21 may 2025-ci il tarixində Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirildi. Qlobal siyasi sistemdə çoxqütblülüyün və regional ittifaqların aktuallaşdığı bir dövrdə təşkil olunan bu görüş, türk dövlətləri arasında həmrəyliyin və strateji əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərdi. Zirvə görüşündə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir sıra vacib mövzularda fikirlərini bölüşdü və Azərbaycanın təşəbbüskarlığını bir daha ortaya qoydu.
Prezident İlham Əliyev çıxışında ilk olaraq Azərbaycan ilə Macarıstan arasında inkişaf edən münasibətlərdən bəhs edərək bildirdi ki, ikitərəfli əlaqələr bütün sahələr üzrə genişlənməkdədir. Macarıstan Avropa İttifaqı məkanında Azərbaycanla ən yaxın tərəfdaşlardan biri olmaqla yanaşı, həm də Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu daşıyan ölkədir.
Ölkəmizin başçısı qeyd etdi ki, Macarıstanın Təşkilatda aktiv iştirakı və Türk dünyasına göstərdiyi dost münasibət, ortaq tarixə və mədəni dəyərlərə əsaslanır. Azərbaycanın enerji siyasətində Macarıstan mühüm tərəfdaşlardan biridir. Xüsusilə, Cənub Qaz Dəhlizi çərçivəsində həyata keçirilən layihələrdə Macarıstanın iştirakının genişlənməsi bu əməkdaşlığın iqtisadi sütununu möhkəmləndirir.
Bununla yanaşı, təhsil, mədəniyyət və humanitar sahələrdə də əlaqələrin intensivləşməsi, tələbə mübadilə proqramları və birgə layihələr ölkələr arasında “yumşaq güc” diplomatiyasını gücləndirir.
İlham Əliyev çıxışında ötən il – 2024-cü ilin iyulunda Azərbaycanın təşəbbüsü ilə Şuşa şəhərində keçirilmiş ilk qeyri-rəsmi Zirvə görüşünü də xatırlatdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə işğaldan azad edilmiş Şuşada keçirilmiş həmin toplantı, türk dünyasının həmrəyliyinin rəmzinə çevrilmişdi.
Prezident vurğuladı ki, Şuşa görüşü təkcə simvolik və siyasi əhəmiyyət daşımırdı, həm də Türk Dövlətləri Təşkilatının gələcək inkişaf prioritetlərini müəyyənləşdirən mühüm platformaya çevrilmişdi. Şuşada əsası qoyulmuş qeyri-rəsmi Zirvə formatının Budapeştdə davam etdirilməsi isə bu təşəbbüsün uğurla qarşılandığını və davamlı xarakter aldığını göstərdi.
Azərbaycanın belə strateji təşəbbüslərlə çıxış etməsi, onun yalnız regional deyil, həm də türkdilli dövlətlər arasında inteqrasiyanın dərinləşməsinə verdiyi töhfəni əyani şəkildə nümayiş etdirir.
Zirvə görüşünün sonunda iştirakçı ölkələrin liderləri tərəfindən Budapeşt Bəyannaməsi imzalandı. Bəyannamə Türk Dövlətləri Təşkilatının məqsəd və prinsiplərini, üzv və müşahidəçi ölkələrin ortaq maraqlarını və gələcək hədəflərini əks etdirir.
Prezident İlham Əliyev bu sənədin qəbulunu yüksək qiymətləndirərək, onun təşkilat çərçivəsində əməkdaşlığın hüquqi və siyasi əsaslarını gücləndirəcəyini bildirdi. Xüsusilə nəqliyyat, energetika, rəqəmsal texnologiyalar və mədəni-humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi, Bəyannamədə əsas istiqamətlər kimi yer aldı.
Bəyannamənin imzalanması həm də Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artmasına, daha funksional və dinamik regional struktur kimi formalaşmasına xidmət edir.Prezident İlham Əliyevin Budapeştdəki çıxışı, Azərbaycanın türk dünyasında oynadığı mühüm rolu və Təşkilat daxilində təşəbbüskar liderliyini bir daha təsdiqlədi. Azərbaycan, həm siyasi iradə, həm iqtisadi potensial, həm də mədəni dəyərlərə sadiqliyi ilə türk dövlətləri arasında inteqrasiyanın lokomotivi rolunu oynayır.
Budapeşt görüşü bir daha sübut etdi ki, Türk Dövlətləri Təşkilatı yalnız tarixi bağlarla deyil, həm də müasir çağırışlara cavab verə bilən vahid güc mərkəzinə çevrilməkdədir – bu prosesin mərkəzində isə Azərbaycan və onun güclü siyasi rəhbərliyi dayanır.
Əli Hüseynov
YAP Yasamal rayon təşkilatının fəalı