PDF Oxu

Siyasət

  • 1 203

Nəsimi rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib

Nəsimi rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib

Nəsimi rayon İcra Hakimiyyətində rayon Ağsaqqallar Şurasının geniş tərkibdə hesabat konfransı keçirilib. İlk öncə tədbirə dəvət olunan qonaqlar, rayon rəhbərliyi və Ağsaqqallar Şurasının üzvləri Ulu Öndər Heydər Əliyevin büstünə gül dəstələri qoyublar.

Konfransı giriş sözü ilə açan Azərbaycan Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü, Nəsimi rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif Şadlinski ilk öncə qonaqları salamlamış, sonra tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Daha sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Şuranın sədri professor Vaqif Şadlinski Nəsimi rayon Ağsaqqallar Şurasının 2023-2025-ci illərə dair hesabatı ilə bağlı geniş məruzə etmişdir.

Nəsimi rayon Ağsaqqallar Şurasının sədri professor Vaqif Şadlinski məruzəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu xarici və daxili siyasətindən danışmış, qeyd etmişdir ki, müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş sosial-iqtisadi inkişaf strategiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük müdriklik və uzaqgörənliklə davam etdirilir və bunun nəticəsində ölkəmizin iqtisadi qüdrəti günbəgün artır. Daha sonra məruzəçi Şuranın son 2 ildəki fəaliyyəti haqqqında geniş məlumat vermişdir.

Qeyd edək ki, hesabat dövrü ərzində görülən işlər sadalanarkən, həmin tədbirlər video-çarx vasitəsilə yığıncaq iştirakçılarına təqdim nümayiş etdirilmişdir.

İlk öncə iclasda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri professor Eldar Quliyev respublikanın ictimai-siyasi həyatındakı mövcud vəziyyəti geniş təhlil etmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə aparılan iqtisadi islahatlardan danışmış, Nəsimi rayon Ağsaqqallar Şurasının, xüsusilə Şuranın sədri professor Vaqif Şadlinskinin fəaliyyətini yüksək dəyərləndirmişdir.

Sonra tədbirdə çıxış edən millət vəkili Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin torpaqlarımızın ərazi bütövlüyünün təmin edilməsində, işğal olunmuş ərazilərdə yenidənqurma və abadlıq işlərinin aparılmasında əvəzsiz fəaliyyətindən bəhs etmiş, son iki ildə Nəsimi rayonunda gedən abadlıq quruculuq işlərindən danışmış və rayonun ictimai-siyasi həyatında ağsaqqalların geniş nüfuzunu qeyd etmişdir.

Daha sonra tədbirdə rayon Ağsaqqallar Şurasının üzvü, Dağ Yəhudiləri Dini icmasının sədri Milix Yevdayev çıxış edərək, Azərbaycanda yaşayan azsaylı xalqların monolit birliyindən danışmış, Nəsimi rayon ağsaqqallarının günü-gündən artan nüfuzundan bəhs etmişdir.

Yığıncaqda YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Azərbaycan Tibb Universitetinin professoru Qalib Qarayev, Azərbaycan Dillər Universitetinin dosenti Vidadi Bəşirov, Nəsimi rayon Ağsaqqallar Şurasının üzvləri – Zöhrab Fərəcov, Vilayət Quliyev və başqaları çıxış edərək, rayonun ictimai-siyasi həyatında ağsaqqalların rolundan, rayonda ağsaqqalların nüfuzunun günbəgün artmasından və bu işdə Nəsimi rayon Ağsaqqallar Şurasının, Şuranın sədri Vaqif Şadlinskinin böyük rolundan söz açmışlar.

Daha sonra çıxış edən Xalid Kərimov Nəsimi rayon Ağsaqqallar Şurasının 2 illik fəaliyyəti dövrünün hesabatının qənaətbəxş hesab edilməsini təklif etmişdir.

Təklif səsə qoyulmuş, hesabat yığıncağının iştirakçıları yekdilliklə Nəsimi rayon Ağsaqqallar Şurasının 2023-2025-ci fəaliyyət illərinin hesabatını qənaətbəxş hesab etmişlər.

Tədbir iştirakçıları açıq səsvermə yolu ilə yekdilliklə Əməkdar elm xadimi, professor Vaqif Şadlinskini yenidən Nəsimi rayon Ağsaqqallar Şurasının sədri seçmişlər.

Yığıncaq bir qrup rayon ağsaqqalının mükafatlarla təltif edilməsi ilə davam etmişdir. İlk öncə “Azərbaycan Dünyası” beynəlxalq jurnalının təsisçisi və baş redaktoru, Eldar İsmayılov Əməkdar elm xadimi, professor Vaqif Şadlinskiyə “Qızıl ürək” medalını təqdim etmişdir. Daha sonra Azərbaycan Ağsaqqallar Şurası tərəfindən Nəsimi rayon Ağsaqqallar Şurasının üzvü, ADU rektorunun sosial məsələlər üzrə müşaviri Ələddin Əliyev Fəxri Fərmanla təltif edilmişdir. Daha sonra Nəsimi rayon Ağsaqqallar Şurasının üzvləri Vaqif Orucov, Həsənxan Mədətov, Həqiqət Qədirova, Leyla Mextiyeva, Fərhad Nağıyev Təşəkkürnamə ilə təltif olunmuşlar.

Təltif olunanlar adından Azərbaycan Dillər Universitetinin rektor müşaviri Ələddin Əliyev çıxış edərək, Azərbaycan Ağsaqqallar Şurasına və üzvü olduğu rayon Ağsaqqallar Şurasına öz minnətdarlığını bildirmişdir.

Sonda Nəsimi rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif Şadlinski çıxış edərək, bir daha ölkə rəhbərliyinə, Azərbaycan Ağsaqqallar Şurasına və Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkürünü bildirmişdir.

Digər xəbərlər