PDF Oxu

Siyasət

  • 917

Azərbaycanla Macarıstan strateji tərəfdaşlar kimi

image

20 may 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstan Respublikasının Baş naziri Viktor Orbanın dəvəti ilə Macarıstana işgüzar səfərə yollanır.

Ölkə başçısının şərəfinə Macarıstanın paytaxtı Budapeştin Ferents List adına Beynəlxalq Hava limanında fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Beynəlxalq Hava limanında Avropa İttifaqı məsələləri üzrə nazir Yanoş Boka və başqa rəsmi nümayəndələr qarşıladılar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Viktor Orban arasında geniş tərkibli görüş baş tutur. İki ölkə arasında təşkil edilmiş görüşdə ilk növbədə Macarıstanın Türk Dövlətləri Təşkilatına müşahidəçi dövlət olaraq ev sahibliyi etməsi məsələsinə toxunuldu. Macarıstanın baş naziri söhbət zamanı qeyd etdi ki, Türk Dövlətləri Təşkilatına Macarıstanın ev sahibliyi etməsi onların əməkdaşlığa sadiqliyinin nümunəsidir.

Daha sonra qarşılıqlı münasibətlərə toxunan baş nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə iqtisadiyyatın çətin günlərində onlara dəstək göstərdiklərinə görə səmimi təşəkkürünü bildirdi.

Prezident İlham Əliyev görüş zamanı iki ölkə arasındakı dostluq münasibətlərinə toxundu. Qeyd etmək lazımdır ki, Azərbaycanla Macarıstan arasındakı münasibətlər Azərbaycanda Sovet Birliyinin dağılmasından bir il sonra yaranmışdır. 1991-ci il dekabr ayının 26-da Macarıstan Respublikası Azərbaycanı müstəqil Respublika kimi tanımışdır. 1992-ci il aprel ayının 27-dən ölkələr arasında diplomatik əlaqələrin təməli qoyulmuş, 2004-cü ildə Azərbaycanın Macarıstanda, 2009-cu ildə isə Macarıstanın Azərbaycanda səfirliyi açılmışdır. Həmin ildən başlayaraq ölkələr arasında müxtəlif vaxtlarda rəsmi görüşlər keçirilmiş, ayrı-ayrı istiqamətlərdə dövlət əhəmiyyətli məsələlər müzakirə edilmiş, layihə və müqavilələr imzalanmışdır.

Qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini söyləyən İlham Əliyev bu gün Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasının təşkilini də mühüm addım kimi dəyərləndirdi. Bunun ardınca Ölkə Başçısı qeyd etdi ki, artıq bu cür görüşlər ənənəyə çevrilmişdir.

Görüş zamanı qeyd edildi ki, Azərbaycanla Macarıstan bu gün də öz strateji əməkdaşlığını uğurla davam etdirir, bir-birlərini bir çox məsələlərdə dəstəkləyirlər. Azərbaycan və Macarıstan müstəqil siyasət aparırlar və öz ölkələrinin milli maraqları naminə tez-tez bir araya gəlib, bəzi məsələləri ortaq şəkildə müzakirə edib, münasib həlli yollarını tapırlar.

Görüş zamanı İlham Əliyev humanitar məsələlərə də münasibət bildirərək qeyd etdi ki, hazırda neçə-neçə azərbaycanlı tələbə Macarıstanda təhsillərini uğurla davam etdirir.

Macarıstanın baş naziri Viktor Orban görüş zamanı müharibə zamanı türk dövlətlərinin onlara göstərdiyi maddi və mənəvi köməyi yüksək dəyərləndirərək qeyd etdi ki: “Türk dövlətləri olmasaydı, bu gün macar əhli enerjiyə 3-4 dəfə daha çox pul sərf etməli olardı. Cənab Prezident bizi əmin edib ki, ötən il olduğu kimi, bu il də Macarıstanın qaz təminatı təmin ediləcəkdir. Azərbaycan bizi əmin etmişdir ki, bizə lazım olan həcmdə qaz veriləcəkdir. Macarıstanın MVM və digər şirkətləri Azərbaycanda neft-qaz yataqlarında, boru kəmərlərində səhmlərini artıra bilər. Mən şadam ki, müəyyən həcmdə qaz ehtiyatları və neft barelləri bizim ixtiyarımızdadır”.

Görüş zamanı iqtisadiyyat, ticarət, təhsil, mədəniyyət məsələləri də geniş şəkildə müzakirə edilmiş, bütün şərait və imkanlar nəzərdən keçirilmişdir. Macarıstanın baş naziri görüşün sonunda Cənab Prezident İlham Əliyevi Ermənistanla sülh müqaviləsinin mətni üzərindəki razılıq münasibəti ilə də təbrik etdi.

Macarıstanın baş nazirinin bəyanatının ardınca çıxış edən Cənab Prezident İlham Əliyev baş nazirə qonaqpərvərliyinə görə öz səmimi təşəkkürünü bildirərək, 2023-cü ildə Macarıstana etdiyi rəsmi səfərlə bağlı təəssüratlarını bölüşdü. İki ölkə arasında tez-tez görüşlərin təşkil edildiyini qeyd edən Prezident İlham Əliyev ölkələr arasındakı münasibətlərin möhkəmliyindən və uğurlu inkişafından da söhbət saldı.

Söhbət zamanı Ölkə Başçısı Azərbaycanla Ermənistan arasında olan münasibətlərə də toxunaraq, bəzi məsələlərə aydınlıq gətirdi. Prezident İlham Əliyev qeyd etdi ki, sülh danışıqlarının da təşəbbüskarı məhz Azərbaycan olmuşdur. Sülh müqaviləsindən sonra ATƏT-in Minsk qrupunun da ləğv edilməsinin zəruriliyi söhbət əsnasında qeyd etdi.

Daha sonra Prezident “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları layihələrinə də münasibətini bildirdi. Görüş zamanı Azərbaycanın keçən ildən başlayaraq Macarıstana təbii qaz ixrac etdiyi vurğulandı. Artıq Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir ki, bunlardan 10-u Avropa ölkəsi, 8-i Avropa İttifaqı üzvüdür.

Görüşün sonunda Cənab Prezident İlham Əliyev Macarıstanın baş nazirini əldə etdikləri bütün uğurlara görə təbrik elədi.

Pərvanə Talıbova

YAP Yasamal rayon təşkilatının fəalı, Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının müəllimi.

Digər xəbərlər