PDF Oxu

Siyasət

  • 1 728

Azərbaycan-Macarıstan: strateji əməkdaşlıqda yeni hədəflər

Azərbaycan-Macarıstan: strateji əməkdaşlıqda yeni hədəflər

Prezident İlham Əliyev: "Macarıstanla Azərbaycan arasında bir çox oxşarlıqlar var, onlardan biri bizim tarixi köklərimizdir"

Azərbaycanın xarici siyasətinin önəmli istiqamətlərindən biri də Mərkəzi və Şərqi Avropa ölkələri ilə, xüsusilə Macarıstanla əlaqələrin möhkəmləndirilməsidir. Bu, yalnız siyasi və iqtisadi sahələrdə deyil, həm də enerji, təhlükəsizlik və regional əməkdaşlıq sahələrində strateji tərəfdaşlığın dərinləşməsini özündə ehtiva edir. Avropa İttifaqının üzvü olan Macarıstan Azərbaycanın Avropa ilə əlaqələrinin inkişafında mühüm rol oynayır. "Macarıstan-Azərbaycan əlaqələri uğurla inkişaf edir. Biz dost ölkələrik, strateji tərəfdaşıq". Bu sözləri Prezident İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanla mətbuata bəyanatında söyləyib.

Dövlətimizin başçısı Macarıstanla Azərbaycan arasında bir çox oxşarlıqların olduğunu, onlardan birinin bizim tarixi köklərimiz olduğunu qeyd edib. Azərbaycan ilə Macarıstan arasında siyasi əlaqələr yüksək səviyyədədir, ali səviyyədə dialoq mövcuddur. Dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edən ikitərəfli əlaqələrin daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindəndir. Macarıstan Azərbaycanın strateji tərəfdaşı və Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir.

1992-ci ildən etibarən qurulan Azərbaycan-Macarıstan diplomatik əlaqələri son onilliklər ərzində dərin və çoxşaxəli tərəfdaşlığa çevrilib. Əlaqələrin inkişafında 2014-cü ildə imzalanmış Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə mühüm rol oynayıb. Bu proses 2023-cü ilin yanvarında imzalanan Genişləndirilmiş Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə ilə daha da güclənib və ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoymasına səbəb olub. Sənəd iki ölkə arasında təkcə ikitərəfli münasibətlərin deyil, həm də regional və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsini hədəfləyən kompleks çərçivə təqdim edir. Tərəflər bu sənəd ilə qarşılıqlı hörmət, suverenlik və bərabərlik prinsiplərinə əsaslanan uzunmüddətli əməkdaşlığa sadiq olduqlarını bəyan ediblər.

"MACARISTAN ŞİRKƏTLƏRİ AZƏRBAYCANIN ƏSAS İKİ NEFT VƏ QAZ LAYİHƏSİNDƏ PAY SAHİBİDİR"

Siyasi sahədə yüksəksəviyyəli dialoqlar, parlamentlərarası münasibətlər və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək bu tərəfdaşlığın təməl sütunlarını təşkil edir. Eyni zamanda, sənəd enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi sahəsində ortaq maraqları vurğulayaraq "Cənub Qaz Dəhlizi" layihəsinin əhəmiyyətini ön plana çəkir. Macarıstanın "Cənub Qaz Dəhlizi" -nin genişləndirilməsi və bu təşəbbüsə qoşulmaq niyyəti Azərbaycanın Avropanın enerji təminatında artan rolunu bir daha təsdiq edir.

"Energetika sahəsində uğurlu əməkdaşlıq edirik. Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində pay sahibidir – "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarında. Gələn ilin əvvəlində növbəti kontrakt imzalanacaq", - deyə Azərbaycan Prezidenti mətbuata bəyanatında söyləyib. "Azərbaycanın quru neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə başlayacaq. Biz keçən ildən başlayaraq Macarıstana təbii qazın ixracına başlamışıq və mən bu gün qeyd etdim və Baş nazir burada qeyd etdi ki, Macarıstanın tələbatı olan səviyyədə biz qaz təminatı təşkil edə bilərik", - deyə dövlətimizin başçısı əlavə edib.

