PDF Oxu

Siyasət

  • 463

Prezident İlham Əliyev: “Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır! Yaşasın güclü, müstəqil Azərbaycan!”

image

28 may milli kimliyimizin, azadlıq sevgimizin bəyanı günüdür.

Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.1918-ci il 28 may tarixində elan edilən Azərbaycan Xalq Cümhuriyyəti nəinki xalqımızın siyasi iradəsinin, həm də milli kimliyimizin simvolu oldu. AXC-nin yaranması ilə biz, bütün Şərqdə ilk dəfə olaraq respublika idarəetmə modelinə keçid etdik və demokratik dəyərləri dövlət əsaslarında bərqərar etdik.

Dövlətimizin rəmzləri – bayrağımız, gerbimiz, himnimiz – məhz bu dövrdə formalaşdı. Üçrəngli bayraq mavi, qırmızı və yaşıl rənglərdə türklüyümüzü, müasirliyimizi və İslam sivilizasiyasına mənsubiyyətimizi simvolizə edirdi. Bu bayraq bir çoxları üçün sadəcə rəmz deyil – o, Azərbaycan xalqının mübarizə ruhunun, istiqlal əzminin və gələcək ümidlərinin ifadəsidir.

1990-cı ildə Naxçıvanda Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə bu bayraq yenidən qaldırıldı. Bu hadisə, 70 illik sovet hökmranlığından sonra xalqın milli kimliyinə və istiqlal arzusuna qayıdış idi. Bu cəsarətli addım Azərbaycanın müstəqillik yolundakı dönüş nöqtələrindən biri oldu. Konstitusiya Aktı ilə 1991-ci ilin oktyabrında Azərbaycanın müstəqilliyi bərpa edildi və hüquqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi tanındı.

Ulu öndər Heydər Əliyev bu dövrdə Azərbaycanın siyasi, sosial və iqtisadi sahələrdə ayaqda qalması və güclənməsi üçün əvəzsiz işlər gördü. Onun müstəqillik haqqında dediyi sözlər sadəcə şüar deyil – bu, strateji gerçəkliyi əks etdirən bir yol xəritəsi idi: “Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi.” Həqiqətən də, müstəqil dövlət qurmaq üçün yalnız iradə yox, sistemli düşüncə, planlı fəaliyyət və dərin siyasi savad tələb olunurdu.

Bu gün Azərbaycan regionda söz sahibi olan, müstəqil siyasət yürüdən və milli maraqlarını qətiyyətlə müdafiə edən bir dövlətə çevrilib. Bu nailiyyətlərin əsasında isə 28 May ruhu dayanır – xalqın öz taleyinə sahib çıxmaq əzmi. Biz bu tarixi yalnız xatırlamamalı, həm də gələcək nəsillərə bu dəyərləri ötürmək üçün çalışmalıyıq.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür.

Ötən illər ərzində atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edib. Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı.

Cənəb Prezident demişdi: -“Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır! Yaşasın güclü, müstəqil Azərbaycan!”.

Ağaverdi Əliverdiyev

YAP Qusar rayon təşkilatının əməkdaşı

Digər xəbərlər