PDF Oxu

Siyasət

  • 3 255

Türk Dövlətləri Təşkilatının fəaliyyətində yeni perspektivlər

Türk Dövlətləri Təşkilatının fəaliyyətində yeni perspektivlər

Türk dünyası sadəcə coğrafi anlayış deyil, bu, minilliklərlə formalaşmış ortaq yaddaş, dil, mədəniyyət və qürurun adıdır. Bu gün bu böyük coğrafiyanın adını birlik, əməkdaşlıq və həmrəylik daha da ucaldır. Türk Dövlətləri Təşkilatı, məhz bu ideyanın – ortaq keçmişin və ortaq gələcəyin parlaq təcəssümüdür. Əsrlər boyu ayrılıqda öz taleyini yazan türkdilli dövlətlər bu gün bir araya gələrək tarixə qızıl hərflərlə yeni səhifə əlavə edirlər. Ortaq dəyərlərə, köklərə və inama söykənən bu birlik qardaşlıq ruhunun siyasi, iqtisadi və mədəni platformaya çevrilmiş halıdır. Bu gün Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Macarıstan kimi ölkələr Türk dünyasının strateji xəritəsini birlikdə cızırlar. Və bu xəritə, yalnız bugünün deyil, gələcəyin də zəmanətidir. Ən önəmlisi isə odur ki, bu birlik – sülhə, sabitliyə, qarşılıqlı hörmətə əsaslanır. Hədəfimiz bərabərlik üzərində qurulan müasir birgə inkişaf modelidir. “Türkün gücü birliyindədir” şüarı reallıqdır.

21 may 2025-ci il tarixində Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü türk dünyasının geosiyasi və iqtisadi əməkdaşlığında yeni bir mərhələnin əsasını qoydu. Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı bir sıra mühüm məqamları əhatə etmişdir. Bu çıxış türk dünyası üçün strateji baxışın və birliyin möhkəmləndirilməsi istiqamətində atılan addımların bariz nümunəsidir. Azərbaycan ilə Macarıstan arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən Prezident İlham Əliyev Macarıstanın Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunda fəal iştirakını və bu təşkilatın fəaliyyətinə verdiyi töhfələri yüksək qiymətləndirmişdir.

Dövlət başçısı öz çıxışında Türk dünyasının birliyinin və əməkdaşlığının əhəmiyyətini vurğulayaraq, Türk Dövlətləri Təşkilatının gələcəkdə qlobal səviyyədə əhəmiyyətli bir güc mərkəzinə çevriləcəyinə inamını qeyd edib. O, bildirib ki, gün gələcək, dünyanın bütün problemləri Türk Dövlətləri Təşkilatı ilə məsləhətləşmə yolu ilə həll olunacaq.

Prezident İlham Əliyev çıxışında 6 iyul 2024-cü ildə Azərbaycanın təşəbbüsü ilə Şuşa şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının ilk qeyri-rəsmi Zirvə görüşünü xatırlatmışdır. Bu görüş, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilmiş və Türk dünyasının birliyinin gücləndirilməsi baxımından əhəmiyyətli olmuşdur. Şuşa Zirvə görüşündə “Nəqliyyat, bağlantı və iqlim fəaliyyəti vasitəsilə dayanıqlı gələcəyin qurulması” mövzusu müzakirə edilmiş və bu, Türk Dövlətləri arasında əməkdaşlığın yeni mərhələsinin başlanğıcı olmuşdur.

Ölkəmizin başçısı, həmçinin, Azərbaycanın Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard dollardan artıq sərmayə yatırdığını və Türk İnvestisiya Fondunun bu il rəsmi olaraq fəaliyyətə başlamasının nəzərdə tutulduğunu qeyd edib.

Ölkəmiz nəqliyyat və logistika sahəsində böyük uğurlar əldə edib. Azərbaycan ərazisindən keçən yük daşımalarının həcmi durmadan artır, yeni yollar, dəmir yolları, limanlar və hava limanları inşa olunur. Bakı-Tbilisi-Qars dəmir yolunun gücü 5 milyon tona çatdırılıb, Orta Dəhlizin rəqəmsallaşdırılması istiqamətində işlər görülür. Prezident İlham Əliyev bildirib: “Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir. Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna - avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulmuşdur. Nəticədə, açıq dənizlərə çıxışı olmasa da Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmişdir”

Çıxışda o da qeyd olundu ki, Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükdaşıma qabiliyyəti 15 milyon tondan 25 milyona çatacaq. Eyni zamanda Azərbaycanda fəaliyyət göstərən 9 hava limanından üçü erməni işğalından azad edilmiş ərazilərdədir.

Bundan başqa, cənab Prezident cəmi on bir aya təşkil edilmiş və dünyanın 197 ölkəsindən nümayəndələrin iştirak etdiyi COP29 konfransının Azərbaycanda uğurla keçirilməsini də vurğuladı. Geniş miqyaslı bu tədbirin əsas nailiyyətlərindən biri iqlim dəyişikliyinə qarşı mübarizədə maliyyə yardımının artırılması və karbon bazarları ilə bağlı razılaşmaların əldə olunması oldu. Bu konfrans Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi kimi dəyərləndirildi və tarixə “Bakı sıçrayışı” kimi daxil oldu.

“COP29 zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan dövlət başçıları tərəfindən yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində imzalanmış strateji tərəfdaşlıq sazişi ölkələrimizdə istehsal edilən yaşıl enerjinin Xəzər-Qara dəniz marşrutu ilə dünya bazarlarına ixracı üçün geniş imkanlar yaradır” deyən Prezident İlham Əliyev Qırğızıstanın hazırda təşkilata uğurlu sədrliyini təqdir etdi və bu il Bakıda keçiriləcək Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşünə dəvətini iştirakçılara çatdırdı.

Budapeştdə keçirilən Zirvə görüşündə Türk Dövlətləri Təşkilatının Dövlət başçıları tərəfindən Türk Dövlətləri arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsini nəzərdə tutan birgə Bəyannamə imzalanmışdır. 71 maddədən ibarət bu Bəyannamədə türk dünyasının ortaq dəyərlərinin qorunması və gələcək nəsillərə ötürülməsi məsələləri əks olunmuşdur. Bu sənəddə nəqliyyat, enerji, iqlim dəyişikliyi, rəqəmsal transformasiya və təhlükəsizlik sahələrində əməkdaşlığın gücləndirilməsi, Türk İnvestisiya Fondunun fəaliyyətinin genişləndirilməsi və Türk dövlətləri arasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsi kimi mühüm istiqamətlər vurğulandı. Bəyannamə, həmçinin, Türk dünyasının qlobal siyasətdə daha təsirli mövqe tutması və beynəlxalq arenada birgə çıxış etməsi üçün yol xəritəsi rolunu oynayır.

Prezident İlham Əliyev bu sənədin imzalanmasını Türk Dövlətləri arasında birliyin və həmrəyliyin təzahürü kimi qiymətləndirmişdir Prezident İlham Əliyevin Budapeştdəki çıxışı, Azərbaycanın Türk Dövlətləri Təşkilatında fəal iştirakını və Türk dünyasının birliyinə verdiyi önəmi bir daha nümayiş etdirmişdir. Bu çıxış, həmçinin, Azərbaycanın regional və qlobal səviyyədə əməkdaşlığa verdiyi töhfələrin davamlılığını göstərmişdir.

Günay Məmmədli

YAP Yasamal rayonu “Moskva pr. 67” (ADSEA) ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər