PDF Oxu

Siyasət

  • 461

Sosial-iqtisadi inkişaf: demoqrafik göstəricilər

image

Əhalinin sayı 10 milyon 230 min 666 nəfərə çatıb

Müasir dövrümüzdə insan inkişafının demoqrafik aspektləri bir sıra amilləri özündə cəmləşdirir. Belə ki, ölüm səviyyəsinin azaldılması, əhalinin sağlamlığının və həyatının yaxşılaşdırılması hesabına uzunömürlülük, nikah və boşanma proseslərinin bütünlükdə cəmiyyətin və ayrılıqda hər bir ailənin mənafeyinə uyğun tərzdə nizamlanması, ictimai tərəqqinin həm yaxın, həm də uzaq gələcəyə perspektivləri nəzərə alınmaqla miqrasiya proseslərinin tənzimlənməsi və digər amillər demoqrafiyanın inkişafına təsirsiz ötüşməyib. Əlbəttə ki, siyasi, sosial-iqtisadi dəyişikliklər də demoqrafik inkişafa ciddi təsir göstərən amillərdir. Azərbaycanda demoqrafiya sahəsindəki siyasət dövlətimizin sosial siyasətinin mühüm və başlıca tərkib hissəsi olmaqla, onun əsasını təşkil edir. Demoqrafik proseslər cəmiyyətin həyatının bir çox tərəfləri ilə qarşılıqlı surətdə bağlı olduğundan bu əlaqə sosial-iqtisadi hadisələrin demoqrafik proseslərə və öz növbəsində demoqrafik proseslərin də sosial-iqtisadi hadisələrə təsirinin təzahürüdür.

Bu gün ölkəmizdə iqtisadi sabitləşmənin nəticəsi olaraq, sosial sahədə ciddi dəyişikliklər baş verir. Son 21 ildə Azərbaycan Respublikasında əhalinin sosial müdafiəsi sahəsində qəbul edilmiş qanunlar, fərman və sərəncamlar, əhalinin sosial müdafiəsi sahəsində əsaslı islahatlar bu sahədə prinsipcə yeni vəzifələr yaratmış, qarşıya milli normaların beynəlxalq təcrübəyə uyğunlaşdırılması, əhalinin sosial müdafiəsinə yeni yanaşma və ənənəvi metodların təkmilləşdirilməsi kimi tələblər qoymuşdur. Azərbaycan vətəndaşının maraqlarının, həyat səviyyəsinin keyfiyyətinin yüksədilməsi əsas hədəflərdən biri olaraq qarşıya qoyulmuşdur. Həyata keçirilən tədbirlər Prezident İlham Əliyevin sosial siyasətinin başlıca hədəfinin əhalinin rifahının təminatı olduğunu, bu siyasətin əsasında vətəndaş amili, sosial ədalət və humanizm prinsiplərinin dayandığını bir daha təsdiq edir.

Ölkədə Azərbaycan Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə sosial sahədə həyata keçirilən uğurlu siyasət nəticəsində göründüyü kimi, əhalinin, onun müxtəlif, o cümlədən aztəminatlı təbəqəsinin etibarlı sosial müdafiəsi yaradılıb, insanların həyat səviyyəsi davamlı olaraq yüksəlib. Cənab İlham Əliyevin çıxışlarının birində vurğuladığı kimi: "Azərbaycan çox güclü sosial siyasət aparır. Bu siyasət özünü müxtəlif sahələrdə büruzə verir". Bütün bu qeyd olunanlar bir daha təsdiq edir ki, Azərbaycan dövlətinin siyasəti sosialyönümlüdür və bunun da mərkəzində Azərbaycan vətəndaşı dayanır.

ƏHALİNİN YAŞ STRUKTURU

Demoqrafiya yunan sözüdür. Demos – xalq, qrafos – yazıram deməkdir. Demoqrafiya əhali artımının qanunauyğunluqları, onun sosial-iqtisadi şəraitdən, təbii amillərdən asılılığını, miqrasiyanı, əhali sıxlığını və onun paylanmasını öyrənən elmdir. Məlumdur ki, dünya əhalisinin demoqrafiyası tarixin müxtəlif dönəmlərində sabit olmamış, hər zaman dəyişikliyə məruz qalmışdır. Statistik göstəricilərə nəzər salsaq görərik ki, 1900-da dünya əhalisi 1.6 mlrd., 1960-da 3 mlrd., 2000-də 6 mlrd. olmuşdur. Demoqrafların hesablamalarına görə dünya əhalisi bu sürətlə artmağa davam etsə 2040-də dünyamızda 10 mlrd. insan yaşayacaq. 2100-cü ilə qədər isə 16 milyarda çatacaq və bu da əhali sıxlığının bəzi ölkələrdə yoxsulluq və müharibələrə səbəb olacağı ehtimalı yaratmış olur. Dünyada ən sürətli təbii artım 1950–1970 illərində müşahidə olunmuşdur. Ən çox təbii artım isə 1963-cü ildə qeydə alınmışdır. Bu zaman dünyanın təbii artımı 2,2% təşkil edib. Əhalisinin sayına görə, ilk üç yerdə Çin, Hindistan və ABŞ qərarlaşıb.

Dünya əhalisi yaş strukturuna görə 3 qrupa bölünür. Birincisi, 0–14 yaş qrupu. Bu yaş qrupu dünya əhalisinin 34%-ni təşkil edir. İkinci yaş qrupu isə 15–65 yaş qrupudur. Bu yaş qrupu cəmiyyətdə maddi nemətlərin əsas istehsalçısıdır. Bu yaş qrupuna dünya əhalisinin 58% cəmlənib. Üçüncü yaş qrupuna isə 65 yaşdan yuxarılar aiddir. 65 yaşdan yuxarılar isə dünya əhalisinin 8% tutur. Əhalinin cins tərkibində isə yeni doğulan uşaqlar arasında oğlanların sayı çoxdur. Yeni doğulan hər 100 qıza 104–107 oğlan düşür. 15 yaşına qədər oğlanların və qızların yaşı bərabərləşir. Sonrakı dövrlərdə yaş strukturunda qadınların payı artır. Bunun müxtəlif səbəbləri var. Bu ilk növbədə qadınların orta ömrünün kişilərin orta ömrünə nisbətən çox olması ilə əlaqədardır. Dünya ölkələrində qadınlar kişilərdən çoxdur. Yəni qadınlar dünya əhalisinin 51% kişilər isə 49% təşkil edir. Ancaq bəzi Asiya və Afrika ölkələrində bu nisbət dəyişir. Buna səbəb erkən nikah, çoxuşaqlılıq, cəmiyyətdə və ailədə qadının hüquqlarının tapdalanması və qadınlara qarşı zorakılıqdır.

DÜNYANIN ƏN GƏNC QİTƏSİ

Dünya əhalisinin orta sıxlığına gəlincə isə bir çox faktorlara görə regiondan regiona dəyişir. Hazırda dünya əhalisinin orta sıxlığı hər km2 45 nəfərdir. Dünya əhalisinin böyük hissəsi yəni 85%-i şərq yarımkürəsində yaşayır. Əhalinin orta sıxlığına görə birinci yeri Banqladeş tutur. Avropada isə sıxlığına görə ilk yerləri Niderland və Almaniya tutur. Burada sıxlıq hər km2 2000 nəfərdir. Dünyanın ən çox sıx məskunlaşmış əraziləri Şərqi və Cənub-Şərqi Asiya, Çin, Koreya, İndoneziya, Vyetnamdır. Bu ərazilərdə 2 milyard əhali yaşayır.

Sosioloqlar belə müəyyən etmişlər ki, insan bioloji varlıq kimi 100-140 il yaşaya bilər. Ancaq, faktiki olaraq müxtəlif sosial-iqtisadi və ekoloji amillərin təsiri nəticəsində insan bu yaşdan çox az yaşayır. Ancaq son dövrlər insan ömrünün uzanması müşahidə olunur. Belə ki, 1950-ci ildə dünyada insanların orta ömür müddəti 50 il idisə, 1994-cü ildə 64,9 yaş, 2019-cu ildə isə 72,3 yaş olub. 2030-cu ildə isə daha iki ilədək artacağı proqnozlaşdırılır. Avropada 65 yaş və ondan yuxarı əhalinin sayı 19% təşkil edir. Bu rəqəm Şimali Amerikada 16%-dir. 2050-ci ildə isə bu göstəricilərin uyğun olaraq, 28% və 23% təşkil edəcəyi gözlənilir. Asiya, Latın Amerikası və Karib hövzəsində yaşlı sakinlərin sayı hazırkı 8%-dən 18%-dək artacaq. Hazırda Afrika dünyanın ən gənc qitəsidir. Ancaq 2050-ci ildə yaşlıların sayı 9 faiz təşkil edəcək. 2004-cü ilin statistikasına əsasən 66,7 il müəyyən olunmuşdur. Dünya əhalisinin orta ömür müddəti artsa da, ümumilikdə regionlar üztə fərq çox böyükdür. Önəmli fərq isə inkişaf etmiş və zəif inkişaf etmiş ölkələr arasında qeydə alınmışdır - 28 yaş. Qadın və kişilərin orta ömür müddəti arasında da nzərəçarpacaq fərq vardır. Belə ki, doğulan zaman oğlan uşaqları qız uşaqlarında çox olsa da (100 qıza 104-107 oğlan) 15 yaşdan sonra onlar arasındakı fərq bərabərləşməyə başlayır, sonrakı yaş strukturunda da qadınların sayı üstünkük təşkil edir. Buna bir çox amillər təsir göstərir.

