PDF Oxu

Siyasət

  • 1 261

Müstəqillik Günü tariximizin ən şanlı və parlaq səhifələrindəndir

image

Yüz yeddi il bundan əvvəl Azərbaycan Xalq Cumhuriyyətinin yaradılması ölkəmizin, xalqımızın həyatına böyük tarixi hadisə kimi daxil oldu. Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir gündür. Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində bu işıqlı may günündə arzusuna qovuşdu. Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı dünyaya bəyan edildi.

1991-ci ilin oktyabr ayında Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz müstəqiliyini elan etdi. Azərbaycan dövləti özünün 1918-ci ildə qurulmuş demokratik cümhuriyyətin varisi olduğunu elan etdi. Məhz varislik prinsipinə görə, Müstəqillik Günü Azərbaycanın dövlət müstəqilliyi günü kimi qeyd olunaraq, xalqın XX əsrdə qazandığı nailiyyətlərlə bağlı bir gündür. Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli cümhuriyyət və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.
Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı demokratik, müstəqil Azərbaycanın dövlətinin qorunması, möhkəmləndirilməsi 1918-ci ildə əldə etdiyimiz uğurların əbədiyyətə qədər davam etməsinə səbəb olaraq dönüş yaratdı. 1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf illəri kimi daxil olub. Ulu Öndər Heydər Əliyev demişdi: “ Biz müstəqil Azərbaycan kimi əzəmətli bir abidənin təməlini qoyduq, onu qururuq, yaradırıq. Onu indiki nəsillər üçün yaradırıq, gələcək nəsillər üçün yaradırıq. Bizim üzərimizə şərəfli bir vəzifə düşübdür. Güman edirəm ki hər bir vətəndaş bu vəzifənin yerinə yetirilməsində öz yerini tapacaqdır”.Bu günün tarixi yaddaşlarda yaşanması, gənc nəsillərinə tanıdılması, eləcə də, Azərbaycanı sevən, istəyən dost ölkələrə tanıtması bizim bir dövlət, bir millət olaraq tariximizə xidmət edəcək işlərdən biridir. Təkcə bayram etmək yox, həm də o ənənələri yaşatmaq, inkişaf etdirmək, Azərbaycanın müstəqilliyini qorumaq, ərazi bütövlüyümüzü təmin etmək, məhz Heydər Əliyev ideyalarına sədaqətimizin bilavasitə əməli təsdiqi olar.
Bu gün də Müstəqillik Gününün keçirilməsi Azərbaycan vətəndaşlarının tarixi unutmadığını və öz ənənələrini daimi olaraq yaşatdığını təsdiq edir. Biz Ümummilli Liderin bizə qoyub getdiyi mirası qoruyub saxlamalı və bu yolda daim birgə addımlamalıyıq. Məhz bu müstəqilliyimiz bu gün də qorunub saxlanılır, bu da Azərbaycanın dövlətçilik ənənələrinin indi də yaşadığının göstəricisidir. Bu gün Azərbaycan dövlətçilik tarixində mühüm yer tutur. Belə bir günün bu gün də qeyd olunması Azərbaycan tarixinə verilən dəyərdir. Bu onu göstərir ki, Azərbaycanın qədim dövlətçilik və idarəçilik tarixi vardır.
Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirməklə yanaşı, həm də dövlət idarəçiliyində yeni məktəbin yaradıcısı olan Azərbaycan Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi və həyata keçirdiyi hərtərəfli siyasi kurs Azərbaycanın dövlət müstəqilliyini daha də möhkəmləndirir. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş siyasət nəticəsində, şanlı Azərbaycan Ordusu 44 gün davam edən Vətən Müharibəsində işğalçı Ermənistan ordusunu darmadağın edərək tarixi Zəfərə imza ataraq uzun müddət işğal altında olan torpaqlarımızı azad etdi. Bu, Azərbaycan xalqının böyük tarixi qələbəsidir. Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan Bayrağının bu gün artıq işğaldan azad olunmuş Şuşada, Xankəndidə, Xocalıda və bütün ərazilərimizdə dalğalanması Azərbaycan Prezidenti İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir. Müstəqil daxili və xarici siyasət həyata keçirən Azərbaycanın yalnız regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan bir ölkə kimi tanınması, Azərbaycan Prezidentinin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş, müdrik çoxşaxəli siyasət, qazanılmış uğurlar əminliklə söyləməyə əsas verir ki, Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq”.

Füzuli Abdullayev
YAP Ağsu rayon təşkilatının sədri

Digər xəbərlər