“Qarabağ Zəfəri, Azərbaycanın güclü liderlik sisteminə, peşəkar və mütəşəkkil ordusuna, eləcə də xalqın həm orduya, həm də siyasi rəhbərliyə olan dəstəyinə dair mühüm bir göstərici olmuşdur. 44 gün davam edən Vətən müharibəsi və 23 saatlıq lokal antiterror əməliyyatı Azərbaycanın hərbi və siyasi gücünü beynəlxalq ictimaiyyətə nümayiş etdirmişdir”. Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İmza” İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.Onun sözlərinə görə, bu hərbi uğur, eyni zamanda, müasir dövrdə dövlətlərin suverenliyi və ərazi bütövlüyü uğrunda apardıqları mübarizənin nümunəsi kimi dünya tarixi kontekstində tədqiq olunmalı və öyrənilməlidir: “Qarşı tərəf — Ermənistan, münaqişə bölgəsində genişmiqyaslı müdafiə mövqeləri qurmuş, xəndəklər və mühəndis qurğular vasitəsilə uzunmüddətli müharibəyə hazırlaşmışdı. Buna baxmayaraq, Azərbaycan Ordusu 44 gün ərzində apardığı uğurlu hərbi əməliyyatlarla ölkənin işğal altında olan torpaqlarını azad etmişdir.Azərbaycan, hərbi əməliyyatlar nəticəsində Laçın, Kəlbəcər və Ağdam kimi strateji əhəmiyyətə malik rayonları heç bir atəş açmadan diplomatik və siyasi vasitələrlə geri qaytarmağa nail olmuşdur. Bu, qarşı tərəfin — Ermənistanın və onun dolayısı ilə təsir dairəsində olan qüvvələrin geri çəkilməsi və faktiki olaraq təslim olması ilə nəticələnmişdir”.Hulusi Kılıç qeyd edib ki, Qarabağ müharibəsi, ilk növbədə, Azərbaycan Ordusunun hərbi potensialını və effektiv idarəetmə sistemini nümayiş etdirmişdir. Müharibədən sonra Azərbaycan, ordu quruculuğu sahəsində Türkiyə modelindən faydalanaraq, xüsusi təyinatlı komando birliklərinin təşkili və yerləşdirilməsi istiqamətində mühüm addımlar atmışdır: “Hazırda Azərbaycan Ordusu struktur baxımından Türkiyə Silahlı Qüvvələrinin təcrübəsinə əsaslanan modernləşmə prosesini davam etdirməkdədir və bu istiqamətdə ardıcıl gücləndirmə tədbirləri həyata keçirilir.44 günlük Vətən müharibəsi Azərbaycanın hərbi tarixində yalnız zəfər deyil, eyni zamanda dəyərli bir təcrübə məktəbi kimi də qiymətləndirilir. Bu müharibə genişmiqyaslı bir hərbi əməliyyat olmaqla yanaşı, eyni zamanda real döyüş şəraitində əldə olunan strateji, taktiki və texnoloji bacarıqların formalaşmasına şərait yaratmışdır.O bildirib ki, Qarabağın azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsi daim ehtiramla yad edilməli, onların fədakarlığı müasir Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutmalıdır. Azərbaycan, 44 günlük Vətən müharibəsi ilə əslində canlı hərbi təlim səviyyəsində strateji, operativ və taktiki bacarıqlarını təkmilləşdirmiş, ordusunun döyüş qabiliyyətini real şəraitdə nümayiş etdirmişdir. Bu müharibə yalnız ərazi bütövlüyünün bərpası baxımından deyil, həm də hərbi sistemin funksionallığı və effektiv idarəetmə qabiliyyəti baxımından ciddi nəticələr doğurmuşdur.Eyni zamanda, Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş, lakin 30 ilə yaxın müddətdə icra olunmamış dörd qətnamənin tələblərini öz gücü ilə yerinə yetirmişdir. Bu qərarların icrasının beynəlxalq hüququn tələb etdiyi halda, uzun illər ərzində həyata keçirilməməsi beynəlxalq təşkilatların effektivliyinə dair ciddi suallar doğurmuşdur.ATƏT-in Minsk Qrupu çərçivəsində fəaliyyət göstərən həmsədrlərin (Fransa, ABŞ, Rusiya) 28 il ərzində münaqişənin həlli istiqamətində konkret nəticə əldə edə bilməməsi, bu mexanizmin praktikada iflasa uğradığını göstərmişdir. Azərbaycan ictimaiyyətində formalaşmış ümumi qənaətə görə, bu ölkələrdə güclü fəaliyyət göstərən erməni diasporu vasitəsilə həmsədrlik institutunun neytrallığı şübhə altına alınmışdır. Nəticə etibarilə, Azərbaycan, münaqişənin həllində nəinki beynəlxalq vasitəçilərin uğursuzluğunu aşmış, həm də beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq ərazi bütövlüyünü təmin etmişdir”.Sabiq səfir bunu da vurğulayıb ki, Azərbaycan bölgədə yüksələn bir güc kimi ön plana çıxmaqdadır və regional miqyasda ciddi diqqət mərkəzinə çevrilmişdir. 30 il ərzində ölkənin səbirli mövqe sərgiləməsi, paralel olaraq iqtisadi potensialının gücləndirilməsi ilə nəticələnmişdir. Bu isə bir daha sübut edir ki, güclü iqtisadiyyat güclü ordunun əsas təminatçısıdır. Azərbaycanın sabit və ardıcıl inkişaf edən iqtisadi modeli onun hərbi potensialının da formalaşmasında həlledici rol oynamışdır. Eyni zamanda, ölkə güclü liderlik institutu ilə seçilir. Prezident İlham Əliyevin uzaqgörən və strateji qərarları, zamanın düzgün təyini və milli maraqlara əsaslanan siyasəti nəticəsində Azərbaycan 30 il işğal altında qalmış torpaqlarını azad etmişdir. Bu, müasir dövrdə beynəlxalq hüquqa və milli gücə əsaslanan böyük bir uğur kimi qiymətləndirilməlidir.Azərbaycan Prezidentinin beynəlxalq platformalarda, ikitərəfli görüşlərdə və rəsmi çıxışlarında sərgilədiyi prinsipial və qətiyyətli mövqe, beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir. Bu çıxışlar Azərbaycanın haqlı mövqeyinin dünya miqyasında daha geniş tanıdılmasına və dəstəklənməsinə töhfə verir. Eyni zamanda, Azərbaycanın yanında olan strateji tərəfdaş ölkələr – Türkiyə, Pakistan və Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq əlaqələri mühüm əhəmiyyət kəsb edir. Bu ittifaq bölgədə yeni geosiyasi güc balansının formalaşmasına təkan vermişdir.44 günlük Vətən müharibəsi və 23 saatlıq antiterror əməliyyatı nəticəsində Azərbaycan yalnız hərbi gücünü deyil, həm də xalqın orduya və siyasi rəhbərliyə olan dəstəyini, milli həmrəyliyini və vətənpərvərlik ruhunu nümayiş etdirmişdir”- deyə o əlavə edib.
Müəllif: Xeyrənsə Piriyeva