DAYANIQLI SOSİAL-İQTİSADİ TƏRƏQQİ

Dövlət başçısının sosialyönümlü istiqamətində apardığı uğurlu siyasət nəticəsində əhalinin sosial rifah halı yaxşılaşıb, işsizliyin və yoxsulluğun aradan qaldırılması istiqamətində mühüm addımlar atılıb. Bütün bu və ya digər amillər demoqrafik inkişafa ciddi təsirini göstərib. Əhalisinin sayı hər il, sabit şəkildə artaraq, 10 milyonu ötən Azərbaycanda dayanıqlı sosial-iqtisadi tərəqqi, sosial siyasət davamlı xarakter almaqla, demoqrafik inkişafa təkan verib. Bu, Prezident İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi ilə Azərbaycanda iqtisadi inkişaf, sabitlik və əhalinin sosial rifahının yaxşılaşması istiqamətində görülən böyük işlərin nəticəsidir. Aparılan sosial-iqtisadi siyasətin əsas uğurlarından biri kimi, dayanıqlı inkişaf şəraitində Azərbaycanda müsbət demoqrafik şərait bərqərar olub. Azərbaycan, bir çox sahələrdə olduğu kimi, bu baxımdan da, nümunəvi ölkədir. Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyası nəticəsində, bütün sahələrdə mühüm tarixi nailiyyətlərə imza atan, iqtisadi qüdrətini artıran, sabitlik, təhlükəsizlik, əmin-amanlıq məkanı olan ölkəmizdə sosial rifah səviyyəsinin də, davamlı olaraq, yaxşılaşması özünü göstərir. Azərbaycanda hər il doğulanların sayı artır.

ƏHALİNİN 54,4 FAİZİNİ ŞƏHƏR, 45,6 FAİZİNİ KƏND SAKİNLƏRİ TƏŞKİL EDİR

2020-ci ilin 1 dekabr vəziyyətinə görə Azərbaycan əhalisinin sayı 10 123 004 nəfər təşkil edib. Əhalinin sayı 2019-cu illə müqayisədə 0,6% artıb. 2021-ci il mart ayının 1-i vəziyyətinə 10 127 127 nəfərə çatıb. Bu rəqəmlər bir daha göstərir ki, əhalinin sayında artımlar müşahidə edilməkdədir. Statistik rəqəmlərə diqqət yetirsək görərik ki, 2000-ci ildə Azərbaycanda əhalinin sayı 8032,8 olmuşdur. Bunlardan şəhər əhalisi 51,1, kənd əhalisi isə 48,9 təşkil edib. 2024-cü ildə isə əhalinin sayı 10180,8 nəfər təşkil edib və şəhər əhalisi 54,5, şəhər əhalisi isə 45,5 faiz təşkil edib. Ölkə əhalisinin 3.057 milyonu 15-35 yaşında, 2.3 milyonu isə 14-29 yaşında olan gənclər təşkil edir. Bu, ölkəmizdə hər 3 nəfərdən birinin gənc olması deməkdir. Gənclərin 48.3 faizini qadınlar təşkil edir. Gənclərin 52.7 faizi şəhər, qalanı isə kənd yerlərində yaşayırlar.

Cari ilin əvvəlindən ölkə əhalisinin sayı 5 min 777 nəfər və ya 0,1 faiz artaraq, 2025-ci il martın 1-i vəziyyətinə 10 milyon 230 min 666 nəfərə çatıb. Əhalinin ümumi sayının 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Əhalinin artımı qarşısında genişmiqyaslı tədbirlər görülür, yeni uşaq bağçaları və məktəblər, müalicə müəssisələri və idman kompleksləri istifadəyə verilir. Bununla yanaşı, dövlət başçısının 2018-ci il 30 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası" da mövcud demoqrafik meyillərə və inkişaf perspektivlərinə, ölkənin müəyyən olunmuş iqtisadi prioritetlərinə əsaslanmaqla, səmərəli məşğulluğun təmin edilməsinə yönəldilmiş uzunmüddətli dövlət məşğulluq siyasətini müəyyən edir.

Bu gün ardıcıl olaraq həyata keçirilən islahatlar bizə deməyə əsas verir ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkədə sosial məsələlərin həllini, əhalinin rifahının yüksəlişini prioritet məsələ hesab edir və ölkəmizdə bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər