Qarşılıqlı səfərlər əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Dövlət başçısı İlham Əliyevin Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə müsahibəsi, Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə dövlət səfəri bir daha bu reallıqlara işıq saldı.Liderlərin mətbuata bəyanatları zəngin tarixə malik olan Azərbaycan-Vyetnam münasibətlərinin gələcəyinin ümumi mənzərəsini təqdim etdi. Təbii ki, səfər zamanı müxtəlif sahələri əhatə edən sənədlərin imzalanması da əməkdaşlığın daha da dərinləşməsində öz sözünü deyəcək.
Səfər ikitərəfli əlaqələrin gündəliyinin nə qədər zəngin olduğunu təsdiqlədi. Cənab İlham Əliyevin mətbuata bəyanatında qeyd etdiyi kimi, bu gün imzalanmış sənədlər arasında Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatı xüsusilə qeyd etmək istərdim. Bu, çox ciddi siyasi sənəddir. Bu, əslində, Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldıran bir sənəddir. Artıq bu yüksəksəviyyəli münasibətlər gələcək ikitərəfli əməkdaşlıq üçün də ən vacib rol oynayacaq. Bu gün imzalanmış sənədlər arasında bir çox istiqamətlər üzrə sənədlər var. Aparılan danışıqlar və əldə edilmiş razılaşmalar deməyə əsas verir ki, qarşılıqlı əməkdaşlıq istiqaməti üzrə çox ciddi addım atmışıq. Vyetnam Kommunist Partiyasının Baş katibinin Azərbaycana dövlət səfəri çərçivəsində bu sənədlərin imzalanması, əlbəttə ki, onların əhəmiyyətini daha da artırır.
Birgə səylərimiz nəticəsində ticarət, iqtisadiyyat, mədəniyyət, təhsil, energetika, nəqliyyat və digər istiqamətlər üzrə çox ciddi əməkdaşlıq potensialı var. Bu və digər istiqamətlər üzrə məsələlər geniş müzakirə edildi. Energetika sahəsində imzalanmış sənədlər və aparılan müzakirələr deməyə əsas verir ki, yaxın gələcəkdə bu sahədə əməkdaşlığımızı daha da genişləndirəcəyik. Bu gün bu əməkdaşlıq var və daha çox ticarət əməkdaşlığı formasında aparılır. Ancaq qarşılıqlı sərmayə qoyuluşu məsələləri də müzakirə edildi. Həm Vyetnam şirkətlərinin Azərbaycana, həm də Azərbaycanın neft şirkətinin Vyetnama sərmayə qoyuluşu məsələləri müzakirə olundu. Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam səfərin diplomatik münasibətlər qurulduqdan sonra Vyetnam Kommunist Partiyasının Baş katibinin Azərbaycana ilk səfəri olduğunu xatırladaraq onu da əlavə etdi ki, bu, Azərbaycanla bütün sahələrdə əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsində Vyetnamın qətiyyətli olduğunu nümayiş etdirir. Bütün bunlar, öz növbəsində, ölkələrimiz arasında ənənəvi dostluğa və əməkdaşlıq potensialına cavab verir. Biz etimad, dostluq və səmimiyyət şəraitində uğurlu danışıqlar apardıq və yaxın zamanlarda iki ölkə arasında əlaqələrin strateji istiqamətlər üzrə inkişaf etdirilməsi barədə razılığa gəldik. Ölkələrimizin münasibətləri Prezident Ho Şi Minin Azərbaycana 1959-cu ildə səfəri ilə başladı. Onun səfərindən sonra müxtəlif təmaslar və səfərlər olmuşdur. Ölkələrimiz arasında əlaqələr dövlət rəhbərləri və xalqlarımız tərəfindən daim gücləndirilmişdir. Biz siyasi, diplomatik, energetika, müdafiə, ticarət və digər sahələrdə yaxşı nəticələr əldə etmişik: “Bu əsasla biz strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatı artıq qəbul etdik. Bu isə ölkələrimizin münasibətlərinin tarixində yeni dövr, yeni səhifə açır. Əminəm ki, biz yaxın zamanlarda ikitərəfli münasibətlərimizi dərinləşdirə və genişləndirə biləcəyik, inkişaf naminə üstün cəhətlərimizdən faydalanacağıq”.
Qeyd edək ki, dövlət başçısı İlham Əliyev sözügedən səfərin münasibətlərdə yeni səhifə açacağını, əlaqələrimizin bundan sonra da yüksələn xətlə inkişaf etməsi üçün böyük potensialın və perspektivin olduğunu Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə müsahibəsində açıqlamışdır. Belə bir əminlik ifadə edilmişdir ki, tərəflərin ikitərəfli münasibətlərin dərinləşdirilməsi səylərini əks etdirən və qarşılıqlı fəaliyyətdə yeni istiqamətlər açan bu hadisə böyük siyasi əhəmiyyətə malikdir. Bu kontekstdə səfəri haqlı olaraq Azərbaycan-Vyetnam əməkdaşlığının inkişafında mühüm mərhələ kimi qiymətləndirmək olar. Səfər proqramına ikitərəfli gündəliyin əsas aspektlərini əhatə edən məsələlərin geniş dairəsi daxildir. Bu, aktual mövzulara dair hərtərəfli fikir mübadiləsi aparmağa, yanaşmaları razılaşdırmağa və gələcəkdə qarşılıqlı fəaliyyətin perspektiv istiqamətlərini müəyyənləşdirməyə imkan verəcək. Siyasi dialoqa, iqtisadi-ticari əlaqələrə, həmçinin humanitar və mədəni mübadiləyə xüsusi diqqət yetiriləcək. Bundan başqa, partiyalararası dialoqun inkişafına ayrıca əhəmiyyət verilir. Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əməkdaşlıq müsbət dinamika nümayiş etdirir. Səfər siyasi və ideoloji zəmində qarşılıqlı fəaliyyətin yüksək səviyyəsinin əlavə təsdiqi olacaq.
Təbii ki, bu əminlik iki ölkənin münasibətlərinin tarixinə əsaslandı. Qarşılıqlı etimad mühitinin daha da möhkəmləndirilməsi əlaqələrin inkişafına stimuldur.
Elmar Əhmədov
YAP Salyan rayon təşkilatının sədri