Son illərdə beynəlxalq münasibətlər sistemində yaranan dəyişikliklər regional əməkdaşlıq formatlarının əhəmiyyətini daha da artırıb. Bu mənada Azərbaycan, Türkiyə və Pakistan arasında formalaşan üçtərəfli əməkdaşlıq modeli həm regional sabitlik baxımından, həm də yeni geosiyasi güc mərkəzinin təşəkkül tapması baxımından diqqət mərkəzindədir. Bu münasibətlər artıq sadəcə dostluq və qardaşlıq çərçivəsində deyil, strateji əməkdaşlıq səviyyəsində inkişaf edir. Azərbaycan, Türkiyə və Pakistan xalqları arasında mövcud olan yaxınlıq tarixi, dini və mədəni bağlarla möhkəmlənib. Bu ortaq köklər illər ərzində qarşılıqlı etimad və dəstək zəminində siyasi münasibətlərin də bərqərar olmasına səbəb olub. 44 günlük Vətən müharibəsi zamanı Türkiyə və Pakistanın Azərbaycana göstərdiyi birmənalı dəstək bu qardaşlığın bariz nümunəsi idi. Həmin dəstək, sadəcə bəyanatlarla kifayətlənməyib, regionda ədalətin bərqərar olunması yolunda ciddi siyasi iradə nümayiş etdirilib.
2020-ci ildən etibarən Azərbaycan, Türkiyə və Pakistan arasında üçtərəfli əməkdaşlıq daha sistemli və planlı şəkildə inkişaf etdirilir. Bu əməkdaşlıq siyasi və hərbi koordinasiya ilə yanaşı, iqtisadiyyat, təhsil, humanitar fəaliyyət və mədəniyyət sahələrində də genişlənməkdədir. Son olaraq, 2025-ci ilin may ayında Laçında keçirilmiş üçtərəfli Zirvə görüşü bu münasibətlərin yeni mərhələyə keçdiyini göstərdi. İşğaldan azad olunmuş bir şəhərdə belə mötəbər tədbirin keçirilməsi təkcə simvolik deyil, həm də strateji mesaj daşıyır: Azərbaycan regionda sabitliyin və əməkdaşlığın aparıcı gücünə çevrilib.
Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif birlik və həmrəyliyin əhəmiyyətini xüsusi vurğuladılar. Azərbaycan Prezidenti bildirdi ki, bu üç ölkənin həmrəyliyi təkcə region üçün deyil, qlobal miqyasda da yeni reallıqlar yaradır. Bu birlik nəinki siyasi sahədə, həm də enerji təhlükəsizliyi, ticarət yollarının inkişafı, investisiya layihələri və informasiya texnologiyaları sahələrində mühüm imkanlar açır.
Dünyada baş verən münaqişələr, enerji və qida böhranları, texnoloji hegemoniyaya can atan güclər arasında rəqabət bu cür əməkdaşlıq modellərinin aktuallığını daha da artırır. Azərbaycan, Türkiyə və Pakistan birlikdə yeni regional və qlobal güc balansına təsir etmək iqtidarındadır. Xüsusilə, nəqliyyat-logistika dəhlizlərinin inkişafı, “Orta Dəhliz” layihəsi və qarşılıqlı sərmayə təşəbbüsləri bu məqsədlərə xidmət edir.
Azərbaycan-Türkiyə-Pakistan üçlüyü artıq sadəcə diplomatik münasibətlər bloku deyil, dərin strateji əlaqələrə əsaslanan əməkdaşlıq modelidir. Bu model regionda sabitlik, təhlükəsizlik və davamlı inkişaf üçün nümunə ola bilər. Qardaş ölkələr arasında bu cür yaxın münasibətlər yalnız onların milli maraqlarını təmin etmir, eyni zamanda beynəlxalq münasibətlər sistemində ədalətli yanaşmanın və multilateralizmin də dəstəkləyicisi kimi çıxış edir.
Bu baxımdan, üç ölkə arasında formalaşan əməkdaşlıq gələcəkdə təkcə regional deyil, həm də qlobal təhlükəsizlik və inkişaf proseslərinə təsir göstərə biləcək mühüm bir güc birliyinə çevrilməkdədir.
Təvəkkül Əliyev
YAP Şuşa rayon təşkilatının sədri