"Azərbaycan mətbuatı bu 150 il ərzində həm milli, həm də bəşəri dəyərlərin daşıyıcısı kimi çıxış etmiş, zaman-zaman ağır sınaqlardan keçmiş, lakin heç zaman öz əsas missiyasından – cəmiyyətə xidmət etmək amalından dönməmişdir. Bu gün Azərbaycan mətbuatı yeni dövrün çağırışlarına cavab verməyə çalışır, rəqəmsal texnologiyaların sürətli inkişafı fonunda yenilənir və öz sözünü daha müasir formatlarda çatdırmağa çalışır". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib.Onun sözlərinə görə, mətbuatın bu tarixi missiyası qarşıdakı illərdə də davam edəcək və 150 illik zəngin təcrübə bu işdə möhkəm təməl olacaq: "Azərbaycan mətbuatının keçdiyi yola nəzər salsaq, bu inkişafda böyük xidmətləri olan şəxsləri minnətdarlıqla xatırlamalı və onları ehtiramla yad etməliyik. Əgər müstəqil Azərbaycan mətbuatından danışırıqsa, burada mütləq Ümummilli liderin – Heydər Əliyevin adını çəkməliyik. O, müstəqillik dövründə Azərbaycan mətbuatına göstərdiyi böyük diqqət və qayğı ilə bu sahənin inkişafına təkan verdi. Ümummilli liderin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan mətbuatı sanki yenidən doğuldu, yeni bir nəfəs aldı.150 il əvvəl Həsən bəy Zərdabi tərəfindən yaradılan və qaranlıqlara işıq saçan Azərbaycan mətbuatı, yaranmasından 120 il sonra – yəni 30 il əvvəl, Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə yenidən dirçəliş dövrünü yaşamağa başladı. Ölkənin digər sahələri kimi, mətbuat da böhran keçirirdi və bu böhrandan çıxışda məhz Heydər Əliyevin rəhbərliyi mühüm rol oynadı. O, jurnalistlərin ən yaxın dostu idi. Mətbuat işçilərinə, onların sosial rifahına və peşəkar fəaliyyətinə göstərdiyi diqqət bu sahənin inkişafına xidmət edirdi. Azad sözün və azad düşüncənin formalaşması üçün şərait yaradıldı.Məhz Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanda 500-dən çox mətbuat orqanı qeydiyyatdan keçdi, yeni televiziya kanalları yaradıldı. Azərbaycan mətbuatı, radiosu və televiziyası böyük bir inkişaf yolu keçərək beynəlxalq standartlara uyğunlaşmağa başladı. Bu müsbət, konstruktiv ənənə bu gün də davam etdirilir.Cənab Prezident İlham Əliyevin də Azərbaycan mətbuatına göstərdiyi diqqət və qayğı nəticəsində bu sahə daha da inkişaf edir. Artıcıl şəkildə jurnalistlər üçün çoxmərtəbəli binalar inşa olunur, onların sosial vəziyyətinin yaxşılaşdırılması üçün mühüm addımlar atılır, sərəncamlar verilir. Bütün bunlar dövlətin mətbuata verdiyi dəyərin göstəricisidir. Eyni zamanda, bu dövlət qayğısı Prezident İlham Əliyevin Azərbaycan sözünə, qələminə, jurnalist peşəsinə və bu peşənin sahiblərinə olan böyük ehtiramını nümayiş etdirir. Azərbaycan jurnalistikası sağlam niyyətli, sağlam düşüncəli bir istiqamətdə inkişaf edir.Azərbaycan jurnalistikası dövlətin və xalqın maraqlarına, ölkənin gələcək inkişafına xidmət edir. Jurnalistlərin qələmə aldıqları hər bir yazı cəmiyyətin birliyinə, ictimai fikrin formalaşmasına və gələcəyimizin işıqlı yollarla qurulmasına töhfə verir. 150 illik yubiley ərəfəsində bütün mətbuat işçilərini ürəkdən təbrik edir, onların bu şərəfli və məsuliyyətli peşədə gələcək fəaliyyətlərində uğurlar arzulayırıq. Müstəqil, suveren, azad Azərbaycanımızın uğurlarını işıqlandıracaq bu əhəmiyyətli peşənin nümayəndələrinə daim dəstək olmaq borcumuzdur".
Müəllif: Ziya Hikmətoğlu