“Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və ədalət tərəfində olub. 2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyənin və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığımızı bildiririk. Azərbaycan da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olub. Bu gün biz bir daha xalqlarımızın birliyini təsdiqləyirik.” Dövlət başçısı İlham Əliyev 28 May-Müstəqillik Günündə azad Laçında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin birgə iştirakı ilə keçirilən Zirvə görüşündəki çıxışında onu da əlavə etdi ki, ölkələrimizin strateji mövqeyindən və dinamik iqtisadi potensialımızdan istifadə etməklə qarşılıqlı faydalar əldə etmək üçün geniş imkanlar var. Siyasət, iqtisadiyyat, energetika, qarşılıqlı investisiyalar, nəqliyyat, müdafiə, kənd təsərrüfatı, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın birgə layihələr və proqramlar vasitəsilə daha böyük sürətlə inkişaf edəcəyinə inanırıq.
Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub, Pakistan iqtisadiyyatına 2 milyard ABŞ dolları qoymağa hazırdır. Hazırda konkret investisiya layihələri üzrə işlər gedir. Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmizin deyil, geniş coğrafiyanın enerji xəritəsi dəyişib. Ölkələrimiz enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rola malik olub və bu gün bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində geniş layihələrə start verilib. Bununla yanaşı, Azərbaycan və Türkiyədən keçməklə Asiya ilə Avropanı birləşdirən nəqliyyat yolları strateji əhəmiyyət daşıyır. Multimodal yük marşrutunun inkişafı yolu ilə Pakistanın da bu təşəbbüsdə yaxından iştirakının əməkdaşlığımıza daha da təkan verəcəyinə əminik.
Müdafiə sahəsində əməkdaşlıq tərəfdaşlığımızın önəmli istiqamətlərindən biridir. Birgə hərbi təlimlər və hərbi-texniki sahədə layihələr silahlı qüvvələrimizin potensialını gücləndirib. Bizim hərbi əməkdaşlığımız geniş coğrafiyada sülhü və sabitliyi gücləndirir.
Azərbaycan həm ikitərəfli, həm də çoxtərəfli formatda Türkiyə və Pakistanla yüksək səviyyəli əməkdaşlıq münasibətləri qurub. Bu əməkdaşlıq münasibətləri, yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmayaraq, humanitar, mədəni və hərbi sahələri də əhatə edir. Bu gün Azərbaycan, Türkiyə və Pakistan bir-birinə yaxın dost və qardaş ölkələr kimi beynəlxalq münasibətlər tarixində xüsusi yer tuturlar. Bu əlaqələrin əsasını xalqlarımızın ortaq tarixi, dini-mənəvi dəyərləri və bir-birinə olan sarsılmaz bağlılığı təşkil edir. Tarixi köklərə dayanan bu münasibətlər zamanın sınaqlarından keçərək daim güclənib və müasir dövrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
2021-ci il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasında münasibətləri rəsmi müttəfiqlik səviyyəsinə çatdırdı. Bu sənəd yalnız iki dövlətin hərbi sahədə qarşılıqlı öhdəliklərini deyil, həm də siyasi, iqtisadi və mədəni sahələrdə birgə fəaliyyət mexanizmlərini müəyyənləşdirdi. Türkiyə 2020-ci il Vətən müharibəsi dövründə Azərbaycanın ərazi bütövlüyünə və haqlı mübarizəsinə göstərdiyi birmənalı və ardıcıl dəstəklə qardaşlığını praktik olaraq nümayiş etdirdi. Eyni zamanda, Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə əməkdaşlığa dair imzalanmış saziş əsasında təşkil olunan “Qardaş Yumruğu” birgə təlimləri bir daha bütün dünyaya nümayiş etdirir ki, ölkələrimizin birliyi sarsılmaz və əbədi xarakter daşıyır.
Azərbaycan-Pakistan münasibətləri də dərin köklərə və qarşılıqlı etimada söykənir. Həm Vətən müharibəsi dövründə, həm də beynəlxalq arenada nümayiş etdirilən dəstək iki qardaş xalq arasında sarsılmaz həmrəyliyin və strateji tərəfdaşlığın bariz nümunəsidir.
Azərbaycan ilə Pakistan arasında iqtisadi əməkdaşlıq son illərdə daha da genişlənməkdədir. Tərəflər arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı məqsədilə birgə komissiyalar və işçi qrupları yaradılıb, qarşılıqlı səfərlər və biznes-forumlar keçirilib. Kənd təsərrüfatı, enerji, əczaçılıq, ticarət, tikinti və nəqliyyat kimi sahələr əməkdaşlığın əsas istiqamətlərini təşkil edir. Hər iki ölkə qarşılıqlı sərmayə qoyuluşunda maraqlıdır və iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi üçün potensial böyükdür. Azərbaycan bu münasibətlərin inkişafına xüsusi önəm verir və konkret güzəştlər tətbiq etməklə əməkdaşlığı təşviq edir. Nəqliyyat sahəsində birbaşa hava əlaqələri və artan yükdaşıma həcmi də əməkdaşlığın əhəmiyyətli göstəricilərindəndir.
Dövlət başçısı İlham Əliyev Müstəqillik Günü ilə bağlı Laçında təşkil edilən bayram tədbirindəki çıxışında da üç qardaş ölkənin bütün sahələrdə uğurla inkişaf edən əlaqlərindən bəhs etdi. Onu da vurğuladı ki, Azərbaycan, Türkiyə və Pakistan - üç qardaş ölkə əməkdaşlığı ildən-ilə, gündən-günə gücləndirirlər. Biz yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birimizin yanındayıq, həmrəylik, dəstək göstəririk. Bu gün ikinci üçtərəfli Zirvə görüşündə bir daha strateji əməkdaşlığımız təsdiqləndi. İşğaldan azad edilmiş Laçında, Şərqi Zəngəzurda iki qardaş ölkənin liderlərinin iştirakı ilə keçirilən bugünkü mərasim Azərbaycan-Türkiyə-Pakistan birliyinin, qardaşlığının növbəti təzahürüdür. Xüsusilə bu bölgədə, 30 il ərzində işğal altında qalan Laçın şəhərində bizim birgə olmağımız böyük rəmzi məna daşıyır. Çünki 44 günlük İkinci Qarabağ müharibəsi zamanı bizi Türkiyə və Pakistan dəstəkləmişdir. Türkiyənin və Pakistanın dəstəyi bizi ruhlandırırdı, bizə əlavə güc verirdi. Bu böyük siyasi və mənəvi dəstəyə görə biz hər zaman qardaş ölkələrin rəhbərlərinə, qardaş xalqlara minnətdarıq.
Azərbaycan-Türkiyə-Pakistan əməkdaşlıq modeli təkcə regionda sabitliyə deyil, həm də beynəlxalq səviyyədə qarşılıqlı faydalı və tarazlı münasibətlərin formalaşmasına töhfə verir.
Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri