PDF Oxu

Siyasət

  • 424

Azərbaycan-Vyetnam münasibətlərində yeni səhifə açılır

image

Vyetnamın Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Bakıya səfəri Azərbaycanla münasibətlərdə yeni səhifənin başlanğıcıdır. İki ölkənin ortaq tərəfləri – ərazi bütövlüyünün bərpası uğrunda apardığı mübarizə, siyasi-iqtisadi münasibətlər sistemi, strateji üstünlükləri və keçmişdən günümüzə qədər uzanan əlaqələri kifayət qədər genişdir. Onu da qeyd edək ki, Vyetnam tarixən Fransanın müstəmləkəsi kimi çox böyük məhumiyyətlərə düçar olmuşdur. Ulu öndər Heydər Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin 1983-cü ildə Vyetnama səfəri isə həm SSRİ-Vyetnam münasibətlərinin inkişafına təkan verdi, həm də azərbaycanlılar və vyetnamlılar arasında dərin bağlar yaratdı. Fransa işğalı və ABŞ-la qanlı müharibədən sonra Heydər Əliyev Vyetnama yeni həyat gətirirdi. Bu səfər Azərbaycan və Vyetnam xalqlarını daha da yaxınlaşdırdı və bu günümüzə qədər gəlib çıxan dostluğun təməlini atdı.

Prezident cənab İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət səfəri, 2015-ci ildə isə Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfəri bu əlaqələrin inkişafına mühüm töhfə verib. Azərbaycan və Vyetnam arasındakı əlaqələr geniş spektirlidir, siyasi və iqtisadi münasibətlərdən tutmuş, mədəni əlaqələrə qədər. Misal üçün, Bakıda təhsil alan vyetnamlı məzunlar səfirliyimizin dəstəyi ilə Azərbaycan-Vyetnam Dostluq Assosiasiyasını yaradıblar. Maraqlıdır ki, vyetnamlı məzunlar Azərbaycanı ikinci vətənləri hesab edir. Bunlar iki ölkənin və iki xalqın dərin bağlara sahib olduğunu isbat edən amillərdir. İki xalqın – azərbaycanlılar və vyetnamlıların tarixində oxşarlıqlardan biri də məhz xarici təcavüzə məruz qalmaları, soyqırımılar, qətliamlarla üzləşməsi, işğalla qarşılaşmasıdır. Lakin hər iki xalq mübarizədən çəkinməyərək, müstəqilliklərini və ərazi bütövlüklərini bərpa edə bilib. Vyetnam əsrlərlə davam edən Fransa işğalına son qoydu və ABŞ-la qanlı müharibədən sağ çıxa bildi. Azərbaycan da 44 günlük Vətən müharibəsi ilə ərazi bütövlüyünü bərpa edərək, adını XXI əsrdə müharibənin qalibi olaraq tarixə yazdırdı. İki ölkənin tarixi bağları və əməkdaşlıq potensialı, xüsusilə Bakıda imzalanan sənədlər və liderlərin bəyanatları Azərbaycan-Vyetnam xəttində yeni mərhələnin başlanmasından xəbər verir. Bu münasibətlər hər iki ölkəyə və xalqa böyük dividentlər qazandıracaq.

Xaləddin TAĞIYEV

YAP Ağdam rayon təşkilatı, Ağdam Dövlət Sosial-İqtisadi Kolleci ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər