PDF Oxu

Siyasət

  • 884

Heydər Əliyev siyasəti Azərbaycana böyük uğurlar qazandırıb

image

Hər bir xalq öz tarixi şəxsiyyətləri ilə fəxr edir, onların yaratdığı irsə həmişə böyük ehtiramla yanaşır. Müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük xidmətlər göstərmiş Ümummilli Lider Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir.

Böyük tarixləri böyük şəxsiyyətlər yaradır. Ona görə də zəngin dövlətçilik tarixinə sahib olan ölkələrlə böyük şəxsiyyətlərin ömür yolu, yerinə yetirdiyi missiya arasında əbədi vəhdətin mövcudluğu dəyişməz reallıqdır. İstər uzaq keçmişə, istərsə də müasir dünyamızın mənzərəsinə nəzər salsaq, bu qanunauyğunluğu aydın şəkildə görə bilərik.

Tarixin dərsləri belə bir həqiqəti təkrar-təkrar sübuta yetirir ki, sabit dövlətçilik ənənələrinin formalaşması üçün döyüş meydanlarındakı sərkərdəlik qüdrəti qədər dövlətin qurulması və idarə edilməsi məharətini də özündə birləşdirən, eyni zamanda qurduğu dövlətin bir neçə əsr sonrakı gələcəyini düşünüb ona möhkəm zəmin hazırlamağı bacaran, irsin varisliyini təmin edə bilən şəxsiyyətlərin olması mütləqdir. Belə fenomenal şəxsiyyətlərin siyasi uğurunun sirləri, ən mürəkkəb durumlardan çıxış yolu tapmaq qabiliyyətləri, yaranmış uyğun vəziyyətləri öz xalqları, dövlətləri üçün fürsətə çevirmək istedadları isə ona görə zaman-zaman öyrənilib tədqiq edilir ki, bəşəriyyət bütün tarixboyu onların formalaşdırdıqları təcrübəyə ehtiyac duyur. Hansısa çıxılmaz vəziyyətlərdə belə şəxsiyyətlərin irsinə müraciət edir. Bu mənada, Ümummilli Lider Heydər Əliyev bir tərəfdən müasir Azərbaycan dövlətinin memarıdır, digər tərəfdən isə Azərbaycan nümunəsində milli dövlət yaratmaq, onun gələcəyini təmin etmək, xalqını öz hədəflərinə yetirmək kimi fövqəlgücə malik bir şəxsiyyətdir. Böyük rəhbər müstəqil Azərbaycan dövlətçiliyinin milli-mənəvi, ideoloji əsaslarını yaratmışdır. Azərbaycan xalqının müstəqil və güclü dövlətə sahib olmaq arzusunu praktiki şəkildə gerçəkləşdirmiş və çağdaş tariximizdə əbədiyaşarlığını təmin etmişdir.

Bir sıra tarixçilər və siyasətşünaslar haqlı olaraq qeyd edirlər ki, Azərbaycan xalqının iyirminci əsrdəki milli qurtuluşu, əslində, 1969-cu il iyulun 14-dən başlanır. Çünki həmin tarixdə siyasi hakimiyyətə gələn görkəmli dövlət xadimi Heydər Əliyev, sözün həqiqi mənasında, xalqın həyatında möhtəşəm də­yişikliyə və misilsiz inkişafa nail oldu. Ulu Öndər Heydər Əliyev o dövrü belə xarakterizə edirdi: “Qətiyyətlə bildirmək olar ki, 60-cı illərdə respublika iqtisadiyyatı bütövlükdə dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoymuşdu. Yaranmış ağır vəziyyətdən çıxış yolu tapılmalı, iqtisadiyyatın inkişafı üçün prinsipial cəhətdən yeni konseptual yanaşma yolları işlənib hazırlanmalı, xalq təsərrüfatında köklü struktur dəyişiklikləri aparılmalı, təsərrüfatçılıq və iqtisadi həvəsləndirmə işində təzə metodlar tətbiq edilməli idi”.

