Müstəqil və suveren Azərbaycan iqtisadi, sosial, siyasi və mədəni inkişafının tarixi dönüş mərhələsini yaşayır. Öz tarixi ərazi bütövlüyünü təmin edən ölkəmiz yeni qlobal reallıqlar fonunda özünün inkişaf mərhələsindədir. Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar milli iqtisadiyyatın davamlı inkişafını, onun maliyyə dayanıqlığının güclənməsini və sürətlə müasirləşməsini, müasir sosial-iqtisadi infrastruktur quruculuğu proseslərinin sürətlənməsini təmin etməkdədir. Azərbaycan dünya miqyasında sabit və dayanıqlı iqtisadiyyatı, eləcə də böyük maliyyə resursları olan, mühüm geosiyasi və geoiqtisadi mövqe tutan, qlobal enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan dövlətə çevrilmişdir. Azərbaycan beynəlxalq və regional əməkdaşlığa sanballı töhfələr verir, ölkəmizin təşəbbüsü və iştirakı ilə qlobal layihələr uğurla icra edilir. Artan iqtisadi güc və beynəlxalq nüfuz Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarının mənzərəsini dəyişdirməyə qadir olan iri layihələrin təşəbbüskarı kimi çıxış etmək imkanı yaratmışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycanın hər bölgəsinə səfəri ölkəmizin sosial-iqtisadi inkişafına böyük təkandır. Yeni müəsissələrin açılışı, təməlqoyma mərasimləri, yol infrastrukturunun müasirləşməsi və s. ölkəmizin uğurlu inkişafına söykənən amillərdir. Paytaxtla yanaşı, regionlarımıza yatırılan sərmayələr sayəsində yeni istehsal müəssisələrinin açılması ölkəmizdə qeyri-neft sektorunun inkişafının göstəricisi olmaqla bərabər, bölgələrimizin iqtisadi potensialının daha da möhkəmləndirilməsində çox böyük rol oynayır.
Ölkəmizin turizm mərkəzlərindən biri olan İsmayıllı rayonu son illərdə sürətlə inkişaf edib. İndiyədək dövlətimizin başçısı bu rayonda 10 dəfə olub. Azərbaycan Prezidentinin İsmayıllıya hər səfəri rayonun ictimai-siyasi həyatında mühüm hadisəyə çevrilməklə, yeni sosial-iqtisadi inkişaf mərhələsinin təməlini qoyub. Bütün bunlar rayonda aparılan tikinti-quruculuq işlərinin, məhsul buraxılışının, sənaye və kənd təsərrüfatı məhsulunun həcmində, yeni iş yerlərinin açılmasında özünü aydın göstərir.
YOLBOYU TUNEL VƏ BİRİ ASMA OLMAQLA 17 KÖRPÜ LAYİHƏLƏNDİRİLİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 26-da İsmayıllıya səfəri rayonun sosial-iqtisadi inkişafında əlamətdar hadisələrlə yadda qalıb. Təbii ki, Azərbaycan Prezidentinin bölgələrə hər bir səfəri regionların inkişafına, vətəndaşların rifahına, firavan həyatın təminatına yönəlib. Dövlət başçısının İsmayıllıya səfəri regionların inkişafına növbəti töhfədir. Bu gün ölkəmizin regionlarda böyük infrastruktur layihələri həyata keçirilir, müasir yollar çəkilir, sosial obyektlər inşa edilir. Bu, onu deməyə əsas verir ki, Azərbaycan Prezidentinin siyasətinin mərkəzində vətəndaşların rahat həyat şəraiti və məmnunluğu dayanır.
Belə ki, Azərbaycan Prezidenti Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsində görülən işlərlə tanış olub. Layihə üzrə ümumilikdə işlərin 70 faizi icra edilib. İkinci texniki dərəcəyə uyğun qurulan yolun ümumi uzunluğu 85,6 kilometrdir. Yenidənqurma nəticəsində yol 8,8 kilometr qısalacaq. Yolboyu Ağsuçay çayı üzərində asma körpü inşa olunur. Körpüdə işlərin 40 faizi yerinə yetirilib. Körpüdən sonra yolun davamı olaraq uzunluğu 885 metr olan tunelin tikintisi aparılır. Ümumilikdə yeni layihə üzrə yolboyu tunel və biri asma olmaqla 17 körpü layihələndirilib.
Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolu əhalinin rahat gediş-gəlişində xüsusi əhəmiyyətə malik olmaqla paytaxt Bakını İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ilə birləşdirən ən qısa magistral hesab edilir. Respublikanın mühüm turizm bölgələrinə gedən və ilk dəfə ötən əsrin 70-ci illərində Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə salınmış bu yolun yenidən qurulması Prezident İlham Əliyevin tapşırığına əsasən layihələndirilib.
Zəngin potensiala malik olan Azərbaycanda yol infrastrukturunun inkişafı ölkənin əsas prioritetlərindən birinə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu daxili siyasəti sayəsində qazanılan müvəffəqiyyətlərin sırasında bu sahənin inkişafı önəmli yer tutur. "Azərbaycanda ən müasir yol infrastrukturu yaradılacaq", - deyən dövlət başçısı tərəfindən bu sahəyə ayrılan diqqət nəticəsində respublikamızda ən müasir standartlara cavab verən nəqliyyat obyektləri və geniş şəbəkəli nəqliyyat sistemi yaradılıb. Hazırda isə dinamik templə həyata keçirilən qlobal layihələr və Azərbaycan Respublikasının sürətli iqtisadi inkişafı ölkədə etibarlı və dünya standartlarına cavab verən nəqliyyat sistemini təmin edib. Bu gün respublikada nəqliyyat-yol kompleksinin inkişafı istiqamətində görülən işlər, o cümlədən, magistral avtomobil yollarının bərpası, ən ucqar kəndlərə yolların çəkilməsi və s. istiqamətində reallaşan layihələr dövlətin bu sahəyə olan diqqətinin bariz nümunəsidir.
Bu sahəyə ayrılan diqqətin nəticəsidir ki, müasir yol infrastrukturu ölkə iqtisadiyyatının şaxələndirilməsinə, regionlarımızın sürətli inkişafına, eləcə də xalqın sosial rifahının yüksəldilməsinə öz töhfəsini verir.
"YENİLƏŞƏN AZƏRBAYCANA YENİ MƏKTƏB"
Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşdırılan "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində ölkəmizin bir çox regionlarında beynəlxalq tələblərə cavab verən yeni məktəb binalarının inşasına, onların müasir avadanlıqla təchiz olunmasına xüsusi diqqət yetirilir, bir sıra köhnə məktəb binalarının əsaslı təmiri istiqamətində mühüm işlər görülür. İsmayıllı şəhərində inşa olunan internat tipli "Talıstan" liseyi də Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində inşa olunub. Azərbaycan Prezidenti İlham Əliyev "Talıstan" internat tipli liseyin binasının açılışında iştirak edib. 1296 şagird yerlik lisey dörd mərtəbədən və 5 korpusdan ibarətdir. Binada 56 sinif otağı, kimya, fizika və biologiya laboratoriyaları, informatika, texnologiya, gənclərin çağırışaqədərki hazırlıq kabinetləri, kitabxana, 300 yerlik akt zalı, idman zalı və yeməkxana yaradılıb.
Bu layihənin icrası Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində təhsil sahəsinə ayrılan diqqətin göstəricisidir. Ölkəmizdə təhsilin inkişafında, onun maddi-texniki bazasının möhkəmlənməsində Heydər Əliyev Fondunun da müstəsna xidmətləri var. Fond Azərbaycanın sosial-iqtisadi inkişafının ən mühüm və zəruri sahələrindən biri kimi müəyyənləşdirilmiş təhsilin inkişafına daim xüsusi diqqət və qayğı ilə yanaşıb, bu istiqamətdə bir neçə vacib layihə həyata keçirib. Müasir məktəblərin qurulması həm də Azərbaycan dövlətinin prioritetləri sırasında başlıca yer tutur. Ölkəmizdə təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilərinin inşası, onların zəruri tədris avadanlığı ilə təchizi gənc nəslin daha savadlı və bilikli yetişməsində olduqca mühüm rol oynayır.
