PDF Oxu

Siyasət

  • 907

Azərbaycan-Vyetnam tərəfdaşlığının inkişaf perspektivləri

image

Prezident İlham Əliyevin düşünülmüş və qətiyyətli siyasəti nəticəsində Azərbaycan dünyada müstəqil siyasət yürüdən, qlobal siyasi proseslərə və beynəlxalq münasibətlər sisteminə öz baxışı olan bir dövlət kimi tanınır. Bu siyasət öz növbəsində ölkəmizin nüfuzunun yüksəlməsini, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmləndirilməsini təmin edib. Bu gün Azərbaycanın münasibətlərinin sürətlə dərinləşdirdiyi dost ölkələrin sayı artmaqda davam edir.

Ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolu, möhkəmlənən mövqeyi bu gün müxtəlif dövlətlərlə istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin inkişafında, yeni istiqamətlərin müəyyənləşdirilməsində özünün aydın ifadəsini tapır. Çoxşaxəli xarici siyasət həyata keçirən Azərbaycan tarixi Zəfərə imza atmaqla, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə yaratdığı reallıqlar əsasında əməkdaşlığın coğrafiyasını daha da genişləndirir.
Azərbaycanın Asiya-Sakit okean dövlətləri ilə münasibətlərini genişləndirməsi xüsusi əhəmiyyət daşıyır. Vyetnam Sosialist Respublikası ilə Azərbaycan arasında münasibətlərin inkişafı, dövlətlərarası müqavilələrin imzalanması çox mühüm əhəmiyyət kəsb edir. İki ölkə hələ SSRİ dövründə yaxın dostluq münasibətlərinə malik olub. 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Azərbaycana səfəri tərəflər arasında səmimi münasibətlərin qurulmasında mühüm rol oynayıb.
Bu ölkələr arasında diplomatik münasibətlər 23 sentyabr 1992-ci ildə qurulmuşdur. 18-19 may 2014-cü il tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasına dövlət səfəri ölkələrarası münasibətlər tarixində yeni səhfə açmış, əlaqələrin bütün sahələr üzrə əməkdaşlığın inkişafına güclü təkan vermişdir. 13-15 may 2015-ci il tarixlərində Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın ölkəmizə rəsmi səfəri isə Azərbaycan-Vyetnam münasibətlərinin tarixində vacib hadisə olmuş və iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsi və dərinləşməsinə şərait yaratmışdır.
Prezident İlham Əliyev “Vietnam News Agency” agentliyinə verdiyi müsahibəsində iki ölkə arasında əlaqələrin mövcud durumundan geniş bəhs edib. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan Vyetnamla əlaqələrin iqtisadi inkişafına böyük əhəmiyyət verir. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 223,93 milyon ABŞ dolları olub, bu göstəriciləri gələcəkdə də artırmaq üçün ciddi potensial var və neft sahəsində də qarşılıqlı fəaliyyət mövcuddur. 2019-cu ildə Vyetnamın “Binh Son Refinery and Petrochemical Company” ilə SOCAR arasında imzalanan müqavilə qeyd olunanların təsdiqidir. Təkcə iqtisadi sektorda deyil, bütövlükdə Azərbaycanla Vyetnam arasında münasibətlər bütün əsas sahələrdə uğurla inkişaf edir. Prezident İlham Əliyev Heydər Əliyev Fondunun Vyetnamda fəal surətdə layihələr həyata keçirdiyini, fondun vitse-prezidenti Leyla Əliyevanın dost ölkəyə səfəri zamanı vitse-prezident Vo Ti An Suan, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsi Baş katibinin xanımı No Fon Li, yaradıcılıq sənayesinin nümayəndələri, o cümlədən, Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla görüşünü xatırladaraq bunun ölkələrimiz arasında mədəni əlaqələrin inkişaf dinamikasında mühüm rol oynadığını diqqətə çatdırıb.
Azərbaycan ilə Vyetnam turizmin inkişafı istiqamətində böyük potensiala malikdir. Bakı ilə Vyetnam şəhərləri arasında birbaşa hava əlaqəsinin yaradılması turizm proqramlarının inkişafını sürətləndirəcək və dövlətlərarası mədəni əlaqələri möhkəmləndirəcək. Bu məqsədlə hər iki tərəf turizm sərgilərində iştirakın genişləndirilməsi və qarşılıqlı təşviqat kampaniyalarının təşkili imkanlarını nəzərdən keçirir. Eyni zamanda, turizm sahəsində fəaliyyət göstərən qurumlar arasında əməkdaşlığın genişləndirilməsi məsələsi gündəmdədir. Bu dost ölkələrin strateji işbirliyi tarixən möhkəm bir təməl üzərində qurulmuşdur və gələcək inkişaf üçün geniş imkanlar mövcuddur. İqtisadi, mədəni, humanitar və siyasi sahələrdə əməkdaşlıq iki ölkənin xalqları arasında daha sıx münasibətlərin qurulmasına və qarşılıqlı faydalı tərəfdaşlığın inkişafına təkan verəcək. Bu proses, həmçinin gələcəkdə regionda və beynəlxalq arenada daha təsirli birgə fəaliyyət imkanlarının yaranmasına şərait yaradacaq.

Rövlan Heydərov
YAP Naftalan şəhər təşkilatının sədri

Digər xəbərlər