Yeni Azərbaycan Partiyası (YAP) Tovuz rayon təşkilatı, Tovuz Rayon İcra Hakimiyyəti və Qazax-Tovuz Regional Təhsil İdarəsinin Tovuz rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə “Azərbaycan təhsilinin inkişafında Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri” mövzusunda tədbir keçirilib.
Tədbirdə YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə Bayramova, Tovuz rayonu üzrə Təhsil Sektorunun müdir əvəzi Elşən Musayev və digər rəhbər şəxslər iştirak ediblər.
Öncə tədbir iştirakçıları Tovuz şəhərində yerləşən Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər, Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra “Azərbaycan təhsilinin inkişafında Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri” mövzusunda videoçarx nümayiş etdirilib.
YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov çıxışında bildirib ki, Dahi Lider Heydər Əliyev hər zaman təhsili dövlətin və xalqın inkişafı üçün əsas prioritet sahə kimi qiymətləndirib. O vurğulayıb ki, Ümummilli Liderin təhsil sahəsində atdığı məqsədyönlü addımlar bu gün ölkəmizin inkişafında mühüm rol oynayıb: “Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə ölkəmizdə bu sahədə həyata keçirilən genişmiqyaslı islahatlar, yeni təhsil ocaqlarının yaradılması və təhsilin keyfiyyətinin artırılması istiqamətində atılan addımlar Ulu Öndərin ideyalarının davamı olmaqla gənc nəsillərin yüksək səviyyədə yetişdirilməsinə böyük töhfə verir”.
Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə Bayramova çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyevin təhsil sahəsində gördüyü işlər ölkəmizin müasir inkişaf modelinin əsas sütunlarından biridir. O bildirib ki, təhsil cəmiyyətin rifahı və davamlı inkişafı üçün vacibdir, bu sahədə çalışanların üzərinə böyük məsuliyyət düşür. Qeyd olunub ki, dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi ilə həyata keçirilən təhsil proqramları və layihələr ölkəmizin dünya təhsil məkanında layiqli yer tutmasına xidmət edir.
Tovuz rayonu üzrə Təhsil Sektorunun müdir əvəzi Elşən Musayev, Azərbaycan Respublikası Təhsil İnstitutu Təhsil Texnologiyaları Mərkəzinin Tovuz rayonu üzrə nümayəndəsi Fikrət Tağıyev, Yusif Alıyev adına Hacıhəsənli kənd tam orta ümumtəhsil məktəbinin tədris işləri üzrə direktor müavini Elçin Rzayev və Tovuz şəhəri Mahir Ələkbərov adına fizika, riyaziyyat və informatika təmayüllü liseyin tarix müəllimi Xəyalə Məmmədova çıxışlarında Ulu Öndərin təhsil sahəsində gördüyü işlərin ölkəmiz üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd ediblər. Onlar vurğulayıblar ki, Ümummilli Lider Heydər Əliyevin xidmətləri müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, gənc nəslin vətənpərvərlik və milli dəyərlərə hörmət hissinin formalaşması üçün möhkəm zəmin yaradıb.
Çıxışlarda, həm də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın təhsil sahəsində apardıqları işlərin innovativ təhsil texnologiyalarının tətbiqi baxımından önəmi qeyd olunub.
Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsə, həmçinin 2024-2025-ci tədris ilində buraxılış imtahanlarından XI sinif şagirdləri arasında Tovuz rayonu üzrə ən yüksək bal toplayan şagirdlərə YAP Tovuz rayon təşkilatı tərəfindən fəxri fərmanlar, təşəkkürnamələr və hədiyyələr təqdim olunub.
Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Komitəsi tərəfindən 2025-ci ilin aprel ayında keçirilmiş “Ekologiya-mənim fırçamda” mövzusunda rəsm müsabiqəsində Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta ümumtəhsil məktəbinin 8-ci sinif şagirdi Nuray Eyvazlı fəal iştirakına görə YAP Həmkarlar İttifaqı tərəfindən diplom və hədiyyə ilə təltif edilib.
Həmçinin, Yeni Azərbaycan Partiyasının sıralarına yeni qoşulan üzvlərə partiya vəsiqələri təqdim olunub.
Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyası Himninin səsləndirilməsi ilə sona çatıb.