Mayın 28-də Laçın şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə baş tutan Zirvə görüşü regionda əməkdaşlığın və strateji həmrəyliyin gücləndirilməsi baxımından mühüm önəm kəsb edir.
Dövlətimizin başçısının çıxışında səslənən fikirlər regional sabitliyin gücləndirilməsi və çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsi istiqamətində diqqətəlayiq yanaşmaları ehtiva edir. Cənab İlham Əliyev azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərini, regional sülh gündəliyinin irəliləməsi üçün atılan addımları və dost-tərəfdaş ölkələrlə əlaqələrin yeni mərhələyə keçidini vurğulayıb. Bu məqamlar həm də ölkəmizin mövqeyinin prinsipiallığına və perspektivinə dair aydın təsəvvür yaradır.
Laçın rayonunun azad olunmasından sonra bu ərazidə keçirilən hər bir tədbir Azərbaycan üçün həm mənəvi, həm də siyasi əhəmiyyət daşıyır. Azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin nümayişi və dost, tərəfdaş ölkələrin liderlərinin bir araya gəlməsi diqqətçəkən bir hadisə kimi qeyd olunur. Burada təşkil olunan konsert qayıdış, milli qürur və müstəqil dövlətçiliyin rəmzi idi. Bütün bunlar bir daha göstərir ki, öz ərazi bütövlüyünü bərpa etməklə yanaşı, ölkəmizin regionda yaratdığı yeni reallıqlar beynəlxalq müstəvidə dəstəklənir.
Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Laçında keçirilən Zirvə görüşü qardaşlıq və strateji tərəfdaşlığın real nümunəsinə çevrilib. Bu görüş həm rəmzi, həm də praktiki məna daşıyır. Laçın kimi strateji və tarixi əhəmiyyətə malik bir ərazidə üç ölkə liderinin bir araya gəlməsi regional sülh, əməkdaşlıq və ortaq gələcəyin qurulmasına dair möhkəm siyasi iradənin göstəricisidir. Zirvə görüşü çərçivəsində verilən mesajlar növbəti dəfə sübut edir ki, qardaş ölkələr nəinki ortaq tarixi və mədəni dəyərlərlə, həm də çağdaş dövrdə milli maraqlarla bir-birinə bağlıdır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, biz yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birimizin yanındayıq, həmrəylik, dəstək göstəririk: “Bu gün ikinci üçtərəfli Zirvə görüşündə bir daha bizim strateji əməkdaşlığımız təsdiqləndi. İşğaldan azad edilmiş Laçında, Şərqi Zəngəzurda iki qardaş ölkənin liderlərinin iştirakı ilə keçirilən bugünkü mərasim Azərbaycan-Türkiyə-Pakistan birliyinin, qardaşlığının növbəti təzahürüdür”.
Laçında keçirilən tədbirlər, həmçinin Böyük Qayıdış prosesinin növbəti təntənəsidir. Azad olunmuş torpaqlara həyatın qayıtması, infrastrukturların bərpası, yaşayış məntəqələrinin yenidən salınması bu prosesin sarsılmaz iradə ilə davam etdirildiyini göstərir.
Azərbaycan uzun illər ərzində ərazi bütövlüyünün bərpası uğrunda gərin siyasi və diplomatik mübarizə aparıb. Bu yolda dövlətimiz bir çox hallarda ədalətsiz yanaşmalara və ikili standartlara məruz qalıb. Lakin xalqımız həmin məsələdə dəmir yumruq kimi birləşərək heç vaxt inamını və əzmini itirməyib. Müstəqil siyasət, iqtisadi güc, müasir ordu quruculuğu və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi tarixi zəfərlərin təməlində dayanır.
Azərbaycanın haqlı mübarizəsində Türkiyə və Pakistan kimi qardaş ölkələrin göstərdiyi mənəvi-siyasi dəstək daim yüksək dəyərləndirilir. Prezident İlham Əliyev vurğulayıb ki, Türkiyənin və Pakistanın dəstəyi bizi ruhlandırırdı, bizə əlavə güc verirdi: “Bu böyük siyasi və mənəvi dəstəyə görə biz hər zaman qardaş ölkələrin rəhbərlərinə, qardaş xalqlara minnətdarıq. Bu gün bizim üçtərəfli əməkdaşlığımızın yeni səhifəsi açılır. Əminəm ki, bu gün müzakirə etdiyimiz məsələlər, əldə edilmiş razılaşmalar bizi bir-birimizə daha da yaxın edəcək”.
Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlıq modeli yalnız mövcud reallıqlara uyğun deyil, həm də gələcək perspektivlərə yönəlmişdir. Dostluq, qardaşlıq və strateji tərəfdaşlıq müstəvisində qurulan dövlətlərarası münasibətlər hər üç ölkənin mənafelərinə və regionun inkişafına xidmət edir. Azərbaycan, Türkiyə və Pakistan qarşıdakı mərhələdə də birgə təşəbbüslərlə çıxış edərək enerji, müdafiə, nəqliyyat, texnologiya və mədəniyyət sahələrində daha dərin işbirliyi və inteqrasiyaya nail olacaqlar.
Heydər Əsədov
Milli Məclisin deputatı