PDF Oxu

Siyasət

  • 3 195

Çoxşaxəli əməkdaşlıq modeli

image

Azərbaycan, Türkiyə və Pakistan bir-birinə yaxın dost və qardaş ölkələr kimi beynəlxalq münasibətlər tarixində xüsusi yer tuturlar. Üç dost ölkə arasında üçtərəfli əməkdaşlıq son illərdə yeni keyfiyyət mərhələsinə qədəm qoyaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu əlaqələr yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, həm də üçtərəfli formatda çoxşaxəli əməkdaşlıq modelinə çevrilib. Onlar arasında dərin tarixi, dini və mənəvi köklərə əsaslanan münasibətlər son dövrlərdə intensiv siyasi dialoq, iqtisadi təşəbbüslər və təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətlə daha da möhkəmlənib. Azərbaycan, Türkiyə və Pakistan liderləri arasında yüksək səviyyəli görüşlərin təşkil olunması, bu əməkdaşlığın strateji xarakterini təsdiqləyir. 2024-cü il iyulunda Astanada keçirilən üçtərəfli görüş bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev, Prezident Rəcəb Tayyib Ərdoğan və Baş nazir Məhəmməd Şahbaz Şərifin iştirakı ilə keçirilən bu görüş üç qardaş ölkənin qarşılıqlı siyasi dəstəyini nümayiş etdirməklə yanaşı, əməkdaşlığın yeni səviyyəyə yüksəldiyini təsdiqlədi. Həmin görüşdə tərəflər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəklərini davam etdirmək əzmində olduqlarını vurğuladı, regional və qlobal məsələlərdə birgə mövqe nümayişinin vacibliyini qeyd etdilər. Bu görüşün davamı olaraq 28 May-Müstəqillik Günündə Azərbaycan, Türkiyə və Pakistan liderlərinin iştirakı ilə Laçında Zirvə görüşü keçirildi. Dövlət başçısı İlham Əliyev Zirvə görüşündəki çıxışında vurğuladı ki, bugünkü Zirvə görüşü Azərbaycanın Müstəqillik Günündə, erməni işğalından azad edilmiş Laçında keçirilir. Bunun böyük rəmzi mənası var. Bugünkü Zirvə görüşü sayca ikincidir. Keçən ilin iyulunda Azərbaycan-Türkiyə-Pakistan birinci Zirvə görüşü keçirilmişdir. Əminəm ki, bu ənənəni davam etdirəcəyik. Ölkələrimiz və xalqlarımız birgə tarix, mədəniyyət və dəyərlər əsasında bir-birinə bağlıdır. Bir-birimizin uğurlarına sevinmişik, çətin günlərdə bir-birimizin yanında olmuşuq. Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və ədalət tərəfində olub. 2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyənin və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığımızı bildiririk. Azərbaycan da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olub. Bu gün biz bir daha xalqlarımızın birliyini təsdiqləyirik.

Azərbaycan–Türkiyə münasibətləri tarixi, mədəni və etnik bağlar üzərində qurulmuş, zaman keçdikcə dərinləşərək müttəfiqlik səviyyəsinə yüksəlmiş strateji tərəfdaşlıq nümunəsidir. “Bir millət, iki dövlət” fəlsəfəsi bu münasibətlərin ideoloji və emosional təməlini təşkil edir. İki ölkə arasında əməkdaşlıq enerji, nəqliyyat, hərbi, müdafiə sənayesi, mədəniyyət, təhsil və diplomatiya sahələrini əhatə edir və regional təhlükəsizlik sisteminin formalaşmasında mühüm rol oynayır.
Azərbaycanla Pakistan arasında da çoxəsrlik qardaşlıq və dərin mənəvi bağlılıq mövcuddur ki, bu da onların beynəlxalq səviyyədə bir-birinə dəstəyini daha da gücləndirir. Pakistan Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olmaqla yanaşı, həm də keçmiş Qarabağ münaqişəsində Azərbaycanın haqq səsini dünyaya çatdıran önəmli tərəfdaşdır. 2020-ci il Vətən müharibəsində Pakistanın Azərbaycanın yanında olması, siyasi dəstək verməsi qardaşlıq əlaqələrinin ən parlaq nümunəsidir. Bu hadisə həm də iki ölkənin strateji tərəfdaşlıq baxımından nə qədər möhkəm bağlandığını nümayiş etdirdi. Azərbaycan-Pakistan əlaqələri yalnız siyasi və iqtisadi tərəfdaşlıq deyil, həm də iki qardaş xalqın səmimi dostluğunun ifadəsidir. Bu münasibətlər gələcəkdə yeni yüksəlişlərə doğru gedərək, regionda sülhün və əməkdaşlığın möhkəmlənməsində böyük rol oynayacaq.
Dövlət başçısı İlham Əliyev Zirvə görüşündə, həmçinin bildirdi ki, Türkiyənin terrorçuluqla mübarizə istiqamətində əldə etdiyi uğurlar bizi ürəkdən sevindirir. PKK terror qruplaşmasının özünü ləğv etməsi və tərk-silah ilə bağlı qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyinin və əzminin, Türkiyə dövlətinin gücünün nümunəsidir. Bu tarixi hadisə yalnız Türkiyə üçün deyil, ümumilikdə bölgədə sülh və əmin-amanlıq üçün önəmli məsələdir. Bu tarixi hadisə münasibətilə qardaş Türkiyəni bir daha təbrik edirəm.
Pakistan və Hindistan arasında son gərginliyin də böyük narahatlıq hissi ilə, eləcə də sülhün və sabitliyin bərpa olunacağı ümidi ilə yaxından izlənildiyini qeyd edən cənab İlham Əliyev bildirdi ki, bu gərgin dönəmdə ilk gündən Pakistanla həmrəyliyimizi açıq şəkildə ifadə etdik. Münaqişənin dialoq və sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanan həllini dəstəkləyirik.
Cənab İlham Əliyev üç dost ölkənin liderlərinin iştirakı ilə Laçında keçirilən Müstəqillik Günü ilə bağlı bayram tədbirində də belə bir əminliyi ifadə etdi ki, bu gün bizim üçtərəfli əməkdaşlığımızın yeni səhifəsi açılır: “Əminəm ki, bu gün müzakirə etdiyimiz məsələlər, əldə edilmiş razılaşmalar bizi bir-birimizə daha da yaxın edəcək”.

Həbib Cəfərov
YAP Astara rayon təşkilatının sədri

Digər xəbərlər