Prezident İlham Əliyev: "Bakı Enerji Həftəsi" artıq yeni yanaşmaların və beynəlxalq enerji dialoqunun formalaşdığı nüfuzlu bir forum kimi tanınır"
Qlobal tədbirlərə yüksək səviyyədə ev sahibliyi edən paytaxt Bakı son dövrlərdə artıq beynəlxalq işgüzar tədbirlərin təşkil edildiyi mərkəz kimi tanınır. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin təşkilinin Azərbaycana həvalə edilməsi ölkənin dünyada beynəlxalq və geniş miqyaslı təbirlərin uğurlu təşkilatçısı statusunu bir daha sübut etmiş oldu. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarını birində bildirdiyi kimi, Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq: "Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı."
Bütün sahələrdə uğurların müəllifi olan Azərbaycan beynəlxalq tədbirlərə də ev sahibliyi etməklə liderlik bacarığını nümayiş etdirir. Artıq Azərbaycan beynəlxalq tədbirlərin mərkəzinə, qlobal layihələrin təşkilatçısına çevrilib. Ölkəmizdə dünyanı daim narahat edən problemlərlə əlaqədar beynəlxalq konfransların təşkil edilməsi, mədəniyyətlərarası siyasi dialoqları ehtiva edən, iqtisadi əməkdaşlığa əsaslanan forumların keçirilməsi Azərbaycanın xarici aləmdəki mövcud nüfuzunun, gücünün göstəricisidir.
İyunun 2-də paytaxtımız Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil and Gas", 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi "Caspian Power" və 30-cu Yubiley "Baku Energy Forum"na ev sahibliyi edir. Bakı Enerji Həftəsi dünya ölkələri ilə sıx əməkdaşlığı, dialoqu gücləndirir, eyni zamanda, daha dayanıqlı enerji gələcəyini təmin etməyə kömək edir. Enerji təhlükəsizliyinə nail olmaq hər bir ölkənin qarşısında duran böyük məqsəddir. Bunun üçün dayanıqlı regional əməkdaşlıq zəruridir. Bu gün bütün dünyanın nəzəri yenidən Bakıdadır.
"AZƏRBAYCANIN ENERJİ İMKANLARI, XÜSUSİLƏ NEFT SEKTORUNDAKI POTENSİALI DÜNYAYA TANIDILDI"
Xatırladaq ki, ilk dəfə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il mayın 24-də keçirilən "Xəzər Neft və Qaz" sərgisi bundan sonra ənənəvi hal alıb. Ulu Öndərin təşəbbüsü ilə keçirilən sərginin adı o zaman "Xəzər dənizində neft-qaz hasilatına dair sərgi" adlanırdı. Sonralar isə sərgi əhatə etdiyi sahələrə uyğun olaraq adını da dəyişib. Əlavə olaraq hər il baş tutan sərgi ilə yanaşı, eyniadlı Forum da keçirilir. Qeyd edək ki, sərgi və Forum Azərbaycandan Bakıda fəaliyyət göstərən qurumlardan və beynəlxalq şirkətlərdən daim dəstək alıb. "Xəzər dənizində neft-qaz hasilatına dair sərgi" adlı sərgidən sonra Azərbaycanın enerji imkanları, xüsusilə neft sektorundakı potensialı dünyaya tanıdıldı. Bununla da Azərbaycanda neft strategiyasının əsası qoyulmuş oldu. "1994-cü ildə ilk sərgi təşkil olunmuşdur və həmin sərgidən dərhal sonra Azərbaycan beynəlxalq neft şirkətləri konsorsiumu ilə müqavilə bağladı. Daha sonra bu, "Əsrin müqaviləsi" adlandırıldı. O, əslində, regionda geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirdi". Bu sözləri Prezident İlham Əliyev 30-cu "Caspian Oil and Gas", 13-cü "Caspian Power" və 30-cu "Baku Energy Forum"un rəsmi açılış mərasimində çıxışında deyib. "Bu, Prezident Heydər Əliyevin baxışına uyğun idi", - deyə dövlətimizin başçısı əlavə edib
"BU GÜN AZƏRBAYCAN SABİT SİYASİ SİSTEMƏ MALİKDİR, İQTİSADİYYATIMIZ İNKİŞAF ETMƏKDƏDİR"
"Əsrin müqaviləsi" görkəmli siyasi və dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin banisi olduğu Azərbaycanın energetika strategiyasının əsas tendensiyasını müəyyən edən və Azərbaycanı dünyanın neft ixracatçılarından birinə çevirən özül hesab edilir. Belə ki, məhz "Əsrin müqaviləsi" ilə müstəqil Azərbaycanın neft strategiyasının əsası qoyulub. "Əsrin müqaviləsi" Azərbaycanın dünya ölkələri ilə qarşılıqlı əlaqələrinin genişlənməsinə və beynəlxalq mövqelərinin möhkəmlənməsinə güclü təkan verdi, Avropa Birliyinə inteqrasiya olunmasına, əsas dünya ölkələri, ilk növbədə, böyük dövlətlərlə dostluq, strateji əməkdaşlıq münasibətlərinin yaranmasına, həmçinin, inkişafına əlverişli imkan, müsbət zəmin yaratmışdır. Enerji faktoru həm siyasi, həm də, beynəlxalq layihələr baxımından Azərbaycanın siyasi və iqtisadi inkişaf problemlərinin həllində mühüm rol oynayır. Bu çərçivədə müstəqillik qazandıqdan sonrakı dövrdə neft sektorunun inkişafı və xarici şirkətlərlə əməkdaşlıq Azərbaycana böyük iqtisadi töhfə verdi. İlk növbədə, ölkə müasir texnologiyalarla təchiz edilmiş, neft sənayesinin aktivləri yenilənmiş, bu sahənin inkişafına kömək edəcək qurum və təşkilatlar inkişaf etdirilmiş, neft-təbii qaz sənayesinin infrastrukturu modernləşdirilmişdir. "Bu gün Azərbaycan sabit siyasi sistemə malikdir, iqtisadiyyatımız inkişaf etməkdədir", - deyən Azərbaycan Prezidenti bildirib. Azərbaycanda genişmiqyaslı islahatların həyata keçirildiyini söyləyən dövlətimizin başçısı xarici borcumuzun ümumdaxili məhsulun 7 faizini təşkil etdiyini vurğulayıb.
"AZƏRBAYCANIN ELEKTRİK ENERJİSİNƏ ARTAN TƏLƏBATINI MƏHZ BƏRPAOLUNAN ENERJİ HESABINA TƏMİN EDƏCƏYİK"
Bildiyimz kimi, Azərbaycanda enerji təhlükəsizliyinə, xüsusilə "yaşıl enerji" siyasətinə münasibətdə uzunmüddətli hədəflər müəyyən edilib. 2030-cu ilədək olan dövrdə Azərbaycan "yaşıl artım" ölkəsinə çevrilməyi və təmiz ətraf mühitə nail olmağı sosial-iqtisadi inkişafa dair milli prioritetlərdən biri kimi müəyyənləşdirib.
Ənənəvi enerji resursları sənayesini inkişaf etməkdə olan yaşıl enerji istiqamətləri ilə birləşdirən Bakı Enerji Həftəsi bu sahədə irəliləyişlərə və ən yaxşı təcrübələrə zəmin yaradır.
"Bizim yaşıl enerji gündəliyimiz çox genişdir. Azərbaycan neft və qaz ölkəsi olmaqla yanaşı, investorlarla bərabər, məhz yaşıl enerjiyə sərmayə qoyub. Bu da bizim məsuliyyətimizi nümayiş etdirir", - deyən Azərbaycan Prezidenti həmçinin bildirib ki, bütün bu yaşıl enerji potensialımız nəticəsində biz Azərbaycanın elektrik enerjisinə artan tələbatını məhz bərpaolunan enerji hesabına təmin edəcəyik.
Son illər Azərbaycanın artan iqtisadi imkanları, yerləşdiyi əlverişli coğrafi mövqeyindən faydalanmaq bacarığı, beynəlxalq aləmə inteqrasiyası onun dünya ölkələri ilə əlaqələrinə müsbət təsir göstərib. Azərbaycan ilə dünya ölkələri arasında ikitərəfli münasibətlər iqtisadi, ticari, enerji, turizm və digər sahələri əhatə edir. Beynəlxalq hüquq normalarına, qarşılıqlı inam və etimada, faydalı əməkdaşlığa əsaslanaraq, xarici siyasətini həyata keçirən Azərbaycanla qarşılıqlı etimad səviyyəsində qurulan diplomatik əlaqələr yüksək bir mərhələdədir. Son 22 il ərzində aparılan xarici siyasət, ölkədə həyata keçirilən sistemli islahatların nəticəsi olaraq xalqın həyatını köklü şəkildə dəyişməsi, 2020-ci ildə İlham Əliyevin qətiyyəti sayəsində torpaqlarımızın işğaldan azad edilməsi və 2023-cü ilin sentyabrında Xankəndiyə bayrağımızın asılması ölkəmizin imicinin daha da yüksəlməsinə səbəb oldu. Böyük nailiyyətlərin müəllifi olan Prezident İlham Əliyev dünya liderləri arasında seçilən dövlət başçılarından biridir.
Ölkəmizin iqtisadi - maliyyə gücünün artmasına, Azərbaycanın və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə xidmət edən Cənub Qaz Dəhlizi layihəsinin bütün seqmentləri artıq fəaliyyətdədir. Cənub Qaz Dəhlizinin icrası zamanı Azərbaycan boru kəməri ərazisindən keçən ölkələrlə, eləcə də beynəlxalq maliyyə təsisatları, enerji şirkətləri, aparıcı ölkələrin hökumətləri və Avropa Komissiyası ilə çox sıx əməkdaşlıq əlaqələri qurub. Cənub Qaz Dəhlizi Avropa İttifaqı üçün mühüm əhəmiyyət kəsb edir və Azərbaycanın oynadığı rol Avropa İttifaqında qaz təchizatının şaxələndirilməsi səylərimiz baxımından mühüm əhəmiyyət daşıyır. Əlbəttə ki, Cənub Qaz Dəhlizi Avropa İttifaqı üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın oynadığı rol ölkəmizin Avropa İttifaqında qaz təchizatının şaxələndirilməsi səyləri baxımından mühüm əhəmiyyət daşıyır.
