İraq mediasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev: dini tolerantlığın Azərbaycan təcrübəsi” başlıqlı məqalə dərc olunub. SİA xəbər verir ki, məqalənin müəllifi iraqlı tədqiqatçı dr. Mutəzz Muhi Əbdülhəmid Azərbaycanda dini konfessiyalar arasında tarixən formalaşmış tolerant münasibətin mövcud olduğunu qeyd edir.
Azərbaycandakı dini tolerantlığın müasir dövrdə dini radikallıqla üzləşən bir sıra ölkələr üçün nümunə olduğunu diqqətə çatdıran müəllif dini sahədə sabitliyə nail olunmasında, konfessiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanılmasında Heydər Əliyevin əvəzsiz rolunu vurğulayır. İraqlı müəllif Ümumilli Liderin 1993-cü il sentyabrın 5-də Məhəmməd (s) peyğəmbərin mövludu münasibətilə Təzəpir məscidində nitqindən sitat gətirir və bildirir ki, Heydər Əliyev öz çıxışlarında hər zaman dini tolerantlığın Azərbaycan xalqının milli-mənəvi dəyərlərini özündə əks etdirdiyini vurğulayırdı.Müəllif əlavə edir ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanda tarixən kök salmış tolerantlıq ənənələrinin hüquqi və siyasi müstəvidə möhkəmləndirilməsi üçün siyasi iradə nümayiş etdirib.Ulu Öndərin yolunun layiqli davamçısı olan Prezident İlham Əliyevin ölkəmizdə tolerantlıq münasibətlərinin qorunub saxlanması və möhkəmləndirilməsi sahəsində rolundan danışan Mutəzz Muhi Əbdülhəmid vurğulayır ki, Azərbaycan islam və başqa dinlərə məxsus müqəddəs məkanların inşasına, bərpasına və yenilənməsinə xüsusi diqqət yetirir.Məqalənin sonunda qeyd olunur ki, Azərbaycanın tolerantlıq ənənələri və bu sahədə uğurları dərin təhlil edilməlidir. Ölkədə müxtəlif xalq və konfessiyaların nümayəndələrinin dinc birgəyaşayış baxımından dünyaya nümunə ola biləcək bir modeli yaranıb.