PDF Oxu

Siyasət

  • 1 414

Böyük Qayıdış: Kəngərliyə növbəti köç

image

Çağdaş dünyamızda tamamilə yeni bir dövrə qədəm qoyan Azərbaycan Böyük Qayıdış konsepsiyasını uğurla reallaşdırır. İşğaldan azad edilmiş torpaqlara qayıdırıq və həmin yerlərdə yeni bir həyat başlayır. 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad olunandan sonra Qarabağımız və Şərqi Zəngəzur müasir dünyanın ahəngində qurulur, ona yeni həyat verilir. Zəfər qazanan Azərbaycan tarixin dönəmində inkişaf yolu keçərək böyük quruculuq işlərini həyata keçirməyə başlayıb. Bu gün Şuşamızda, Kəlbəcərdə, Qubadlıda və digər ərazilərdə böyük abadlıq-quruculuq işlərinə başlanılıb və işğaldan azad olunan hər bir şəhər, qəsəbə və kənd müasir məkana çevrilir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirdiyi kimi, "Qarabağın hər bir yerində sahib kimi, bu Vətənin övladları kimi yaşayırıq, qururuq, bərpa edirik". Qarabağ və Şərqi Zəngəzur bu gün böyük tikinti meydançasına çevrilmişdir.

Azərbaycanın yaratdığı tarixi reallıqların məntiqi nəticəsi olaraq ölkəmiz yeni mərhələni yaşayır. Azərbaycanın öz suverenliyinin bərpası, Qarabağın azad olunması, eləcə də Qarabağdan separatizmin təmizlənməsi yeni imkanlar yaratmış oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri həm Vətən müharibəsində, həm də lokal antiterror tədbirləri zamanı peşəkarlığını, qarşısına qoyulmuş vəzifələri ən yüksək səviyyədə icra etmək məharətinə malik olduğunu bir daha nümayiş etdirdi. 2023-cü ilin sentyabrın 19-da başlayan və təqribən 24 saat davam edən lokal antiterror tədbirləri Azərbaycan tarixinin şanlı səhifələrindəndir. Vətən müharibəsindəki tarixi Qələbəmizdən və Ermənistanın kapitulyasiyasından sonra Azərbaycan dövləti humanizm göstərərək, ölkəmizin erməni əhalisi ilə reinteqrasiya prosesinə start verdi. Vətən müharibəsində qəhrəmanlıq göstərən Azərbaycan Ordusu bu dəfə də yüksək peşəkarlıq nümayiş etdirərək, Ali Baş Komandanın onların qarşısında qoyduğu tapşırığı cəmi 24 saatda yerinə yetirdi. Nəticə olaraq separatçılar ağ bayraq qaldırdı və dövlətimiz qarşısına qoyduğu bütün hədəflərə çatdı. İndi bütövlükdə bölgədə sülh və inkişaf üçün gözəl şərait yaranıb. 30 ilə yaxın işğal altında olan və 44 günlük Vətən müharbəsi zamanı azad olunan ərazilərimiz hər kəsə qürur yaşatdı.

Ərazi bütövlüyünü, suverenliyini təmin etmiş bir dövlətin müstəqillik tarixində ərazi bütövlüyü çərçivəsində baş tutmuş Zəfər Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın erməni işğalından azad edilməsi tariximizə əbədi həkk olundu ve əzəli yurd yerlərimizə sahib olduq.

BU MƏRHƏLƏDƏ 207 NƏFƏRDƏN İBARƏT 50 AİLƏ DOĞMA YURDA QOVUŞUB

Cənab Prezident müharibədən sonra azad olunmuş ərazilərə şəxsən səfər edir, həmin torpaqlardan qarşıda duran vəzifələrlə bağlı mesajlarını verir. Hər bir ərazidən qalib ordunun və dövlətin qalib SƏRKƏRDƏSİ kimi səsini ucaldır, mesajlarını verir.

Demək olar ki, yurd yerlərinə hər gün neçə-neçə insan köç edir, doğma yurda qovuşurlar. Mayın 20-də daha bir köç karvanı doğma yurda yola salınıb. Artıq onlar Ağdam rayonunun Kəngərli kəndinə qədəm qoyublar. Bu mərhələdə köçürülən 207 nəfərdən ibarət 50 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim edilib. Hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən artıq insan yaşayır.

Artıq işğaldan azad olunan ərazilərimizin əzəli sakinləri öz dədə-baba yurdlarına qayıdırlar. Təkcə Qarabağ regionuna 2026-cı ilə qədər 140 min insanın dönməsi nəzərdə tutulur.

"BİZ BUNDAN SONRA ANCAQ VƏ ANCAQ QALİB XALQ KİMİ YAŞAYACAĞIQ, BU TORPAQLARDA ƏBƏDİ YAŞAYACAĞIQ VƏ XOŞBƏXT YAŞAYACAĞIQ"

Bu gün işğaldan azad olunan digər ərazilərimiz kimi, Ağdam da abadlıq-quruculuq meydanına çevrilib. 1993-cü ilin iyul ayının 23-də Ağdamın işğalı tarixini artıq 20 noyabr 2020-ci ili qələbə tarixi əvəzlədi. İyirmi yeddi ildən sonra işğaldan azad olunan Ağdamda dövlət bayrağımız dalğalandı. İşğaldan əvvəl Ağdam rayonunda 143 min insan yaşayırdı və 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı fəaliyyət göstərirdi.

Ağdamın Kəngərli kəndində də yeni həyat başlayıb. "Kəngərliyə həyat qayıdır, Kəngərli sakinləri artıq qayıdır, böyük xoşbəxtlikdir, tarixi hadisədir. Uzun fasilədən sonra doğma dədə-baba torpağında yaşamaq, əlbəttə ki, böyük xoşbəxtlikdir". Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinə köçən sakinlərlə görüşüb zamanı bildirib. Dövlət başçımız bildirib ki, siz uzun illər ağır şəraitdə - ölkəmizin müxtəlif yerlərində yararsız evlərdə, yataqxanalarda, uşaq bağçalarında, müəyyən müddət isə çadır şəhərciklərində yaşamısınız: "Bu gün isə gözəl kəndin timsalında yeniləşən Azərbaycanı görürük, bərpa olunan Qarabağı görürük. Göstəririk ki, bu torpaqların sahibi həmişə biz olmuşuq, bu gün də belədir. Ancaq bu torpağın sahibi bu torpaqda qurub-yaradır".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ağdam rayonuna səfərlərinin nəticəsi olaraq, burada yeni müəssisələrin təməllərinin qoyulur və açılışlar edilir. Artıq qeyd etdiyimiz kimi, Ağdam rayonunun Kəngərli kəndi öz sakinlərini qoynuna aldı. Ağdam şəhərindən 6 kilometr məsafədə yerləşən Kəngərli kəndində 2626 nəfərin (639 ailə) məskunlaşması planlaşdırılıb.

Bu gün isə Azərbaycan vətəndaşı hər bir qarış torpağının sahibidir, hər yerdə yaşayır, yaşayacaq. Sürətli bərpa işləri onu göstərir ki, tezliklə bütün keçmiş köçkünlər öz torpaqlarına qayıdacaqlar. "Biz bundan sonra ancaq və ancaq qalib xalq kimi yaşayacağıq, bu torpaqlarda əbədi yaşayacağıq və xoşbəxt yaşayacağıq", - deyə Prezident bildirib.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər