28 May – Müstəqillik Günündə Laçında üç ölkənin- Azərbaycan, Türkiyə və Pakistan liderlərinin iştirakı ilə keçirilən Zirvə görüşü və buradan verilən mühüm mesajlar Azərbaycan-Türkiyə-Pakistan strateji əməkdaşlığını bütün dünyaya nümayiş etdirdi. Dövlət başçısı İlham Əliyev Zirvə görüşündəki çıxışında bir daha bildirdi ki, ölkələrimiz və xalqlarımız birgə tarix, mədəniyyət, dəyərlər əsasında bir-birinə bağlıdır. Bir-birimizin uğurlarına sevinmişik, çətin günlərdə bir-birimizin yanında olmuşuq. Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və ədalət tərəfində olub. 2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyənin və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığımızı bildiririk. Azərbaycan da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olub. Bu gün biz bir daha xalqlarımızın birliyini təsdiqləyirik. Ölkələrimizin strateji mövqeyindən və dinamik iqtisadi potensialımızdan istifadə etməklə qarşılıqlı faydalar əldə etmək üçün geniş imkanlar var. Siyasət, iqtisadiyyat, energetika, qarşılıqlı investisiyalar, nəqliyyat, müdafiə, kənd təsərrüfatı, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın birgə layihələr və proqramlar vasitəsilə daha böyük sürətlə inkişaf edəcəyinə inanırıq.Cənab İlham Əliyev onu da qeyd etdi ki, beynəlxalq platformalarda və təşkilatlarda həmrəyliyimiz gücümüzə güc qatır. Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM), habelə D-8 kimi beynəlxalq platformalarda birgə səylərimizi daha da möhkəmləndirmək əzmindəyik. Həmçinin ölkəmizin ötən il D-8-in 11-ci Zirvə görüşü zamanı yekdilliklə bu təşkilatın üzvü seçilməsində göstərilən dəstəyə görə qardaş Türkiyəyə və qardaş Pakistana bir daha təşəkkür edirəm. Azərbaycan hər zaman qardaş Türkiyənin və Pakistanın yanında olub.Türkiyənin terrorçuluqla mübarizə istiqamətində əldə etdiyi uğurlara diqqəti yönəldən dövlət başçısı İlham Əliyev bildirdi ki, PKK terror qruplaşmasının özünü ləğv etməsi və tərk-silah ilə bağlı qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyinin və əzminin, Türkiyə dövlətinin gücünün nümunəsidir. Bu tarixi hadisə yalnız Türkiyə üçün deyil, ümumilikdə bölgədə sülh və əmin-amanlıq üçün önəmli məsələdir. Cənab İlham Əliyev, həmçinin Pakistan və Hindistan arasında son gərginliyin böyük narahatlıq hissi ilə izləndiyini də qeyd etdi. Vurğuladı ki, bu gərgin dönəmdə ilk gündən Pakistanla həmrəyliyimizi açıq şəkildə ifadə etdik. Münaqişənin dialoq və sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanan həllini dəstəkləyirik.2020-ci ildən etibarən yeni mərhələyə qədəm qoyan bu üçtərəfli əməkdaşlıq, siyasi və hərbi koordinasiya ilə yanaşı, humanitar, təhsil və iqtisadi sahələrdə ortaq təşəbbüslərlə zənginləşib. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif çıxışında böyük qürur və əminlik hissi ilə qeyd etdi ki, bu gün biz füsunkar Laçında üçtərəfli tərəfdaşlığımızı xalqlarımızın istəyinə uyğun olaraq yeni səviyyəyə qaldırmaq arzusundayıq. Həmin arzu heç kəsi təəccübləndirməməlidir. Çünki Azərbaycan, Türkiyə və Pakistan əsrlər boyu təşəkkül tapmış birgə dəyərlərə və qarşılıqlı dəstəyə əsaslanan dərin tarixi, mədəni və mənəvi tellərlə bağlıdır. Son dövrlərdə bu tarixi münasibətləri Qarabağda, Kəşmirdə və Şimali Kiprdə bir-birimizin yanında olmağımızla gücləndirmişik. Bizim gücümüz həmrəyliyimizə və qarşılıqlı hörmətə əsaslanır.Göründüyü kimi, Azərbaycan, Türkiyə və Pakistan arasında üçtərəfli əməkdaşlıq son illərdə yeni keyfiyyət mərhələsinə qədəm qoyaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu əlaqələr yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, həm də üçtərəfli formatda çoxşaxəli əməkdaşlıq modelinə çevrilib. Üç dövlət arasında dərin tarixi, dini və mənəvi köklərə əsaslanan münasibətlər son dövrlərdə intensiv siyasi dialoq, iqtisadi təşəbbüslər və təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətlə daha da möhkəmlənib. Azərbaycan, Türkiyə və Pakistan liderləri arasında yüksək səviyyəli görüşlərin təşkil olunması, bu əməkdaşlığın strateji xarakterini təsdiqləyir.28 May-Müstəqillik Günü ilə bağlı Laçında keçirilən tədbirdə cənab İlham Əliyev möhkəm təmələ əsaslanan Azərbaycan-Türkiyə və Azərbaycan-Pakistan münasibətlərindən, həmçinin üç dost ölkənin birliyindən bəhs edərək bildirdi ki, Azərbaycan, Türkiyə və Pakistan - üç qardaş ölkə əməkdaşlığı ildən-ilə, gündən-günə gücləndirirlər. Biz yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birimizin yanındayıq, həmrəylik, dəstək göstəririk. Bu gün ikinci üçtərəfli Zirvə görüşündə bir daha bizim strateji əməkdaşlığımız təsdiqləndi. İşğaldan azad edilmiş Laçında, Şərqi Zəngəzurda qardaş ölkələrin liderlərinin iştirakı ilə keçirilən mərasim Azərbaycan-Türkiyə-Pakistan birliyinin, qardaşlığının növbəti təzahürüdür. Xüsusilə bu bölgədə, 30 il ərzində işğal altında qalan Laçın şəhərində bizim birgə olmağımız böyük rəmzi məna daşıyır. Çünki 44 günlük İkinci Qarabağ müharibəsi zamanı bizi Türkiyə və Pakistan dəstəkləmişdir. Türkiyənin və Pakistanın dəstəyi bizi ruhlandırırdı, bizə əlavə güc verirdi. Bu böyük siyasi və mənəvi dəstəyə görə biz hər zaman qardaş ölkələrin rəhbərlərinə, qardaş xalqlara minnətdarıq. Bu gün bizim üçtərəfli əməkdaşlığımızın yeni səhifəsi açılır. Bu əminlik də ifadə olundu ki, bu gün müzakirə etdiyimiz məsələlər, əldə edilmiş razılaşmalar bizi bir-birimizə daha da yaxın edəcək.
Samir Qocayev
YAP Goranboy rayon təşkilatının sədri