PDF Oxu

Siyasət

  • 460

Laçın Zirvə görüşü- Dostluq və qardaşlığın təzahürü

image

28 may 2025-ci il tarixində Laçın şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə Üçlü Zirvə görüşü keçirildi. Baş tutan bu Zirvədə Prezident İlham Əliyevin açılış nitqi səmimiyyət, emosionallıq, həmrəylik, əməkdaşlıq, güclü gələcək vurğusu kimi mühüm cəhətləri ilə yadda qaldı.

Laçında keçirilən bu Zirvə görüşü, beynəlxalq ictimaiyyətə Azərbaycanın güclü, müstəqil və müttəfiqləri ilə sıx əməkdaşlıq edən dövlət kimi mesaj verməsi baxımından da vacib idi. Bu, Azərbaycanın regional liderliyə doğru atdığı strateji addımlardan biri kimi qiymətləndirilə bilər. Zirvə görüşü həmçinin Cənubi Qafqazda yeni reallıqların – xüsusilə postmünaqişə dövründə Azərbaycanın statusunun dəyişməsinin – beynəlxalq aləmdə tanındığını göstərdi.

Ölkə Prezidenti Zirvə görüşündə üç qardaş ölkənin bir arada olmasının və həmrəyliyinin önəmini vurğuladı. Bu tarixi görüşün işğaldan azad edilmiş Laçında keçirilməsi birlik və həmrəyliyin simvolu kimi qiymətləndirildi. 30 il ərzində işğal altında qalan torpaqların azad edilməsi və 44 günlük müharibədə iki qardaş ölkənin Azərbaycanın haqlı davasını dəstəkləməsi, Prezident İlham Əliyevin bu ölkələrin rəhbərlərinə və xalqlarına minnətdarlıq ifadə etməsi ilə birləşdi. Bu, onun regional əməkdaşlığın və dostluğun güclənməsinə verdiyi önəmi göstərir.

Prezident İlham Əliyev çıxışında bölgədə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinə də toxundu. O qeyd etdi ki, artıq Laçın şəhərində müasir infrastruktur qurulub, yeni yaşayış binaları, məktəblər, yollar və sosial obyektlər inşa olunub. Minlərlə laçınlı öz doğma torpaqlarına qayıdıb və bu proses davam edir. Prezident “Böyük Qayıdış” proqramının uğurla icra olunduğunu bildirərək vurğuladı ki, dövlət bu məsələdə bütün lazımi tədbirləri həyata keçirməkdə qərarlıdır. Prezidentin çıxışında ən çox diqqət çəkən məqamlardan biri də milli birliyə və vətənpərvərliyə verdiyi önəm idi. O, vurğuladı ki, Azərbaycan xalqı tarix boyu öz müstəqilliyi uğrunda mübarizə aparıb və bu gün müstəqil, güclü Azərbaycan dövlətinin qurulması məhz bu milli ruhun nəticəsidir.

Laçın şəhərində baş tutan 28 May Zirvə görüşü yalnız diplomatik və siyasi əhəmiyyət daşımır, həm də Azərbaycanın dövlətçilik fəlsəfəsinin, milli-mənəvi dirçəlişinin və qlobal səviyyədə artan nüfuzunun real təcəssümüdür. 2025-ci ildə Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevin Laçına səfəri və sakinlərlə birlikdə olması, məhz bu torpağın sahiblərinin yenidən tarixə qayıdışını simvolizə edir. Bu görüş, 30 illik ayrılığın sonunda doğma yurda dönən xalqla dövlətin əl-ələ verdiyi birliyi göstərdi. Prezident İlham Əliyevin nitqi bu modelin ən yaxşı ifadəsi olaraq Azərbaycan xalqının qürur mənbəyidir və qlobal səviyyədə də diqqətlə izlənilən nümunə kimi qalacaqdır.

Laçında baş tutan bu tarixi üçtərəfli görüş Azərbaycan, Türkiyə və Pakistan arasında olan dərin qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində yeni bir səhifə açdı. Bu birlik regional sabitliyin, davamlı inkişafın və qarşılıqlı etimadın rəmzidir. Bu əməkdaşlıq yalnız regional deyil, qlobal geosiyasətdə də müsəlman ölkələrinin mövqeyinin güclənməsinə şərait yaradır. Üç dövlətin ortaq addımları beynəlxalq arenada daha səmərəli mövqenin təmin olunmasına, regional problemlərin birgə həllinə və sülhün qorunmasına xidmət edir. Enerji layihələri, nəqliyyat dəhlizləri və hərbi-texniki əməkdaşlıq bu məqsədlərin real ifadəsidir. Azərbaycan, Türkiyə və Pakistan liderləri bu görüşlə həm də dünyaya mesaj verdilər: biz yalnız dost deyilik, biz strateji ortaq, mədəni qardaş və siyasi müttəfiqik. Bu birliyin gücü təkcə region üçün deyil, daha geniş coğrafiyada sülhə, inkişafa və ədalətə xidmət göstərəcək.

Rövlan Heydərov

YAP Naftalan şəhər təşkilatının sədri

Digər xəbərlər