PDF Oxu

Siyasət

  • 2 550

Azərbaycan-Türkiyə-Pakistan birliyi dünya miqyasında yeni reallıqlar yaradır

image

“Bu gün ölkə və dünya mətbuatında müzakirə mövzularından biri azad Laçında yazılan tarixdir. 28 May-Müstəqillik Günündə üç qardaş ölkənin-Azərbaycan, Türkiyə və Pakistanın birliyi, həmrəyliyi istiqamətində növbəti mühüm addım atıldı. Belə ki, bu tarixdə Laçında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Zirvə görüşü keçirildi.

Bu gün Azərbaycan, Türkiyə və Pakistan bir-birinə yaxın dost və qardaş ölkələr kimi beynəlxalq münasibətlər sistemində xüsusi yer tuturlar. Bu əlaqələrin əsasını xalqlarımızın ortaq tarixi, dini-mənəvi dəyərləri və bir-birinə olan sarsılmaz bağlılığı təşkil edir. Tarixi köklərə dayanan bu münasibətlər zamanın sınaqlarından keçərək daim güclənib və müasir dövrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Dövlət başçısı İlham Əliyev Zirvə görüşündəki çıxışında Azərbaycanın, Türkiyənin və Pakistanın hər zaman suverenlik, ərazi bütövlüyü və ədalət tərəfində olduğunu önə çəkərək 2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyənin və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığını bildirdi. Qeyd edildi ki, Azərbaycan da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olub. Xalqlarımızın birliyini bir daha təsdiqlədik. Ölkələrimizin strateji mövqeyindən və dinamik iqtisadi potensialımızdan istifadə etməklə qarşılıqlı faydalar əldə etmək üçün geniş imkanlar var. Siyasət, iqtisadiyyat, energetika, qarşılıqlı investisiyalar, nəqliyyat, müdafiə, kənd təsərrüfatı, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın birgə layihələr, proqramlar vasitəsilə daha böyük sürətlə inkişaf edəcəyinə inanırıq. Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub, Pakistan iqtisadiyyatına 2 milyard ABŞ dolları qoymağa hazırdır. Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmizin deyil, geniş coğrafiyanın enerji xəritəsi dəyişib. Ölkələrimiz enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rola malik olub və bu gün bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində geniş layihələrə start verilib”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.Malik Həsənov qeyd edib ki, daim dünyaya dostluğun, qardaşlığın nümunəsini təqdim edən Azərbaycan-Türkiyə münasibətlərinin tarixi Zəfərimizdən sonra daha da möhkəmləndiyi reallıqdır: “Dostluğumuzu, qardaşlığımızı, müttəfiqliyimizi rəsmiləşdirən sənədin imzalanmasına Qarabağın tacı Şuşa şahidlik etdi. Belə ki, 2021-ci il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasında münasibətləri rəsmi müttəfiqlik səviyyəsinə çatdırdı. Bu sənəd yalnız iki dövlətin hərbi sahədə qarşılıqlı öhdəliklərini deyil, həm də siyasi, iqtisadi və mədəni sahələrdə birgə fəaliyyət mexanizmlərini müəyyənləşdirdi. Türkiyə 2020-ci il Vətən müharibəsi dövründə Azərbaycanın ərazi bütövlüyünə və haqlı mübarizəsinə göstərdiyi birmənalı, ardıcıl dəstəklə qardaşlığını nümayiş etdirdi. Müharibənin başlandığı ilk gündən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil” çağırışı dünyaya ciddi mesaj oldu. Qardaş Türkiyə istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də tarixi Zəfərimizdən sonra azad edilmiş ərazilərdə geniş miqyas alan bərpa-quruculuq dövründə Azərbaycana dəstəyi ilə diqqətdədir. Bu torpaqlarda qeyd edilən əlamətdar hadisələrdə Azərbaycan-Türkiyə birliyi özünü aydın şəkildə nümayiş etdirir. Bircə faktı qeyd etmək kifayətdir ki, azad edilmiş ərazilərimizdə tikintisi nəzərdə tutulan üç Beynəlxalq Hava Limanının açılışı Azərbaycan və Türkiyə Prezidentlərinin birgə iştirakı ilə həyata keçirildi. Dünya növbəti dəfə mayın 28-də Laçın Beynəlxalq Hava Limanının açılışında bu birliyin şahidinə çevrildi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sözügedən Zirvə görüşündəki çıxışında diqqəti bu mühüm hadisəyə yönəldərək bildirdi ki, Laçın Hava Limanının bölgənin uzun illərdən bəri həsrət qaldığı inkişafa və dünya ilə inteqrasiyasına mühüm töhfə verəcəyinə inanıram”.

Millət vəkili vurğulayıb ki, Azərbaycan-Pakistan münasibətləri də möhkəm təməl üzərində yüksələn xətlə inkişaf edir: “Pakistan Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olmaqla yanaşı, həm də keçmiş Qarabağ münaqişəsində Azərbaycanın haqq səsini dünyaya çatdıran önəmli tərəfdaşdır. 2020-ci il Vətən müharibəsində Pakistanın Azərbaycanın yanında olması, siyasi dəstək verməsi qardaşlıq əlaqələrinin ən parlaq nümunəsidir. Bu hadisə həm də iki ölkənin strateji tərəfdaşlıq baxımından nə qədər möhkəm bağlandığını nümayiş etdirdi. Azərbaycan-Pakistan əlaqələri yalnız siyasi və iqtisadi tərəfdaşlıq deyil, həm də iki qardaş xalqın səmimi dostluğunun ifadəsidir. Bu münasibətlər gələcəkdə yeni yüksəlişlərə doğru gedərək, regionda sülhün və əməkdaşlığın möhkəmlənməsində böyük rol oynayacaq”.
Malik Həsənov bildirib ki, bu gün Azərbaycan-Türkiyə-Pakistan birliyi qlobal geosiyasi gücün təzahürüdür: “Azərbaycan, Türkiyə və Pakistan liderləri arasında yüksək səviyyəli görüşlərin təşkil olunması, bu əməkdaşlığın strateji xarakterini təsdiqləyir. 2024-cü ilin iyulunda Astanada keçirilən üçtərəfli görüş bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev, Prezident Rəcəb Tayyib Ərdoğan və Baş nazir Məhəmməd Şahbaz Şərifin iştirakı ilə keçirilən həmin görüş üç qardaş ölkənin qarşılıqlı siyasi dəstəyini nümayiş etdirməklə yanaşı, əməkdaşlığın yüksək səviyyəyə keçidinin rəmzinə çevrildi. Görüşdə tərəflər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəklərini davam etdirmək əzmində olduqlarını vurğuladı, regional və qlobal məsələlərdə birgə mövqe nümayişinin vacibliyini qeyd etdilər. Laçın Zirvə görüşü də mühüm çağırışlarla tarixə yazıldı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd etdi ki, ölkələrimiz arasında həmrəylik və atılan birgə addımlar seçim məsələsi deyil, zəruri ehtiyacdır. Türkiyə, Azərbaycan və Pakistan liderlərinin üçtərəfli Zirvə görüşləri mütəmadi keçiriləcək. Nazirlər səviyyəsində görüşlər də planlaşdırılır. Nəqliyyat sektorunu üçtərəfli əməkdaşlığın strateji sahələrindən biri kimi dəyərləndirən Türkiyə Prezidenti bu əminliyi ifadə etdi ki, Ankara, Bakı və İslamabad arasında dialoq üç ölkənin xalqlarına fayda verəcək. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif “Pakistanın bəxti gətirib ki, Türkiyə və Azərbaycan kimi səmimi qardaşları var” fikri ilə bu birliyin, həmrəyliyin ölkəsi üçün nə qədər önəmli olduğunu açıqladı və bu çağırışı da etdi ki, siz keçilməz qaya kimi bizimlə bərabər dayandınız və biz tərəddüd etmədən sizə etibar edirik. Silahdaş olan qardaşlar kimi sülh, ədalət və mənəvi dəyərləri hər zaman üstün tutacağıq. Gözəl Laçında Azərbaycan, Türkiyə və Pakistan bayraqlarının dalğalanmasını görmək qəlblərimizi hədsiz sevinc və fəxarət hissi ilə doldurur”.
Millət vəkili vurğulayıb ki, Azərbaycan-Türkiyə-Pakistan əməkdaşlıq modeli təkcə regionda sabitliyə deyil, həm də beynəlxalq səviyyədə qarşılıqlı faydalı və tarazlı münasibətlərin formalaşmasına töhfə verir: “Qardaşlıq, ortaq tarix və ümumi maraqlara əsaslanan bu format gələcək illərdə siyasi, iqtisadi və təhlükəsizlik istiqamətlərində daha da dərinləşərək beynəlxalq aləmdə nüfuzlu üçtərəfli bloklardan birinə çevrilə bilər. Azərbaycan və Türkiyə Prezidentlərinin, Pakistanın Baş nazirinin mayın 28-də Laçında keçirilən Müstəqillik Gününə həsr edilən tədbirdə birgə iştirakı da bu birliyin, qardaşlığın növbəti təqdimatı oldu. Dövlət başçısı İlham Əliyev tədbirdəki çıxışında belə bir çağırışı səsləndirdi ki, bu gün əziz qardaşlarımın - Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin bizimlə bərabər bu bayram tədbirlərində iştirakı, bizə göstərilən dəstək və həmrəylik artıq tamamilə yeni dünya miqyasında reallıqlar yaradır. Bizim gücümüz birliyimizdədir. Bu gün birliyimizi üçtərəfli formatda bir daha təsdiqlədik. Əminəm ki, azad edilmiş Laçından üç ölkənin bu gün dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq”.

Digər xəbərlər