PDF Oxu

Siyasət

  • 1 723

"Dünya diplomatiya tarixində bir möcüzə baş verməyəcək" - ŞƏRH EDİLDİ

image

"May ayının 15-də diplomatiya tarixinin həll etməli olduğu ən mürəkkəb bir problemə şahidlik edəcəyik". Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.Onun sözlərinə görə, çox arzulanandır ki, diplomatiya öz tarixində yeni uğura imza atmış olsun: "Rusiya və Ukrayna arasında atəşkəs əldə olunsun, mümkündürsə, hətta sülhə çevrilsin. Amma mənə elə gəlir ki, dünya diplomatiya tarixində bir möcüzə baş verməyəcək. Bu görüşdə konkret nəticə əldə etmək o qədər də asan görünmür. Çünki tərəflərin mövqeyi bir-birindən çox uzaqdır.İkincisi, həll olunmamış məsələlər çoxdur. Üçüncüsü, sülhün təmin olunmasında iştirak etməli olan, hətta müharibə tərəfində olan Avropa İttifaqı bu danışıqlardan kənardadır. Onun mövqeyi nəzərə alınmasa, yenə də sülh əldə etmək olmayacaq. Ən əsası isə beynəlxalq hüququn şərtləri nəzərə alınmır. Biz əvvəlcədən bilirik ki, bu masada Ukraynanı öz ərazi bütövlüyündən imtina etməyə məcbur edəcəklər. Məsələ bu qədər mürəkkəbdir.Amma nəzərə alsaq ki, bu danışıqlar formatı İstanbulda baş tutur, məhz danışıqların İstanbulda baş tutmasının təşəbbüskarı Rusiya prezidenti Vladimir Putin olub. Eyni zamanda Amerika Birləşmiş Ştatlarının prezidenti qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğanı bəri başdan çox yaxşı ev sahibi kimi qiymətləndirib. Ona görə də ümid etmək olar ki, hərtərəfli konkret nəticə əldə olunmasa da, ümumi nəticəyə gedəcək yolda yaxşı bir addım atmaq olar. Bu addım da uzunmüddətli atəşkəs ola bilər. Tərəflərin sülhə doğru irəliləməsi üçün müddətsiz atəşkəs ola bilər ki, bu da diplomatiyanın önünü açar. Ancaq bununla bağlı məsələ də xarici işlər nazirlərinin görüşündə əldə ediləcək razılığa bağlıdır.Hazırda Rusiya tərəfi bəyan edib ki, İstanbula, əgər görüş Ankarada baş tutacaqsa, Ankaraya ilk növbədə xarici işlər nazirini göndərirlər. Mənə elə gəlir ki, diplomatik əlaqə baxımından da bu belədir. İlk növbədə hansısa mətn razılaşdırılmalıdır ki, sonra prezidentlər iştirak etsinlər. Ümid edək ki, biz prezidentlərin də görüşünə şahidlik edəcəyik, artıq soyqırıma çevrilməkdə olan Ukrayna xalqı üçün müharibəyə son qoyulacaqdır".

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər