəmov, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, Qarabağ Regional Mədəniyyət İdarəsinin müdiri Aydın Bəşirov, şəhidlərin valideynləri, Birinci və İkinci Qarabağ müharibəsi iştirakçıları, Xankəndi şəhər 4, Laçın şəhər 2 nömrəli, Laçın rayon Zabux və Sus kənd tam orta ümumtəhsil məktəblərinin pedaqoji kollektivləri, idarə-müəssisə rəhbərləri, siyasi həmfikirlər və Şuşa şəhərinə əbədi qayıtmış şuşalılar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev Ümummilli Lider Heydər Əliyevin öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət olduğunu deyib. Onun sözlərinə görə, Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi illər ərzində ölkəmiz dahi şəxsiyyətin fədakar əməyi, böyük zəhməti sayəsində tərəqqiyə doğru inamla addımlayıb: “Ulu Öndər Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı ordumuzun gücü, qüdrəti ilə torpaqlarımızın işğaldan azad olunması nəticəsində şuşalıların doğma yurd həsrətinə son qoyub. Şuşalılar gələcəyə böyük inamla və ümidlərlə baxırlar”.
Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov çıxış edərək müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin böyük, mənalı və şərəfli həyat yolu, zəngin və çoxşaxəli irsi haqda danışıb. O bildirib ki, bütün həyatını xalqının xoşbəxt gələcəyinə həsr etmiş Ulu Öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir: “Azərbaycan xalqı yeni əsrə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir”.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mübariz Qurbanlı Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixindəki müstəsna yeri və rolundan bəhs edib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin davamlı inkişaf etdiyi, Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycanın yeni zirvələr qət etdiyi xüsusi vurğulanıb. M.Qurbanlı Ümummilli Liderin milli-mənəvi dəyərlərimizə verdiyi dəyərdən danışıb və bu istiqamətdə görülən işlərə diqqət çəkib.
YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin deputatı Elman Məmmədov söyləyib ki, ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilib. Vurğulanıb ki, Vətən və xalq qarşısında misilsiz xidmətlərinə görə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur. Ulu Öndərin böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır.
Qarabağ Universitetinin rektoru Şahin Bayramov Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətindən, Ümummilli Liderin fədakar əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövlətçiliyinin siyasi-iqtisadi əsaslarının yaradılmasından, respublikamızın dünya məkanında öz layiqli yerini tutmasından, ölkəmizin bütün sahələrində baş vermiş müsbət dəyişikliklərdən söhbət açıb. Qeyd olunub ki, müstəqil Azərbaycanın qazandığı bütün müvəffəqiyyətlərin təməlində Ümummilli Lider Heydər Əliyevin uğurlu və uzaqgörən siyasəti dayanır.
Şəhid atası Nadir Həsənov, Qarabağ müharibəsi veteranı, istefada olan polis polkovniki Orduxan Kərimov çıxışlarında Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi nailiyyətlərdən, habelə torpaqlarımızın işğaldan azad edilməsindən, bu gün həmin ərazilərdə aparılan abadlıq-quruculuq işlərindən bəhs ediblər.
Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərmanlar, YAP sıralarına yeni qəbul olunan üzvlərə isə partiya vəsiqələri təqdim edilib.
Tədbirə bədii hissə ilə yekun vurulub.