PDF Oxu

Siyasət

  • 1 113

Azərbaycan Vyetnam əlaqələri yeni siyasi nizama uyğun olaraq inkişaf edir

image

Azərbaycan və Vyetnam arasında əlaqələr, xüsusilə siyasi, iqtisadi və mədəni sahələrdə inkişaf etməkdədir. İki ölkə arasında strateji tərəfdaşlıq gücləndirilir. Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi Tô Lâmın 7 may 2025-ci ildə Azərbaycana səfəri, iki ölkə arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın 7 may 2025-ci ildə Azərbaycana səfəri zamanı bu haqda mətbuata bəyanat verib. “Əminəm ki, səfərin nəticələri uğurlu olacaq və əldə edilmiş razılaşmalar konkret layihələrə çevriləcək. Səfəriniz Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Bu gün imzalanmış sənədlər arasında Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatı xüsusilə qeyd etmək istərdim. Bu, çox ciddi siyasi sənəddir. Bu, Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldıran bir sənəddir. Əminəm ki, artıq bu yüksəksəviyyəli münasibətlər gələcək ikitərəfli əməkdaşlıq üçün də ən vacib rol oynayacaqdır. Gördüyünüz kimi, bu gün imzalanmış sənədlər arasında bir çox istiqamətlər üzrə sənədlər var. Bu gün apardığımız danışıqlar və əldə edilmiş razılaşmalar deməyə əsas verir ki, biz qarşılıqlı əməkdaşlıq istiqaməti üzrə çox ciddi addım atmışıq. Vyetnam Kommunist Partiyasının Baş katibinin Azərbaycana dövlət səfəri çərçivəsində bu sənədlərin imzalanması, əlbəttə ki, onların əhəmiyyətini daha da artırır.

Azərbaycan ilə Vyetnam arasındakı əlaqələrin inkişafı, xüsusilə neft-qaz sahəsində əməkdaşlıq və təhsil sahəsindəki uğurlar müzakirə olunub. Dövlət başçısı Azərbaycan və Vyetnamın dinamik və davamlı inkişaf edən ölkələr olduğunu vurğulayaraq, hər iki ölkənin neft və qaz sahəsindəki təcrübə və uğurlarına diqqət çəkib.“Ölkələrimiz ən müxtəlif sahələrdə əməkdaşlıq potensialını bundan sonra da inkişaf etdirmək üçün bütün imkanlara malikdir. İqtisadi-ticari münasibətlərdən danışarkən qeyd etmək lazımdır ki, bu gün təkcə iqtisadi artımı stimullaşdıracaq deyil, həm də qarşılıqlı faydalı tərəfdaşlıq üçün dayanıqlı zəmin yaradacaq, bununla da öz növbəsində iqtisadiyyatlarımızın gələcəkdə də şaxələndirilməsinə kömək edəcək yeni əməkdaşlıq imkanları mövcuddur”. Azərbaycan neft və qaz ixracatçısı kimi, enerji sahəsində Vyetnamla təcrübə və texnologiya mübadiləsi edə bilər. Hər iki ölkə kənd təsərrüfatı sahəsində təcrübəyə malikdir və kənd təsərrüfatı məhsullarının ixracı və texnologiyaların mübadiləsi sahəsində əməkdaşlıq mümkündür. Azərbaycan və Vyetnam arasında ticarət dövriyyəsinin artırılması və qarşılıqlı sərmayələrin təşviqi üçün hüquqi və iqtisadi bazanın təkmilləşdirilməsi mümkündür.Tələbə mübadiləsi, mədəniyyət günləri, dil öyrənmə proqramları vasitəsilə xalqlar arasında qarşılıqlı anlaşma daha da güclənə bilər. Prezident İlham Əliyev müsahibəsində təhsil sahəsində qarşılıqlı təcrübə mübadiləsinin və tələbə mübadiləsinin əhəmiyyətini vurğulayıb: “Həmişə olduğu kimi, Vyetnamdan tələbələrin gəlməsinə şad olacağıq. Onlar Qoşulmama Hərəkatına üzv ölkələrin vətəndaşları üçün Azərbaycanın təklif etdiyi qrantlar və təqaüdlər çərçivəsində təhsil proqramlarından istifadə edə bilərlər. Beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyev bu əməkdaşlığı daha da genişləndirməyə çalışır və Azərbaycanın Qoşulmama Hərəkatı və BMT kimi platformalarda Vyetnamla sıx əməkdaşlığını önəmli sayır. Prezident İlham Əliyevin bu səyləri nəticəsində Azərbaycan–Vyetnam münasibətləri ənənəvi dostluqdan strateji tərəfdaşlığa doğru inkişaf edir.

Nicat İsmayılov

YAP Yasamal rayonu "Akim Abbasov küç.73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər