PDF Oxu

Siyasət

  • 2 223

Müsəlman Şərqində ilk demokratik və hüquqi dövlət

Müsəlman Şərqində ilk demokratik və hüquqi dövlət

Azərbaycan Şərq dünyasında demokratik, hüquqi, humanist dövlət kimi möhrünü vurub. Azərbaycan Xalq Cümhuriyyəti Cənubi Qafqazda ilk demokratik respublika idi. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən Heydər Əliyev deyirdi: "Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır". Belə bir günün bu gün də qeyd olunması Azərbaycan tarixinə verilən ən yüksək dəyərdir. Bu onu təsdiqləyir ki, Azərbaycan qədim dövlətçilik və idarəçilik tarixinə, ənənələrinə malikdir. 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası ölkənin dövlət müstəqilliyi haqqında "İstiqlal Bəyannaməsi"ni qəbul etdi. Bütün türk-müsəlman dünyasında, ümumiyyətlə bütün Şərqdə ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulu - parlamentli respublika yaradıldı. Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində deyilirdi: Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyət haqqına malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir".

Bu hüquqi və siyasi sənəddə müstəqil Azərbaycan dövlətinin yarandığı göstərildi, onun hakimiyyətinin şamil olduğu ərazinin hüdudları müəyyənləşdirildi, dövlətin əsas prinsipləri öz əksini tapmış oldu. "İstiqlal Bəyannaməsi"ndə demokratik dövlətə məxsus atributların - hakimiyyətin xalqa məxsus olması, vətəndaşların mülki və siyasi hüquqlarının təminatı, hakimiyyətin bölünməsi prinsiplərinin dövlət fəaliyyətinin əsası kimi bəyan edilməsi Azərbaycan xalqının suveren, demokratik, hüquqi dövlət yaratmaq əzmində olduğunu bütün bəşəriyyətə nümayiş etdirdi. Qısa müddətdə, tarixi bir missiyanı yerinə yetirərək, genişmiqyaslı demokratik islahatlar həyata keçirib. Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı.

1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin xidmətləri danılmazdır.

Demokratik dövlət olan yeni Cümhuriyyət beynəlxalq əlaqələr qurub və beynəlxalq ictimaiyyət tərəfindən tanınıb. 23 ay yaşayan AXC 1920-ci il aprelin 28-də bolşevik işğalı nəticəsində devrildi. Sovetlər Birliyi Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. 1991-ci ildə sovet imperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini bərpa etdi. 71 il sonra, 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa edən Azərbaycanın müstəqilliyi yenə təhlükə qarşısında idi. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyini əbədi etdi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə separatçıların ölkəni parçalamaq kimi məkrli niyyətlərinə son qoyuldu. Dövlət çevrilişi cəhdlərinin və terror aktlarının qarşısı alındı. Müstəqil Azərbaycanın Yeni Konstitusiyası – Ana Qanunu qəbul olundu. Azad və demokratik şəraitdə prezident, parlament və bələdiyyə seçkiləri keçirildi. Ölkədə demokratik dəyişikliklər aparıldı, hüquq-mühafizə və məhkəmə sistemi yenidən quruldu. Ulu Öndər Heydər Əliyev dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq. 1991-ci ildə müstəqilliyini bərpa edən müasir Azərbaycan Respublikası, 1918-1920-ci illərdə, 23 ay ərzində, mövcud olan və müsəlman Şərqində ilk dünyəvi-demokratik dövlət kimi tarixə düşən Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir.

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107 illiyini Qalib Azərbaycan xalqı qürürla qeyd edir. Dövlətimizin başçısının sərəncamları ilə 2018-ci il ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olundu və AXC-nin 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi. Xalqımız Cümhuriyyətin yarandığı 28 May – Respublika Gününü milli bayram kimi qeyd edir.

Prezident İlham Əliyevin rəhbərliyi altında Zəfər qazanmış müstəqil və suverən dövlət olaraq Azərbaycanın dinamik inkişafı, sürətli tərəqqisi, həyata keçirilən əzəmətli layihələri, modernləşməsi və vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət dəyişikliklər hər birimizi qürurlandırır. "Bu gün biz xoşbəxtik ki, müstəqil ölkə kimi, azad xalq kimi yaşayırıq, taleyimiz öz əlimizdədir", - deyən Azərbaycan Prezidenti İlham Əliyev müstəqilliyimizin qorunmasının, möhkəmlənməsinin ən vacib məsələlərdən biri olduğunu qeyd edib: "1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların niyyətlərini biz həyatda təmin etdik, həyata keçirdik. Əminəm ki, müstəqillik yolunda bizim inkişafımız davamlı olacaq, uğurlu olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq!"

İlkin ABBASOV,

Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının sədr müavini

Digər xəbərlər