Macarıstan Azərbaycanı enerji sahəsində etibarlı və strateji tərəfdaşdır və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində ölkəmizin vacib rolunu yüksək qiymətləndirir. Azərbaycanın enerji potensialı, xüsusilə təbii qaz və bərpaolunan enerji sahələrindəki uğurları, Macarıstanın enerji təminatını şaxələndirmək məqsədilə ölkəmizin layihələrinə dəstəyini daha da artırır. Bu əməkdaşlıq, "Cənub Qaz Dəhlizi" layihəsinin uğurlu həyata keçirilməsi ilə Avropa bazarlarına daha çox enerji təchizatının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

STRATEJİ COĞRAFİ MÖVQEYƏ, TƏBİİ RESURSLARA VƏ GENİŞ LOGİSTİK İMKANLARA MALİK OLAN DOST VƏ QARDAŞ ÖLKƏ

Macarıstanın enerji şaxələndirilməsinə dair maraqları Azərbaycanla strateji əməkdaşlığını daha da möhkəmləndirir və ölkələr arasında qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə şərait yaradır. Azərbaycan, xüsusilə Cənubi Qafqaz və Mərkəzi Asiya bölgələrindən Avropaya enerji ixracını artırmaqla bu qitənin enerji təminatında önəmli rol oynamağa davam edir. Bu kontekstdə yaşıl enerji sahəsində imzalanmış müqavilələr və layihələr xüsusilə diqqət çəkir.

Beləliklə, enerji sahəsindəki əməkdaşlıq Azərbaycanın Avropa İttifaqı ilə daha yaxın əlaqələr qurmasına və qlobal enerji təhlükəsizliyinə olan töhfəsini artırmasına imkan yaradıb. Bu, yalnız iqtisadi deyil, həm də geostrateji baxımdan önəmli addımlardır ki, Avropanın enerji bazarını daha müxtəlif və dayanıqlı etmək məqsədini güdür.

Macarıstan, artıq uzun illərdir ki, Azərbaycanın Avropa İttifaqındakı strateji tərəfdaşlarından biridir və Budapeştlə Bakı bütün beynəlxalq platformalarda yaxından əməkdaşlıq edir, bir-birilərinin ərazi bütövlüyünə, suverenliyinə açıq və birmənalı dəstək verirlər. Macarıstan Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin inkişafına və ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı rolun daha da artmasına dəstək verən, həmçinin, Avropanın mühüm nəqliyyat dəhlizlərinin keçdiyi dinamik iqtisadiyyata malik bir ölkədir. Avstriya, Sloveniya, Ukrayna, Rumıniya, Serbiya, Xorvatiya və Sloveniya kimi ölkələrlə həmsərhəd olması, Mərkəzi Avropada yerləşməsi Macarıstanın Şərqi Avropa ilə Qərbi Avropa arasında mühüm strateji mövqeyə sahib olmasına, iqtisadi-siyasi proseslərin mərkəzində dayanmasına imkan yaradır. Ölkənin logistik imkanları, geniş avtomobil və dəmir yolları şəbəkəsinə malik olması və bu şəbəkələrin qonşu dövlətlərin ərazisi ilə Avropanın ən böyük dəniz limanlarına əlverişli çıxış imkanları yaradır. Macarıstanın coğrafi mövqeyi, eyni zamanda enerji dəhlizlərinin diversifikasiyası üçün də geniş imkanlar açır və bu amil, şübhəsiz ki, həm Azərbaycan, həm də Avropa İttifaqı üçün əhəmiyyətə malikdir. Azərbaycan da, şübhəsiz ki, Macarıstan üçün Avropa ilə Asiya arasında körpü rolunu oynayan, olduqca strateji coğrafi mövqeyə, təbii resurslara və geniş logistik imkanlara malik olan dost və qardaş ölkədir.

"AVROPA İTTİFAQI ÇƏRÇİVƏSİNDƏ MÜSTƏQİL SİYASƏT APARMAQ KİFAYƏT QƏDƏR ÇƏTİNDİR"

Hər iki ölkənin strateji hədəfləri, həmçinin, Azərbaycan və Macarıstan liderlərinin qarşılıqlı əlaqələrin inkişafı ilə bağlı yürütdükləri siyasət iqtisadi-siyasi münasibətlərin daha üstün bir səviyyəyə daşınmasına imkan verir. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də yaxından əməkdaşlıq edir, bir-birinin təşəbbüslərini dəstəkləyir.

Macarıstan Avropa İttifaqı, Avropa Şurası və digər Avropa strukturlarında ölkəmizin maraqlarını hər zaman müdafiə edir.

Türk Dövlətləri Təşkilatının Budapeştdəki Nümayəndəliyi Ofisinin fəaliyyəti və Macarıstanın bu təşkilatda müşahidəçi statusu da mədəni və siyasi əməkdaşlıq baxımından xüsusi əhəmiyyət kəsb edir. Baş nazir Viktor Orban, xarici işlər və ticarət naziri Peter Siyyarto dəfələrlə bəyan ediblər ki, Macarıstan həm Avropanın ən Şərq, həm də Türk dünyasının ən Qərb dövlətidir.

"Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir. Xüsusilə Avropa İttifaqı çərçivəsində müstəqil siyasət aparmaq kifayət qədər çətindir", - deyən Prezident bildirib: "Çünki bir çox qaydalar var, bir çox oturuşmuş prinsiplər var və Avropa İttifaqının vahid xarici siyasəti təbii olaraq prinsiplərdən biridir. Buna baxmayaraq, dostum Viktor Orban həmişə Macarıstanın dövlət və milli maraqlarını hər şeydən üstün tutub. Biz bunu alqışlayırıq".

REGİONAL TƏHLÜKƏSİZLİK BAXIMINDAN MÜHÜM PERSPEKTİVLƏR

Azərbaycan və Macarıstan arasında iqtisadi əməkdaşlıq son illərdə sürətlə artan və inkişaf edən bir sahə olaraq diqqət çəkir. Hər iki ölkə, xüsusilə enerji, kənd təsərrüfatı, nəqliyyat və xidmət sahələrində qarşılıqlı faydalı əməkdaşlıq edir. Azərbaycan təbii resursları, müasir nəqliyyat infrastrukturu və strateji coğrafi mövqeyi ilə Macarıstanın iqtisadi maraqlarına uyğun olan müxtəlif sahələrdə təkliflər irəli sürür. İki ölkə arasındakı iqtisadi əlaqələr, strateji tərəfdaşlıq, dostluq qarşılıqlı hörmətə əsaslanır və hər il daha da möhkəmlənir. 2024-cü ilin sonuna olan göstəricilərə əsasən ölkələrimiz arasındakı ticarət dövriyyəsində 29 faiz artım müşahidə edilib ki, bu da əlaqələrin möhkəmlənməsinin və inkişafının əhəmiyyətli göstəricisidir. Bu artım Azərbaycanın Avropa bazarlarında daha çox yer tutmasının və Macarıstanla ticarət əlaqələrinin genişlənməsinin nəticəsidir.

Mənbələrə əsasən, qeyd edək ki, ötən il Macarıstandan Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 1,018 milyard ABŞ dolları təşkil edib. Bu, Macarıstanın Azərbaycanın iqtisadiyyatına olan marağını və hər iki ölkənin qarşılıqlı investisiya əlaqələrinin inkişafını göstərir. Azərbaycanlı investorlar isə Macarıstanda kənd təsərrüfatı, nəqliyyat və digər sahələrdə böyük sərmayələr qoyurlar və bu da iqtisadi tərəfdaşlığı daha da gücləndirir.

Azərbaycanla Macarıstan arasındakı münasibətlər son illər ərzində əhəmiyyətli dərəcədə inkişaf edib və hər iki tərəf əməkdaşlıq sahələrini daha da genişləndirməkdə maraqlıdır. Genişləndirilmiş strateji tərəfdaşlıq və enerji sahəsindəki əməkdaşlıq regional təhlükəsizlik, eyni zamanda, iqtisadi inkişaf baxımından mühüm perspektivlər təqdim edir. Əminliklə deyə bilərik ki, ümumilikdə Azərbaycan-Macarıstan əlaqələri hər iki ölkənin strateji məqsədlərinə xidmət edəcək şəkildə inkişafdadır və beynəlxalq arenada yeni tərəfdaşlıq modellərinin yaranmasına səbəb ola bilər. Bu əməkdaşlıq yalnız iki ölkənin təhlükəsizliyində deyil, həm də geniş regional və qlobal kontekstdə, eyni zamanda, enerji məsələlərinin həllində əhəmiyyətli rol oynayır.

Prezident İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanla mətbuata bəyanatında Ermənistan-Azərbaycan sülh prosesinə toxunub. Dövlətimizin başçısı bununla bağlı bildirib: "İkinci Qarabağ müharibəsindən sonra sülh danışıqlarının da təşəbbüskarı biz olmuşuq, sülh müqaviləsinin mətninin də müəllifi biz olmuşuq və məhz bu mətn bu gün Ermənistan tərəfindən qəbul edilib. Təbii ki, müəyyən düzəlişlərlə. Amma prinsip etibarilə bizim təklif etdiyimiz məsələ bu gün artıq Ermənistan tərəfindən qəbul edilib".

Prezident İlham Əliyevin Macarıstana səfəri, iki dövlət arasında olan əlaqələrin genişləndirilməsi, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Heç şübhəsiz ki, Prezident İlham Əliyevin bu ölkəyə səfəri Azərbaycan-Macarıstan münasibətlərinin inkişafında yeni bir mərhələnin başlanğıcı olacaqdır.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər