PDF Oxu

Siyasət

  • 2 246

Azərbaycan türk dövlətləri arasında birgə layihələrin əsas təşəbbüskarıdır

image

Mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının dövlət başçılarının ikinci qeyri-rəsmi Zirvə görüşü keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev Zirvə görüşündəki çıxışında bu nüfuzlu təşkilatın fəaliyyətindən, indiyə qədər gördüyü misilsiz işlərdən ətraflı söz açaraq bildirib ki, Türk Dövlətləri Təşkilatının dövlət başçılarının ötən il Azərbaycanın təşəbbüsü ilə Şuşada ilk qeyri-rəsmi Zirvə görüşü keçirilmişdir: “Şadam ki, bu təşəbbüsün davamı olaraq ikinci qeyri-rəsmi Zirvə görüşü təşkil edilir. Prezident Sadır Japarovu Qırğızıstanın hazırda təşkilata uğurlu sədrliyinə görə təbrik edirəm. Bu il Azərbaycan Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşünə evsahibliyi edəcək. Sizi Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana dəvət edirəm. Azərbaycan ümumilikdə təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur”.Dövlət başçısı Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığın gücləndiyini vurğulayaraq qeyd edib: “Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna - avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulmuşdur. Nəticədə, açıq dənizlərə çıxışı olmasa da Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmişdir”.Türk Dövlətləri Təşkilatı fəaliyyətinin əsas məqsədi türk dövlətləri arasında hərtərəfli əməkdaşlığa yardım etmək olan beynəlxalq hökumətlərarası təşkilatdır. Təşkilat türk dövlətləri başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir. Daha sonra Özbəkistan da bu təşkilata qoşulub. Türkmənistan və Macarıstan Türk Dövlətləri Təşkilatında müşahidəçi ölkə qismində təmsil olunurlar. 2021-ci il noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırılıb.Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün yekunlarına dair Bəyannaməsi və bir sıra sənədlər imzalandı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev tərəfindən imzalanmış Bəyannamə 71 bənddən ibarətdir. Bəyannamədə TDT-nin müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlığının gücləndirilməsini təşviq etməyə, mümkün olduqda bir-birinin namizədliklərini, qətnamələrini, bəyanatlarını və beynəlxalq təşkilatlar çərçivəsində ortaq maraqlara əsaslanan digər təşəbbüsləri daha güclü qarşılıqlı əlaqələndirməyə və dəstəkləməyə çağırış ifadə olunur, o cümlədən Qırğızıstanın 2027-2028-ci illər üçün BMT Təhlükəsizlik Şurasına və ECOSOC-un 2028-2030-cu illər üçün üzvlüyünə namizədliyi dəstəklənir.Azərbaycan Türk Dövlətləri Təşkilatının bütün fəaliyyəti dövründə fəalıq göstərib. Bu baxımdan dövlətimiz türk dünyasında aparıcı rol oynayır və təşəbbüskarlığı ilə seçilir. Prezident İlham Əliyevin istəyi Türk Dövlətləri Təşkilatının daha vacib beynəlxalq oyunçuya çevrilməsi və hər bir dövlətin bundan faydalana bilməsidir. Bunun nəticəsidir ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatına və türk birliyi idealına dəstək verməsi strateji ölçüyə malikdir. Bu birlik həm regional, həm də qlobal miqyasda Azərbaycanın maraqlarına xidmət edən struktur yaradır və ölkənin beynəlxalq aləmdə nüfuzunu gücləndirir. Türk dövlətlərinin birliyi və əməkdaşlığı perspektivində Azərbaycanın rolu gələcək ortaq məqsədlərin həyata keçirilməsində əsas amil kimi mühüm olaraq qalacaqdır.

Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri

Digər xəbərlər