Azərbaycanın Mərkəzi və Şərqi Avropa ölkələri ilə münasibətlərində Macarıstanla əməkdaşlıq xüsusi yer tutur, tarixən Azərbaycan və macar xalqları arasında dərin köklərə malik sıx əlaqələr hər iki ölkənin rəhbərlərinin səyləri ilə yüksək səviyyədədir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin mayın 20-də Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə dost ölkəyə növbəti işgüzar səfəri bunun bariz nümunəsidir. Azərbaycan-Macarıstan əlaqələri çoxtərəfli platformada, xüsusilə BMT, ATƏT, NATO, Avropa İttifaqı, “Şərq Tərəfdaşlığı” Proqramı, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində uğurla inkişaf etdirilir. Azərbaycan və Macarıstan geniş iqtisadi potensiala malik ölkələrdir. İki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, habelə iqtisadi sahəni əhatə edən bir sıra digər sənədlər iqtisadi əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətli rol oynayır. Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan dövlətlərdən olan Macarıstan Respublikası ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyümüzü qətiyyətlə dəstəkləyib. Həmin dəstək 44 günlük Vətən müharibəsi dövründə də, indi də davam edir. Macarıstanla Azərbaycan enerji sahəsində də əməkdaşlığa böyük əhəmiyyət verir. Azərbaycan Prezidenti bəyanatında bu sahəyə xüsusi diqqət ayırıb: “Bizim ikitərəfli gündəliyimiz də kifayət qədər genişdir. Biz bu gün bunu geniş müzakirə etdik. Energetika sahəsində uğurlu əməkdaşlıq edirik. Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində pay sahibidir – “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında. Gələn ilin əvvəlində növbəti kontrakt imzalanacaqdır. Bu barədə də bu gün fikir mübadiləsi aparıldı. Azərbaycanın qurudakı neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə başlayacaq. Biz keçən ildən etibarən Macarıstana təbii qazın ixracına başlamışıq. Mən bu gün qeyd etdim və Baş nazir burada qeyd etdi ki, biz Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilərik. Bizim qaz resurs bazamız kifayət qədər genişdir və genişlənir, yeni qaz yataqları istismara veriləcək. Biz bu gün 12 ölkəyə təbii qaz ixrac edirik. Onlardan 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqı üzvüdür.”
Prezident cənab İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Macarıstanda keçirilən qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün bu ölkəyə işgüzar səfəri bir daha möhkəm təmələ əsaslanan münasibətlərimizin gələcək inkişafının aydın mənzərəsini təqdim etdi. Bu səfər eyni zamanda bütün sahələr üzrə əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasına əhəmiyyətli təkan verəcək, gələcək inkişaf üçün böyük perspektivlər açacaq, Azərbaycan-Macarıstan əlaqələrində yeni mərhələ olacaq. Bakı və Budapeşt bir çox beynəlxalq təşkilatda uğurla təmsil olunmaqla yanaşı, beynəlxalq müstəvidə bir-birlərinə qarşılıqlı dəstək nümayiş etdirirlər. Macarıstanın bir neçə həftə əvvəl Avropa Sülh Fondundan Ermənistana 10 milyon avroluq yardımı ilə bağlı layihəsinə veto qoyması məhz qeyri-bərabərliyin aradan qaldırılması üçün Azərbaycanın da müzakirə edilən proqrama daxil olunması tələbi ilə əlaqəlidir ki, bu da ölkələrimiz arasında möhkəmlənən dostluq münasibətlərinin daha bir nümunəsidir.
Xaləddin Tağıyev,
YAP Ağdam rayon təşkilatı, Ağdam Dövlət Sosial-İqtisadi Kolleci
ərazi partiya təşkilatının sədr müavini