Ali Məhkəmə quldurluq və soyğunçuluq cinayətləri ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.SİA xəbər verir ki, sözügedən qərar Ali Məhkəmədə baxılan iş əsasında qəbul olunub.ittihama görə, qabaqcadan əlbir olan iki şəxs qrup halında birləşib, Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4, 181.2.5 və 170.3-cü maddələrində nəzərdə tutulan əməli törədərək özgə əmlakını günün işıqlı vaxtı, iş vaxtı ərzində qapısı açıq, mülkiyyətçisi çöldə olan qızıl-zinət əşyalarının satışı mağazasına gəliblər.Şəxs silah qismində tətbiq edilməsi üçün nəzərdə tutulan rezin güllə atan tapança və bıçaq, sellofan torba, tibbi maska və əlcəklə təchiz edilmiş vəziyyətdə mağazaya daxil olub, digər təqsirləndirilən isə kənar şəxs gələcəyi halda məlumat vermək məqsədilə qapının qarşısında dayanmaqla cinayət əməlinin başa çatdırılmasını gözləyib. Şəxs ümumi dəyəri 46 min manatdan çox qiymətləndirilən müxtəlif növ qızıl-zinət əşyalarını salofan torbaya yığıb və mağazanı tərk etdikdə, mağaza sahibi onları görüb. Mağazanın sahibi talandığını aşkar edərək qrupdan əşyaların geri qaytarılmasına çalışıb, lakin qrup üzvləri hadisə yerindən qaçıb. Zərərçəkmiş nəqliyyat vasitəsilə qrupu izləyib, təqsirləndirilən izləndiyini görüb əşyaları köməkçiyə verərək yollarını ayırıblar. Zərərçəkmiş əşyaların icraçıda olduğunu zənn edərək təqibi davam etdirib, iki dəfə yolunu kəsib və hər 2 halda icraçı üzərindəki tapança ilə hədə-qorxu gələrək hadisə yerini tərk etməyə müvəffəq olub.Birinci instansiya məhkəməsi mağazadan qızıl-zinyət əşyalarını götürməkdə ifadə olunan əməli soyğunçuluq, yolda tapança ilə edilmiş hədəni özünü təqib edəndən qurtarmaq kimi qiymətləndirərək, əməli quldurluqdan soyğunçuluğa tövsif edib. Belə ki, təqsirləndirilən şəxs 180.2.1, 180.2.3, 180.2.5 və 170.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 6 il 11 ay, digəri isə 180.2.1,180.2.3 və 180.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib və 11 ay müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya instansiyası məhkəməsi hökmü dəyişdrmədən saxlayıb.Ali Məhkəmənin mövqeyində bildirilib ki, icraçının tapança ilə edilmiş hədəsi özünü təqib edəndən qurtarmaq kimi deyil, əmlakın qabaqcadan əlbir olan cinayətkar qrupun digər üzvünün (deməli, həm də həmin qrupun üzvü kimi onun özünün) əlində saxlamaq, beləliklə də təqibdən qurtulmaqla fiziki olaraq ələ keçirilən əmlak üzərində sərəncam vermək üçün real (istədiyi kimi həyata keçirilə bilən) imkan əldə etmək cəhdi kimi çıxış edir. Belə olan halda (nə qədər ki, silah qismində istifadə edilən tapança təqib davam etdirildiyi, yəni əmlak üzərində sərəncam vermək imkanı əldə olunmadığı vəziyyətdə zərərçəkmiş şəxsə qarşı tətbiq edilib), bu hərəkət (tapança ilə hədələmə) soyğunçuluq cinayəti başa çatmayan hərəkət kimi qiymətləndirilməlidir.Məhkəmələrin soyğunçuluq cinayətinin başa çatmış olması haqqında nəticəyə gələrkən həlledici şəkildə istinad etdikləri fakt - ələ keçirilmiş əmlakın sonrakı gedişatda artıq təqib olunmayan köməkçidə olub, fiziki olaraq icraçıda (təqib olunanda) olmaması, əslində araşdırılan cinayətin törədilmə hallarına görə əmlak üzərində sərəncam vermək imkanının əldə edilib-edilməməsi məsələsinin həlli baxımından mühüm əhəmiyyətli xüsusat, əməlin soyğunçuluq kimi tövsifini şərtləndirən hal kimi qiymətləndirilə bilməzdi.Ali Məhkəmə zərərçəkmiş şəxsin məhkəmədə dindirilərkən icraçının onu tapança ilə hədələdikdə bundan qorxmamasını bildirməsinə diqqəti çəkərək onu qeyd edib ki, özü-özlüyündə bu hal hədənin həyat və ya sağlamlıq üçün təhlükə kəsb etməməsi barədə nəticə çıxarmaq üçün əsas vermir. Çünki, şəxsin ona qarşı yönəlmiş hərəkətdən qorxmaması, qəsdin təhlükəli olmamasından deyil, onun özünün cəsarətli, özgüvənli olması kimi keyfiyyətlərindən irəli gələ bilər ki, belə hallarda da qəsdin hansı xarakterdə olması obyektiv hallara (misal üçün, silah qismində istifadə edilən əşyanın xarakteristikasına, hücumun intensivliyinə), habelə cinayət törədən şəxsin öz hərəkətlərinə subyektiv münasibətinə görə qiymətləndirilməlidir.Qeyd edilənləri nəzərə alaraq, Ali Məhkəmə apellyasiya məhkəməsinin qərarını yeni baxışa göndərib.