PDF Oxu

Siyasət

  • 358

Azərbaycan-Macarıstan münasibətləri yeni strateji mərhələdə

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana işgüzar səfəri, iki ölkə arasındakı strateji tərəfdaşlığın möhkəmləndirilməsi və əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban arasında keçirilən görüşlər və mətbuata verdikləri bəyanatlar, bu əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunun göstəricisidir. Prezident İlham Əliyev, Macarıstanın Baş naziri Viktor Orban ilə görüşündə, iki ölkə arasında 2014-cü ildə imzalanan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin əhəmiyyətini vurğulayıb. O, bu sənədin Azərbaycan-Macarıstan münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini və qarşılıqlı etimada əsaslandığını bildirib. Həmçinin, iki ölkə arasında siyasi dialoqun fəal olduğunu və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirildiyini qeyd edib. Prezident İlham Əliyev və Baş nazir Viktor Orban, enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər. Azerbaycanın təbii qaz və elektrik enerjisi istehsalında böyük potensiala malik olduğunu vurğulayan dövlət başçısı, bu enerji resurslarının Avropaya nəqli istiqamətində həyata keçirilən layihələrə Macarıstanın da dəstəyini yüksək qiymətləndirib. Həmçinin, Cənub Qaz Dəhlizinin Avropa enerji təhlükəsizliyindəki rolunu qeyd edərək, bu layihənin həyata keçirilməsində Macarıstanın əhəmiyyətli rol oynadığını bildirib. Prezident İlham Əliyev, Macarıstanın Azərbaycana təhsil sahəsində dəstəyini yüksək qiymətləndirib. O, hazırda 200-dən çox azərbaycanlı tələbənin Macarıstanda təhsil aldığını və bu təcrübənin iki ölkə arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə töhfə verdiyini qeyd edib. Gələcəkdə peşə təhsili sahəsində də əməkdaşlığın genişləndirilməsi istiqamətində işlərin aparılmasının vacibliyini vurğulayıb. Prezident İlham Əliyev, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işlərində Macarıstanın təcrübəsindən faydalanmağı təklif edib. O, bu ərazilərin yaşıl enerji zonası elan edildiyini və burada infrastruktur layihələrinin həyata keçirilməsinin vacibliyini qeyd edib. Macarıstanın şəhərsalma sahəsindəki təcrübəsinin bu işlərdə faydalı olacağına əminliyini bildirib. Prezident İlham Əliyevin Macarıstana işgüzar səfəri, iki ölkə arasındakı əlaqələrin daha da möhkəmləndirilməsi və əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi istiqamətində mühüm addım olub. Bu səfər, həmçinin Azərbaycanın beynəlxalq mövqeyinin gücləndirilməsi və regionda sülhün təmin edilməsi məqsədinə xidmət edir.

İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri

Digər xəbərlər