YAP Xocavənd Rayon Təşkilatı və Xocavənd Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqların Beyləqan rayonunda yerləşən Bayraq Muzeyinə və Gənclər Mərkəzinə ekskursiyası təşkil edilmişdir. Ekskursiyada YAP Xocavənd Rayon Təşkilatının sədri Vüsal Hüseynov, Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva, Aparatın əməkdaşları və ümumtəhsil müəssisələrinin uşaqları iştirak etmişlər. Şagirdlərin böyük marağına səbəb olan ekskursiyada onlar, Azərbaycan bayrağının keçmişi və bu günkü tarixi ilə, Gənclər Mərkəzində yaradılan şəraitlə tanış oldular, Ümummilli liderə, Zəfər tariximizə, Şəhidlərimizə həsr olunmuş stendlərə baxdılar, uşaq filminə tamaşa etdilər.
Tədbirdən sonra 19 sentyabr 2023 –cü il tarixdə Qarabağda aparılan lokal xarakterli antiterror tədbirlərilə bağlı keçirilən əməliyyatlar zamanı xidməti borcunu yerinə yetirərkən qəhrəmancasına şəhid olmuş “Azərbaycan Bayrağı” ordeni, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və ”Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş, Əhmədov Yusif Ələsgər oğlunun övladları 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününü münasibət ilə ziyarət edilmişdir.