PDF Oxu

Siyasət

  • 2 488

Böyük Qayıdış: Laçının inkişafına verilən töhfələr

Böyük Qayıdış: Laçının inkişafına verilən töhfələr

Prezident İlham Əliyev: "Bərpa edilmiş şəhər və kəndlərimizin sayı 15-ə çatıb"

Azərbaycanın iqtisadi gücü, dinamik inkişafı işğaldan azad olunan ərazilərimizdə abadlıq-quruculuq işlərini sürətləndirir. 44 günlük vətən müharibəsində Azərbaycan Zəfər qazandı. Vaxtilə "Qarabağ Ermənistandır", - deyən Ermənistan rəhbərliyi öz məğlubiyyətini qəbul etməyə məcbur olmuşdur və 2020-ci ilin noyabrın 10-da kapitulyasiya aktı Ermənistan tərəfindən imzalandı. Əlbəttə ki, 30 ilə yaxın işğalda olan torpaqların bərpası, yenidən qurulması vaxt və maliyyə imkanları tələb edir. Bu gün işğaldan azad olunan və üçrəngli bayrağımız dalğalanan ərazilərimizdə müasir infrasturuktur yaradılır. Məlumdur ki, 2026-cı ilədək dövrü əhatə edən "Böyük Qayıdışa dair I Dövlət proqramı"na müvafiq olaraq, işlər həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunan ərazilərə səfərləri çərçivəsində bir sıra məkanlarda təməlqoyma mərasimləri, yeni müəssisələrin və s. açılışı buralarda aparılan abadlıq-quruculuq işlərinin sürətindən və davamlığının göstəricisidir. İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma, abadlıq və quruculuq işlərinin aparılması məqsədi ilə bütün güclər səfərbər olunub və görülən işlərə dövlət başçımız şəxsən nəzarət edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun gücü sayəsində azadlığına qovuşan Laçın yeni bir dövrünə – quruculuq və inkişaf dövrünə qədəm qoyub.

Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müstəqillik günü ərəfəsində Laçın rayonunun Bəylik kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim edib. "May ayı sizin üçün ikiqat bayram ayı olacaq - həm müstəqillik bayramı, həm də Bəyliyə qayıtdığınız gün. Amma may ayı laçınlılar üçün faciəvi ay olmuşdur. Məhz may ayında Laçın işğala məruz qaldı, Şuşa işğalından 10 gün sonra. Bu, böyük bir faciə idi, böyük bir bəla idi həm sizin üçün, həm də bütün ölkəmiz üçün. Çünki məhz Laçının işğal altına düşməsi müharibədə ondan sonrakı uğursuzluqlarımızın təməlini qoydu. Çünki ovaxtkı Dağlıq Qarabağ bölgəsi coğrafi nöqteyi-nəzərdən Ermənistanla birləşdi. Mənfur Laçın dəhlizi açıldı, hansı ki, indi yoxdur. Artıq uzun illərin Laçın-Xankəndi yolu var. Laçın dəhlizi tarixdə qaldı". Bu sözləri Prezident İlham Əliyev Laçın rayonunun Bəylik kəndinə köçən sakinlərlə görüşündə söyləyib. Həmin dövrdə Azərbaycanda hakimiyyət uğrunda mübarizə getdiyini xatırladan dövlətimizin başçısı deyib: "O vaxt hakimiyyətə can atan AXC-Müsavat cütlüyü xəyanət, satqınlıq etmişdir və torpaqlarımızın işğal altına düşməsində onların böyük mənfur payı var. Məhz Laçın işğala məruz qalandan bir ay sonra onlar öz istəklərinə nail olub hakimiyyətə gəldilər, o da ölkəmiz üçün böyük bəlaya gətirib çıxarmışdır. Hakimiyyətə gəlmək üçün torpaqları satmaq, düşmənə təhvil vermək böyük cinayətdir, böyük xəyanətdir, satqınlıqdır, qorxaqlıqdır. Amma o, artıq tarixdə qaldı. O tariximizin qara səhifəsi çoxdan bağlandı. Azərbaycan bu gün bütün ərazisində öz suverenliyini bərpa edib. May ayı bundan sonra ancaq sizin üçün, bizim hamımız üçün bayram ayı kimi olacaqdır".

Azərbaycanın siyasi iradəsi, iqtisadi gücü işğaldan azad olunan ərazilərdə yeni həyatın başlanmasına imkan verir. Vətən müharibəsindən ötən dörd il yarım müddətində işğaldan azad olunmuş ərazilərdə görülən işlər bunun təzahürüdür. Həmin ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması istiqamətində kifayət qədər layihələr həyata keçirilib.

YENİ İSTEHSAL VƏ XİDMƏT MÜƏSSİSƏLƏRİ İSTİFADƏYƏ VERİLİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Laçın rayonuna növbəti dəfə səfər edib və yeni müəsissələrin açılışında iştirak edib,

Uzun illər Ermənistan tərəfindən işğala məruz qalmış Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı layihələr regionun iqtisadi potensialının reallaşdırılması ilə paralel şəkildə davam etdirilir. Yeni istehsal və xidmət müəssisələrinin istifadəyə verilməsi əhalinin dayanıqlı məskunlaşmasına və məşğulluğun təmininə geniş şərait yaradır. Eyni zamanda, Laçın Sənaye Parkında istehsal müəssisələrinin qurulması innovativ texnologiyaların tətbiqi və ixracyönümlü məhsul hazırlanması baxımından böyük əhəmiyyət daşıyır. Bütün bu addımlar Qarabağı və Şərqi Zəngəzuru ölkənin iqtisadi inkişafının mühüm komponentlərindən birinə çevirir, bölgənin ümumilikdə ölkə iqtisadiyyatına inteqrasiyasını sürətləndirir. Dövlət başçımız "LATIFA" Laçın tikiş fabrikinin açılışında iştirak edib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2023-cü il avqustun 26-da açılışı olmuş "Laçın Aqro-Sənaye Parkı" fəaliyyətini genişləndirir. Rayonun Zerti kəndində yerləşən Parkda artıq 12 müəssisə fəaliyyət göstərir. Sənaye parkında daha iki müəssisənin işə başlaması nəzərdə tutulur. Bunlardan biri "LATIFA" Laçın tikiş fabrikidir. Ümumi dəyəri 1,2 milyon manat olan müəssisədə 30 yeni iş yeri yaradılacaq. Fabrikdə gündə 2 min ədəd tekstil məhsulu istehsal olunacaq. Buraya ev tekstili, idman dəstləri, eksklüziv geyimlər və digər məhsullar daxildir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də "PIRSHAGHI" ayaqqabı fabrikinin Laçın filialının açılışında iştirak edib. "Laçın Aqro-Sənaye Parkı"nda işə başlayan müəssisələrdən biri də "PIRSHAGHI" ayaqqabı fabrikinin Laçın filialıdır. Ümumi dəyəri 367,9 min manat olan müəssisədə əsasən Laçın sakinləri olmaqla 15 nəfər işlə təmin ediləcək. Müəssisə kişi, qadın və uşaqlar üçün ayda 1500 cüt ayaqqabı istehsal etmək gücündədir. Müasir avadanlıqlarla təchiz olunmuş fabrikdə idman və klassik üslubda ayaqqabılar istehsal ediləcək. Müəssisə daxili bazarda satış həyata keçirməklə yanaşı, istehsal etdiyi məhsulları Avropa ölkələrinə ixrac etməyi də planlaşdırır.

"Laçın Aqro-Sənaye Parkı"nda ümumilikdə 46 müəssisənin fəaliyyət göstərməsi nəzərdə tutulub. Burada mebel fabrikləri, balıq təsərrüfatı, yeyinti sənayesi, yüngül sənaye, ekoloji cəhətdən təmiz emal müəssisələri, kiçikbuynuzlu heyvanlar üzrə elmi-təcrübə mərkəzi və digər müəssisələr yaradılacaq. Regionda yeni iş yerlərinin yaradılması, infrastrukturun bərpası və sahibkarlıq fəaliyyətinə dəstək iqtisadi fəallığın canlanmasına səbəb olur. "Laçın Aqro-Sənaye Parkı" bu xüsusda olduqca mühüm rol oynayır.