BEYNƏLXALQ KEYFİYYƏT VƏ TƏHLÜKƏSİZLİK STANDARTLARINA CAVAB VERƏN MÜƏSSİSƏ
"Talıstan" liseyində yaradılan şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısına son illərdə rayonda həyata keçirilən sosial-iqtisadi layihələr, o cümlədən 2020-2025-ci illərdə istifadəyə verilən istehsal müəssisələri və istirahət mərkəzləri barədə məlumat verildi. Həmin dövrdə rayonda fəaliyyətə başlamış bu obyektlərdə 400-ə yaxın iş yeri açılıb.
Prezident İlham Əliyevə rayonun Tircan kəndində su istehsalı müəssisəsinin inşası ilə bağlı məlumat verilib. İllik istehsal gücü 25 milyon litr olan müəssisədə 80 nəfər işlə təmin ediləcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllıya səfəri çərçivəsində "Azerbaijan Coca-Cola Bottlers" MMC-nin İsmayıllıda yeni istehsal müəssisəsinin açılışında iştirak edib. İsmayıllı rayonunun Topçu kəndində yerləşən bu müəssisə 15 hektar ərazidə inşa edilib və illik 165 milyon litr istehsal gücünə malikdir. Layihənin investisiya dəyəri 80 milyon manatdır. Beynəlxalq keyfiyyət və təhlükəsizlik standartlarına cavab verən müəssisədə 100-dən çox yerli sakin daimi işlə təmin olunub. Bu, "Coca-Cola Bottlers" MMC-nin ölkəmizdə ikinci istehsal müəssisəsidir. Yeni müəssisə tərəfindən istehsal olunacaq məhsulların əsasən daxili bazarda satışı nəzərdə tutulub. Müəssisə İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilən investisiya təşviqi sənədi çərçivəsində 7 il müddətində mənfəət və gəlir vergisindən 50 faiz güzəşt əldə edib. Bundan əlavə, əmlak və torpaq vergisindən, texnika, texnoloji avadanlıq və qurğuların idxalına görə ƏDV-dən və gömrük rüsumlarından azad olunub. Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən layihənin maliyyələşdirilməsinə 10 milyon manat güzəştli kredit ayrılıb. "Azerbaijan Coca-Cola Bottlers" MMC ətraf mühitin mühafizəsi üzrə öhdəliklərə sadiq qalaraq istehsal zamanı sərf olunan enerjinin bir qismini günəş panelləri vasitəsilə əldə olunan yaşıl enerji ilə təmin etməyi nəzərdə tutur.
İsmayıllı rayonunda belə bir istehsal müəssisəsinin açılması bölgənin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, sənaye potensialının reallaşdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Yeni müəssisənin açılması istehsalın lokallaşdırılmasını, texnologiya transferini və idxalın əvəz edilməsini stimullaşdırır.
Qeyd edək ki, regionların davamlı inkişafı, istehsal və ixrac imkanlarının artırılması, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi dövlətimizin başçısı tərəfindən həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının önəmli istiqamətlərindəndir. Davamlı islahatlarla investorlar üçün yaradılan əlverişli işgüzar şərait, güzəşt və imtiyazlar onları ölkəmizə daha çox sərmayə yatırmağa sövq edir. "Coca-Cola"nın Azərbaycana investisiyalarının artırılması da ölkədə əlverişli biznes mühitinin və cəlbedici investisiya şəraitinin mövcudluğundan irəli gəlir. "Azerbaijan Coca-Cola Bottlers" MMC ölkəmizdə istehsala 1996-cı ildə başlayıb. Şirkət indiyədək Azərbaycan iqtisadiyyatına 200 milyon dollar sərmayə yatırıb.
Əlbəttə ki, Azərbaycanın iqtisadi-siyasi uğurlarını əsaslandıran amillər möhkəm siyasi sabitliyin olması, iqtisadiyyatın şaxələndirilməsi ilə əhatəli islahatların həyata keçirilməsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi inkişaf modeli ölkəmizin dayanıqlı iqtisadi yüksəlişini təmin etməkdədir.
Nəzakət ƏLƏDDİNQIZI