1918-ci il mayın 28-də Tiflisdə fəaliyyət göstərən Azərbaycan Milli Şurası tərəfindən qəbul edilən İstiqlal Bəyannaməsi ilə xalqımız öz suveren iradəsini ifadə edərək dövlət müstəqilliyini bütün dünyaya bəyan etmiş və milli dövlətçilik ideyalarının siyasi-hüquqi əsaslarını formalaşdırmışdır. Həmin qərar demokratik dəyərlərə əsaslanan müasir dövlətçilik ənənələrinin başlanğıcı kimi əlamətdar olmuşdur.Cümhuriyyət dövründə qadınlara səsvermə hüququnun tanınması, milli azlıqların hüquqlarının təmin olunması və demokratik institutların formalaşdırılması bu dövlətin gələcəyə hesablanmış siyasi iradəsinin göstəricisi idi. İstiqlal Bəyannaməsi xalqın azad yaşamaq, hüquqi əsaslarla idarə olunmaq və demokratik cəmiyyət qurmaq istəyinin aydın ifadəsi olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, onun dövlətçilik təməli müasir Azərbaycan Respublikasının formalaşmasında əvəzsiz rol oynamışdır. 1918-ci il mayın 28-də qəbul olunan İstiqlal Bəyannaməsi Azərbaycan xalqının azad yaşamaq, öz taleyini müstəqil şəkildə həll etmək iradəsini ortaya qoymuşdur. Bu sənəddə millətlərin hüquq bərabərliyi, insan haqları, vicdan azadlığı, demokratiya prinsipləri öz əksini tapmışdır.Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir.İlk növbədə, müsəlman Şərqində və türk dünyasında ilk Demokratik Respublikanı yaratmaqla xalqımız sahib olduğu dövlətçilik ənənələrini bir daha təsdiq etdi. İnsan hüquq və azadlıqlarının təmin edilməsi, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması Xalq Cümhuriyyətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir. Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə öz mövcudluğunu cəmi 23 ay qoruya bildi. Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyəti bolşevik Rusiyasının işğalına məruz qalaraq, müstəqil dövlət kimi dünyanın siyasi xəritəsindəki yerini müvəqqəti itirdi. Lakin bütün çətinliklərə baxmayaraq, istiqlal ideyası heç vaxt yenilmədi və 1991-ci ildə sovet imperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini bərpa etdi.Həyatının bütün işgüzar dövrünü Azərbaycan yolunda sərf etmiş böyük siyasi xadim Heydər Əliyev xalqın səsinə səs verdi. 1993-cü il iyunun 9-da Bakıya gəldi. Məhz həmin gündən Azərbaycan xalqının və dövlətinin həyatında dönüş, müstəqilliyin qorunması və möhkəmləndirilməsi uğrunda şərəfli mübarizə dövrü başlandı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər görmüş, ölkədə ictimai-siyasi sabitliyi bərqərar etmiş, bundan sonra Azərbaycan Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir.
Məhz Ulu Öndərin bu təfəkküründən yararlanan və onun siyasi kursunu davam etdirəm Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür.Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızı düşməndən azad etmək və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızı dalğalandırmaq. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı bu qüruru yaşayır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük İkinci Qarabağ müharibəsində ədaləti bərpa etdi, torpaqlarımız tarixi sahibinə qovuşdu. 2023-cü ilin sentyabrında həyata keçirilən bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa olundu və Azərbaycan yeni dövrə qədəm qoydu. Dövlət başçısı İlham Əliyevin tarixi Zəfərimizdən ötən beş ildə hər bir bayramı, əlamətdar günü azad edilmiş ərazilərdə qeyd etməsi hər birimizi qürurlandırır.
Ayaz Cəbrayılov
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri