Cari ilin may ayının 7-8-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycan Respublikasına dövlət səfəri qüdrətli dövlətlərimiz arasında ikitərəfli səmimi münasibətlərin və əməkdaşlığın inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir.
Faktlar göstərir ki, ölkələrimiz arasındakı səmimi münasibətlərin dərin tarixi kökləri vardır. Azərbaycan ilə Vyetnam bir çox mühüm əhəmiyyətli sahələrdə əməkdaşlıq potensialını daha dinamik şəkildə inkişaf etdirmək üçün bütün imkanlara malikdirlər. İki dost ölkə arasında digər sahələrdə olduğu kimi, təhsil sahəsində olan əməkdaşlıq uzun illərdir ki, uğurla davam etdirilir. Sadəcə indi deyil, Sovetlər dönəmində də Azərbaycanla Vyetnam arasında təhsil sahəsində əməkdaşlıq mövcud olub. O dövrdə Azərbaycanın ali məktəblərində təhsil almış vyetnamlılar indi öz ölkələrində yüksək vəzifələrdə çalışırlar.
Vyetnam Milli Assambleyasında Azərbaycanla parlamentlərarası dostluq qrupu, Milli Məclisdə isə Azərbaycan-Vyetnam parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir,eyni zamanda Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyası mövcuddur. Məlum olduğu kimi səfər çərçivəsində mayın 7-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev məzmunlu nitqində bu əlaqələrin yüksək səviyyəsindən bəhs edərək, qarşılıqlı əmədaşlığın və fəaliyyətimizin məhz dövlətlərimizin və xalqlarımızın maraqları naminə olduğunu diqqətə çatdırıb. Bizim beynəlxalq təşkilatlardakı birgə fəaliyyətimiz də çox ürəkaçandır. Vyetnam bir neçə il bundan əvvəl Azərbaycanı BMT Təhlükəsizlik Şurasında çox ciddi dəstəkləmişdir və buna görə biz minnətdarıq. Eyni zamanda, biz Qoşulmama Hərəkatı çərçivəsində birgə fəaliyyət göstəririk. Azərbaycan bu təsisata 4 il sədrlik etmişdir və çox gözəl bir iz buraxmışdır. Bu gün Qoşulmama Hərəkatının daha da sanballı təsisat kimi fəaliyyəti hər iki ölkənin marağındadır.
Bərpaolunan enerji növlərinin istehsalına gəldikdə isə məlumdur ki, Azərbaycanın bu sahədə çox böyük imkanları, potensialı var. İmzalanmış kontraktlar 5 il bundan sonra bizə 6500 meqavat gücündə yeni enerji, təmiz enerji güclərini qazandıracaq və biz də Vyetnam şirkətlərini investisiya qoymağa dəvət etdik. Azərbaycan tərəfi də Vyetnamda bərpaolunan enerji növlərinə sərmayə qoymağa hazırdır. Vyetnam da öz növbəsində, Cənub-Şərqi Asiyada alternativ enerji potensialına malik ölkə kimi tanınır. Hər iki ölkə günəş, külək və biokütlə enerjisi sahəsində təcrübə mübadiləsi aparmağa, texnoloji biliklərini bölüşməyə və birgə investisiya layihələrini həyata keçirməyə maraqlıdır.
Azərbaycan və Vyetnam arasındakı səmimi münasibətlərin yüksək səviyyədə qərarlaşması hər iki dövlətin xarici siyasətində prioritet təşkil edir və bütün bu addımlar dövlətlərimizin milli maraqlarına xidmət göstərir.
Rafiq Əliyev
YAP Yevlax rayon təşkilatının sədri