Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Yevlax komitəsinin birgə təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Bəşir Səfəroğlu adına Xalq Teatrının binasında “Xalqın, dövlətin ən böyük və ən qiymətli sərvəti uşaqlardır” şəhid və qazi övladları üçün bayram tədbiri təşkil olunub.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Yevlax rayonu üzrə nümayəndəsi Günel Cəfərova, Vətən müharibəsi şəhidi Emin Kazımovun atası Fərman Kazımov, Yevlax şəhər Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova və Yevlax Yaradıcılıq Evinin direktoru, Respublikanın əməkdar mədəniyyət işçisi Zöhrə Adıgözəlova bayram münasibətilə uşaqları təbrik edib, onlara xoş arzularını bildiriblər.
Qeyd edilib ki, Prezident İlham Əliyevin apardığı siyasətə uyğun olaraq, şəhid ailələrinin üzvləri, uşaqlar dövlətin diqqət və qayğısı ilə əhatə olunub.
Çıxışlarda şəhidlərin qəhrəmanlığından, şücaətindən və qanları bahasına qazanılan qələbədən ətraflı danışılıb.
Tədbir çərçivəsində Yevlax şəhər Mədəniyyət mərkəzinin Kukla xalq teatrı tərəfindən “Nağıl qəhrəmanları” tamaşası nümayiş etdirilib.
Sonda uşaqlara hədiyələr təqdim olunub.