1969-cu ilə qədər SSRİ-nin aqrar əyaləti kimi tanınan Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu respublikaya, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan diyara çevrilmişdir. Müstəqilliyə qovuşmaq məqsədilə reallaşdırılan həmin tədbirlər nəticəsində 1969-1985-ci illərdə Azərbaycanda 213 yeni iri sənaye müəssisəsi istismara verilmiş, dünyanın 65 ölkəsinə 350 adda məhsul ixrac olunmuşdu. Həmin illər ərzində Azərbaycanın milli gəlirinin ümumi həcmi 2,5 dəfə artmışdır. Moskvanın, eləcə də keçmiş SSRİ-nin digər şəhərlərinin 170 aparıcı elm və təhsil ocağına 10 mindən çox azərbaycanlı oğlan və qız təhsil almağa göndərilmişdir. Bu, Heydər Əliyev siyasi müdrikliyinin və uzaqgörənliyinin göstəricisi idi. Sonralar həmin dövrdə həyata keçirdiyi tədbirlərdən danışan Ulu Öndər Heydər Əliyev deyirdi: “Bəli, mən istəyirdim ki, Azərbaycan müstəqil olsun. Hər şeydən əvvəl, iqtisadi cəhətdən. Çünki istənilən müstəqilliyin əsasında iqtisadiyyat durur”.

1990-1993-cü illərdə Azərbaycanla yanaşı, Naxçıvanın da başı üzərini qara buludların aldığı bir vaxtda Ulu Öndər Heydər Əliyev doğma Naxçıvana qayıtmışdır. 1990-cı il iyulun 22-də şəhərin mərkəzi meydanına toplaşan minlərlə insan məhz belə bir taleyük­­lü məqamda Vətəninə qayıdan xi­laskarını böyük coşqu ilə qarşıladı. Ağır müharibə, iqtisadi böhran şəraitində yaşayan naxçıvanlılar bu böyük şəxsiyyətə özlərinin nicatı və son ümidi kimi baxırdılar. Ulu Öndər Heydər Əliyev Naxçıvana gəldikdən sonra qədim diyarın xilası üçün lazım olan bütün addımları atmağa başladı. Eyni zamanda yalnız muxtar respublika üçün deyil, bütün Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən, dövlət quruculuğu prosesində mühüm rol oynayan qərarların qəbul edilməsinə nail oldu.

1993-cü ilin yayında ölkədə qardaş qanı tökülmüş, milli dövlətçiliyimiz ikinci dəfə məhvolma təhlükəsi ilə üzləşmişdi. Belə bir ağır zamanda xalq milli dövlətçiliyi qorumaq və vətəndaş müharibəsinin ağır fəsadlarından qurtulmaq üçün Ulu Öndər Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Vətəninin və xalqının taleyinə biganə qala bilməyən dahi rəhbər 1993-cü ilin iyun ayında Naxçıvandan Bakıya getdi. Ulu Öndərin bu qayıdışı Vətənin xilası, xalqın qurtuluşu idi. 1969-cu ildən başlanan quruculuq xəttinin 1993-cü ildən sonra davam etdirilməsi hərtərəfli inkişaf edən, dünyada söz sahibinə çevrilən müstəqil Azərbaycanın daha da güclənməsinə səbəb olmuşdur. Ulu Öndər Heydər Əliyev dediyi kimi: “Bizim borcumuz bütün Azərbaycanın simasını dəyişdirməkdir. Azərbaycanı inkişaf etmiş, sivilizasiyalı, demokratik prinsiplərlə yaşayan bir dövlətə, cəmiyyətə çevirməkdir. Azərbaycan vətəndaşlarının gələcək həyatını azadlıq, demokratiya yolu ilə təmin etməkdir. Biz bu yolun yolçusuyuq. Bu yol xalq yoludur”.

Ulu Öndər Heydər Əliyev hakimiyyətinin hər iki dövründə bütün ömrünü dövlətinin, xalqının rifahına həsr edərək ölkəmizi böyük bəlalardan, faciələrdən hifz edib, iqtisadi inkişaf və tərəqqi yoluna çıxardı. Dahi şəxsiyyətin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Onun rəhbərliyi altında dövlətçiliyin əsasları qoyuldu və ciddi islahatlara start verildi. Azərbaycan beynəlxalq aləmdə öz möhkəm yerini tuta bildi. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Ulu Öndər xalqımızın, dövlətimizin maraqlarını qoruyacaq və ölkəmizin inkişafı ilə bağlı ən düzgün qərarları verəcəkdir.

Ümummilli Lider Heydər Əliyev hakimiyyətdə olduğu müddətdə Azərbaycan cəmiyyətinin vahidliyinin, bütövlüyünün təmin olunmasını da özünün strateji vəzifəsi sayıb. Cəmiyyətin vahidliyini təmin edərək onun müxtəlif istiqamətlər – sosial bərabərsizlik, regional faktor, dini və milli mənsubiyyət amili baxımından parçalanmasına imkan verməyib. Siyasi liderin gücü və qüdrəti onun elan etdiyi məqsəd və vəzifələrin, ideoloji prinsiplərin cəlbediciliyi ilə deyil, ilk növbədə, qarşıya qoyduğu vəzifələri real həyatda tətbiq imkanları ilə ölçülür. Bu mənada, əminliklə, demək olar ki, Azərbaycan xalqının milli kimliyinin və özünəməxsusluğunun konkret dövlət modelində reallaşdırılması məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasi kurs bütün istiqamətlərdə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi prinsipinə söykənir. Ulu Öndər özünün başladığı nəhəng işlərin uğurlu icrasını kimin təmin edə biləcəyini də müəyyənləşdirdi, xalqına müraciət ünvanladı: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Tarix dahi şəxsiyyətin uzaqgörənliyini bir daha təsdiqlədi. Vətən müharibəsində Prezident və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun Qarabağın 30 il ərzində mənfur qonşumuz Ermənistanın işğalında olan ərazilərinin azad edilməsi, respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi buna sübutdur. Bu gün işğaldan azad edilmiş torpaqlarımızda Azərbaycanın üçrəngli bayrağı dalğalanır.

Bu gün Azərbaycan dövlətinin elə bir sahəsi, cəmiyyət həyatının elə bir istiqaməti yoxdur ki, orada Ümummilli Liderimizin izi olmasın. Hər bir sahədə Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolunu, onun ideyalarının uğurla davam etməsini aydın müşahidə edirik. Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu işğal altında olan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası, bütün məcburi köçkünlərin doğma yurdlarına qayıtması idi. Azərbaycanı daha güclü etmək, xalqımızın daha gözəl günlərini görmək istəyən Ulu Öndərin ruhu bu gün şaddır, çünki Azərbaycan hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə öz tarixinin ən güclü dövrünü yaşayır. Prezident İlham Əliyev Azərbaycanı gücləndirərək elə bir səviyyəyə çatdırdı ki, ordumuz Ermənistanın işğal siyasətinə son qoydu, torpaqlarımızı azad etdi. Bununla həm də Ulu Öndərin arzuları çin oldu, vəsiyyəti yerinə yetirildi.

Ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir. Bugünkü Azərbaycan, məhz Ulu Öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Bu gün hər bir azərbaycanlı Ümummilli Liderin əziz xatirəsini ehtiram və minnətdarlıqla yad edir. Millətin məhəbbətini qazanmış dahi lider Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi: “Heydər Əliyevin siyasəti Azərbaycana böyük uğurlar gətiribdir. Bütün sahələrdə Azərbaycan inkişaf edir, uğurlar qazanır. Azərbaycan beynəlxalq aləmdə özünə layiq yerini tuta bilibdir, Azərbaycanın nüfuzu artıbdır. İndi Azərbaycanla hesablaşırlar, Azərbaycana hörmət edirlər. Regionda bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı ilə, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir”.

Aysel Dünyamaliyeva

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Digər xəbərlər