"QLOBAL ENERJİ XƏRİTƏSİNDƏ ÖLKƏMİZİN MÖVQEYİNİN MÖHKƏMLƏNMƏSİNƏ TÖHFƏ VERƏN BU TƏDBİR İLK MİLLİ SƏRGİ BRENDİMİZ KİMİ TARİXƏ DÜŞMÜŞDÜR"
Azərbaycan Prezidentinin əməli fəaliyyətinin, iradəsinin nəticəsidir ki, Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib, qlobal əhəmiyyətli iqtisadi zonalar yaradılıb. Cənub Qaz Dəhlizinin, TANAP layihəsinin istifadəyə verilməsi uğurlu hadisələr sırasındadır. Azərbaycanın təşəbbüsü ilə bölgədə, Avrasiya məkanında həyata keçirilən layihələr xüsusi olaraq vurğulanmalıdır. Müasir dünyada Azərbaycan regionun, Avropanın və ümumilikdə, dünya ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi əhəmiyyət kəsb edən bir ölkəyə çevrilib.
Məlumdur ki, Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.
Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürmüşdür. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.
"Bakı Enerji Həftəsi" isə öz növbəsində enerji sektorundakı aktual məsələlərin müzakirə edildiyi və enerji sənayesində əhəmiyyətli tərəflərin bir araya gəldiyi bir platformadır. "Bakı Enerji Həftəsi" Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə bünövrəsi qoyulmuş "Caspian Oil & Gas" sərgisinin məntiqi davamı kimi formalaşaraq enerji sahəsində nüfuzlu beynəlxalq hadisəyə çevrilmişdir. Enerji diplomatiyasının inkişafına, strateji tərəfdaşlıqlar qurulmasına və qlobal enerji xəritəsində ölkəmizin mövqeyinin möhkəmlənməsinə töhfə verən bu tədbir ilk milli sərgi brendimiz kimi tarixə düşmüşdür". Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciətində yer alıb.
Dövlətimizin başçısı bildirib ki, ötən illər ərzində bu təşəbbüs enerji sahəsində qlobal meyillərə uyğun şəkildə genişlənmiş və "Bakı Enerji Həftəsi" formatını almışdır. Ənənəvi enerji mənbələrindən bərpaolunan enerjiyə qədər geniş məzmunda məsələlərin müzakirə edildiyi "Bakı Enerji Həftəsi" artıq yeni yanaşmaların və beynəlxalq enerji dialoqunun formalaşdığı nüfuzlu bir forum kimi tanınır".
Bu tədbir dünya miqyasında enerji təhlükəsizliyi, enerji istehsalı, nəqliyyatı və digər əhəmiyyətli məsələləri müzakirə etmək üçün beynəlxalq nümayəndələri və təşkilatları cəlb edir. "Bakı Enerji Həftəsi" çərçivəsində keçirilən tədbirlər, layihələr və konfranslar enerji sahəsində yeni əməkdaşlıqların qurulması, təcrübə mübadiləsi və yeni inkişaf istiqamətlərinin müəyyən edilməsinə kömək edir.
Bu gün Azərbaycan dünyanın enerji təhlükəsizliyində xüsusi çəkisi olan ölkələr sırasında yer alır. Azərbaycan davamlı surətdə enerji təhlükəsizliyinin gücləndirilməsində etibarlı tərəfdaşa çevrilib. Qazın Azərbaycandan Avropaya 2020-ci ildə Cənubi Qaz Dəhlizi vasitəsilə nəql olunmasına başlanıb və Azərbaycan artıq etibarlı enerji tərəfdaşıdır.
Bakı Enerji Həftəsi isə öz növbəsində enerji sektorundakı aktual məsələlərin müzakirə edildiyi və enerji sənayesində əhəmiyyətli tərəflərin bir araya gəldiyi bir platformadır. Bu tədbir dünya miqyasında enerji təhlükəsizliyi, enerji istehsalı, nəqliyyatı və digər əhəmiyyətli məsələləri müzakirə etmək üçün beynəlxalq nümayəndələri və təşkilatları cəlb edir. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər, layihələr və konfranslar enerji sahəsində yeni əməkdaşlıqların qurulması, təcrübə mübadiləsi və yeni inkişaf istiqamətlərinin müəyyən edilməsinə kömək edir.
Bu gün Azərbaycan dünyanın enerji təhlükəsizliyində xüsusi çəkisi olan ölkələr sırasında yer alır. Azərbaycan davamlı surətdə enerji təhlükəsizliyinin gücləndirilməsində etibarlı tərəfdaşa çevrilib.
Zümrüd BAYRAMOVA