PDF Oxu

Siyasət

  • 434

Zirvə görüşü Azərbaycanın gələcəyə baxışını özündə ehtiva etdi - ŞƏRH

image

Müstəqilliyini əldə etdikdən sonra müasir Azərbaycan Respublikası bütün dünyanın bağlı olduğu ümumbəşəri dəyərləri özünün davamlı inkişafında prioritet hesab etməyə başladı. Xüsusilə də, son 20 ildən artıq müddətdə Prezident İlham Əliyevin rəhbərliyi altında tolerantlıq və multikultural dəyərlərə, xalqlar arasında dialoqun təşviqinə üstünlük verilməklə bütün Azərbaycan cəmiyyəti məhz bu dəyərlərin əsasında formalaşdırıldı.

Bu gün Azərbaycan artıq bütün beynəlxalq platformalarda tərəfdaşlığa olan sadiqliyini davam etdirərək, dünya ictimaiyyətinə davamlı inkişafa nail olmağın yolunu nümayiş etdirir. Bu əməkdaşlıqlar çərçivəsində son illərdə ölkəmiz özünün çoxvektorlu xarici siyasətində xüsusilə türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsini prioritet olaraq müəyyən edib, türk dünyasının ayrılmaz bir parçasına çevrilib.

Heç kəsə sirr deyil ki, Azərbaycan üçün əhəmiyyəti və vacibliyi ilə fərqlənən beynəlxalq platformalardan biri də məhz Türk Dövlətləri Təşkilatıdır ki, Azərbaycan bu vaxta qədər təşkilatın yaranması və fəaliyyətində hərtərəfli dəstək nümayiş etdirib.

Yeniləşən dünyamızda sülh, təhlükəsizlik, sabitlik, inkişaf və tərəqqi ideyalarına sadiq olan türk dövlətlərinin tarixi nailiyyətlərini müasir çağırışlarla uzlaşdıraraq xalqların daha yaxşı yaşamalarını təmin etmək, habelə bu gün yaranmış mürəkkəb geosiyasi vəziyyətdə türk dövlətlərinin daha dayanıqlı birliyini möhkəmləndirmək Azərbaycanın milli maraqlarını əks etdirir.

Bu gün artıq türk dövlətləri demək olar ki, bütün sahələrdə dayanıqlı inkişafı xarakterizə edən əhəmiyyətli sənədlərini hazırlamaqdadırlar. Xüsusilə, 2021-ci ildə qəbul edilən “Türk Dünyasına Baxış-2040” sənədi qloballaşan dünyamızda baş verən dəyişikliklərə uyğunlaşmaq üçün əsas yol xəritəsini təşkil edir. Burada prioritet istiqamətlərdən biri də türk dövlətlərinin həm regional, həm də qlobal iqtisadiyyata təsirlərinin dayanıqlılığının təmin olunması, eyni zamanda onların vəhdətinin yaradılmasını diktə edir.

Son illərdə Avropa İttifaqının üzv dövləti, eyni zamanda Azərbaycanın strateji tərəfdaşı olan Macarıstan da türk dövlətləri ilə əməkdaşlığa maraq nümayiş etdirir, TDT çərçivəsində siyasi-iqtisadi əlaqələrin daha da möhkəmlənməsini öz xarici siyasətində mühüm hədəf kimi müəyyən edir. 20 may 2025-ci il tarixində Prezident İlham Əliyevin dost Macarıstan dövlətinə işguzar səfəri zamanı mətbuata verdiyi bəyanatda səsləndirdiyi kimi, “Macarıstan öz tarixi köklərinə çox bağlıdır, bu, bizi də çox sevindirir”.

Bu baxımdan, cari ilin 21 may tarixində Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının ikinci qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi, dövlətlər tərəfindən həmin görüşün yekununa dair Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan dövlət başçıları və TDT-nin Baş katibi tərəfindən 71 bənddən ibarət imzalanmış Bəyannamənin imzalanmasıyüniləşən dünya siyasi arxitekturasında türk dövlətlərinin qarşıya qoyulan hədəflərə çatmaları üçün növbəti addım oldu.

Qeyd edim ki, Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının ilk Zirvə görüşü ötən ilin 6 iyul tarixində məhz Azərbaycanın təşəbbüsü ilə Qarabağın tacı Şuşa şəhərində keçirilmişdi.

Prezident İlham Əliyevin Macarıstana işgüzar səfəri, səfər çərçivəsində Zirvə görüşündəki çıxışı Azərbaycanın gələcəyə baxışını özündə ehtiva etdi. Ölkə başçısınınməzmunlu çıxışı TDT çərçivəsində regional əməkdaşlığın,iqtisadi-ticari əlaqələrin daha möhkəmləndirilməsi, xüsusilə rəqəmsallaşmanın inteqrasiya olunmasındaAzərbaycanın gördüyü işləri və əhəmiyyətini bir daha ortaya qoydu.

Prezident İlham Əliyev çıxışı zamanı türk dövlətləri ilə Azərbaycanın dostluq və qardaşlıq münasibətlərinin, eləcə də əməkdaşlığının müsbət dinamika ilə inkişaf etdiyini diqqətə çatdırdı, eləcə də artan əmtəə dövriyyəsinin həcminə xüsusi toxunaraq, görülən işlərin bütün ölkələrin qarşılıqlı maraqlarına uyğun olduğunu bildirdi.

Belə ki, bu günə qədər Azərbaycan Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub, Orta Dəhlizin bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyəti 2024-cü ildə Azərbaycanın vəsaiti hesabına 5 milyon tona çatıb, eyni zamanda dəniz ticarətinin də genişləndirilməsi istiqamətində əməli işlər görülür.

Beləliklə, əminliklə deyə bilərik ki, bu gün Azərbaycanın əsas hədəfi həm türk dünyası çərçivəsində, həm də qlobal miqyasda beynəlxalq həmrəyliyin gücləndirilməsinə töhfə vermək, xüsusilə mürəkkəb geosiyasi vəziyyətdə xalqlar arasında əməkdaşlıq, dostluq, sülhə və təhlükəsizliyə hesablanmış gələcəyin təmin edilməsindən ibarətdir.

Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı

Digər xəbərlər