CƏNNƏT DİYARIMIZ: LAÇIN KANAT YOLU

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarının birində bildirdiyi kimi, "Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq - ən müasir, ən rahat, ən gözəl". Əlbəttə ki, Bu ərazilərdə görülən işlər bu fikirləri bir daha təsdiqləyir. Cənnət diyarımız Laçındayıq! İşğaldan azad olunduqdan sonra qısa zamanda bərpa edilən Laçında çox mühüm sosial-infrastruktur layihələri həyata keçirilməkdədir. Bu xüsusda Laçında turizm infrastrukturuna xüsusi diqqət yetirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın kanat yolunun təməlini qoyub. Laçının füsunkar təbiəti, turizm imkanları nəzərə alınaraq rayonda turizm infrastrukturunun qurulmasına da xüsusi diqqət yetirilir. Bu məqsədlə yaradılan Laçın kanat yolu şəhərin Bulvar ərazisində yerləşəcək və iki hissədən ibarət olacaq. Kanat yolunun hündürlüyü 300 metr, xəttinin uzunluğu isə 1720 metr olacaq, hərəkət müddəti 6 dəqiqə təşkil edəcək. Ümumilikdə 17 kabinədən ibarət kanat yolu saatda 800 sərnişinə xidmət edə biləcək. Kanat yolunun yerləşdiyi, uzunluğu 2 kilometrə yaxın olan Bulvar ərazisi bu gün həm yerli sakinlərin, həm də turistlərin sevimli məkanlarından biridir.

ƏHALİNİN ELEKTRİK ENERJİ TƏCHİZATININ FASİLƏSİZLİYİNİN VƏ DAYANAQLILIĞININ TƏMİNİ

Laçında görülən işlərdən biri də Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzinin yaradılmasıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Mərkəzin açılışında iştirak edib. Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzindən şəhərin ərazisində yerləşən istehlakçıların - yeni salınan yaşayış komplekslərinin, tikintisi aparılan sənaye və sosial təyinatlı infrastrukturun, kənd təsərrüfatı və turizm obyektlərinin, xüsusən əhalinin elektrik enerji təchizatının fasiləsizliyinin və dayanaqlılığının təmin olunması nəzərdə tutulur. Mərkəz elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayan və emal edən, eləcə də avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edən nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsidir. Burada hər birinin gücü 1600 kVA olan iki ədəd güc transformatoru, müasir avadanlıqlarla təchiz olunmuş 35 kV-luq və 0,4 kV-luq qapalı paylayıcı qurğular quraşdırılıb. Mərkəzin elektrik təchizatı üçün "Laçın" yarımstansiyasından 4,8 km uzunluğunda ikidövrəli elektrik verilişi xətləri çəkilib. Burada quraşdırılan müasir avadanlıq bütün texnoloji ölçmələrin yüksək dəqiqliyini və vahidliyini təmin edir ki, bu isə öz növbəsində şəbəkənin etibarlı istismarını dəstəkləməklə yanaşı, elektrik enerjisinin ötürülməsi zamanı itkilərin və ümumi istismar xərclərinin azaldılmasına şərait yaradır. Mərkəzdə, həmçinin istehlakçıların elektrik enerjisi verilişində planlı fasilələrin yaranması barədə onlayn qaydada əvvəlcədən məlumatlandırılma imkanı yaradılıb. Bərpaolunan enerji mənbələrinin şəbəkələrə inteqrasiya edilməsi prosesi Rəqəmsal İdarəetmə Mərkəzində avtomatik idarə olunduğundan elektrik enerjisi təchizatında fasilələrin yaranması tam aradan qaldırılır. Alınan və ötürülən elektrik enerjisinin miqdarına görə yarımstansiya işinin multifunksional rejimdə qurulmasını, həmçinin cihaz və avadanlıqların qarşılıqlı koordinasiyasını tam təmin edən mərkəz vasitəsilə əməliyyatların paylayıcı şəbəkənin tələblərinə avtomatik uyğunlaşdırılması həyata keçirilir.

BƏYLİK KƏNDİNƏ ÜMUMİLİKDƏ 90 AİLƏ KÖÇÜRÜLƏCƏK

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Laçın rayonunun Bəylik kəndinin açılışında da iştirak edib. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqrammı"na uyğun olaraq Laçın rayonunda, o cümlədən Bəylik kəndində genişmiqyaslı quruculuq işləri aparılır.

Prezident İlham Əliyev Laçın rayonunun Bəylik kəndində klub-icma mərkəzində yaradılan şəraitlə də tanış olub. Buradakı otaqlarda rəqs və digər dərnəklər fəaliyyət göstərəcək. Binadakı zalda əlamətdar günlərlə bağlı müxtəlif tədbirlərin, eyni zamanda, gənclərin toplantı və görüşlərinin keçirilməsi üçün hərtərəfli şərait var. Bəylik kəndində evlərin, sosial obyektlərin, küçələrin işıqlandırılmasında yaşıl enerjidən istifadə edilir. Bu məqsədlə digər obyektlər kimi klub-icma mərkəzinin binasının damında da günəş panelləri quraşdırılıb.

Sonra Prezident İlham Əliyev Bəylik kəndində yeni inşa edilmiş fərdi evlərdə yaradılan şəraitlə tanış olub. Qeyd edək ki, tamamilə yenidən tikilən kəndə ümumilikdə 90 ailə - 360 nəfərin köçürülməsi nəzərdə tutulur. Ərazisi 29,6 hektar olan kənddə 91 fərdi ev inşa olunub. Evlərdən 13-ü iki, 50-si üç, 15-i dörd, 13-ü isə beşotaqlıdır.

Bəylik kəndində əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələr tikilib, kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub.

Azad edilmiş ərazilərdə bu günə qədər artıq 40-43 min adam yaşayır. Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunan torpaqlarımıza səfər edərək, erməni vandallarının törətdiyi əməlləri bir daha xalqımıza göstərir və bu ərazilərdə görüləcək işlərlə balı tapşırıq və göstərişlərini verir. Ermənilər nə qədər vandallıq əməlləri törətsələr də, ərazilərimizi viran qoysalar da, xalqımza məxsus din-mədəniyyət abidələrin dağıtmış olsalar da, tarixi həqiqət qələbə çalıb. Azərbaycan öz haqqına qovuşub və bu gün quruculuq meydanındadır.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 1 dekabr tarixində xalqa müraciətində Laçın rayonunun işğaldan azad olunmasının tarixi hadisə olduğunu bildirmişdi. "Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq" – deyən Cənab Prezident qeyd etmişdi ki, döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı: "Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq".

Bu gün Laçında da yeni həyat başlayır. Laçında abadlıq-quruculuq işləri həyata keçirilir.

"Gözəl evlər, yollar, elektrik enerjisi, təbii qaz, su, həyətyanı sahə, yəni, yaşamaq üçün, çalışmaq üçün bütün imkanlar var. Belə gözəl, təbii şəraitdə yaşamaq, özü də öz torpağında yaşamaq, əlbəttə, əminəm ki, sizin üçün çox xoşdur. Bu, böyük xoşbəxtlikdir. Biz 30 illik erməni işğalına son qoyandan sonra dərhal bütün rayonlarda bərpa-quruculuq işlərinə start verildi, erməni vandallığına məruz qalmış kəndlər yenidən quruldu. Bəylik kəndi də ermənilər tərəfindən yerlə-yeksan edilmişdi. İndi gözəl yaşayış məntəqəsi yaradılmışdır", - deyə Prezident bildirib.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər